Dünyanın diqqəti əsasən karbon qazının (CO₂) emissiyalarının azaldılmasına yönəlsə də, alimlər və iqlim ekspertləri qlobal istiləşmənin qarşısının alınması üçün digər güclü istixana qazlarının da daha ciddi şəkildə hədəfə alınmasının vacibliyini vurğulayırlar. Metan, qara karbon və troposfer ozonu kimi qısamüddətli iqlim çirkləndiricilərinin azaldılması qlobal temperatur artımının sürətini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Bu maddələrin əsas xüsusiyyəti onların atmosferdə karbon qazı qədər uzun müddət qalmamasıdır. Lakin mövcud olduqları müddətdə istilik tutmaq qabiliyyətləri çox daha güclü ola bilər. Metan qlobal istiləşməyə təsir baxımından ən mühüm qazlardan biridir. O, atmosferdə CO₂-dən daha qısa müddət qalır, lakin həmin dövrdə istiliyi daha güclü saxlayır.
Metan emissiyalarının əsas mənbələri arasında neft-qaz hasilatı və nəqli, kömür mədənləri, kənd təsərrüfatı və tullantı sektoru dayanır. Xüsusilə neft və qaz sənayesində hasilat, emal və nəqli zamanı atmosferə buraxılan metanın azaldılması nisbətən sürətli nəticə verə bilər. Çünki qazın atmosferdə qalma müddəti CO₂ ilə müqayisədə daha qısadır.
Bu isə o deməkdir ki, metan emissiyalarının azaldılması qlobal temperatur artımının yaxın onilliklərdə sürətini aşağı sala bilər. İqlim siyasətində uzunmüddətli məqsəd karbon qazı emissiyalarını azaltmaq və xalis sıfıra çatmaqdır. Lakin ekspertlərin fikrincə, yalnız CO₂-yə diqqət yetirilməsi qısa müddətdə temperatur artımının qarşısını almaq imkanlarının bir hissəsinin itirilməsi ilə nəticələnə bilər.
Metanla yanaşı, qara karbon və troposfer ozonu da iqlim sisteminə təsir edən mühüm çirkləndiricilər hesab olunur. Qara karbon əsasən yanacağın tam yanmaması nəticəsində yaranır. Dizel mühərrikləri, kömür və odunun yandırılması, meşə yanğınları onun əsas mənbələrindəndir. Qara karbon xüsusilə qar və buz səthlərinə çökdükdə onların günəş şüalarını əks etdirmə qabiliyyətini azaldır və əriməni sürətləndirir.
Qlobal istiləşmənin əsas səbəblərindən biri olan CO₂ emissiyalarının azaldılması uzunmüddətli prosesdir. Metan və digər qısamüddətli iqlim çirkləndiricilərinin azaldılması isə daha tez nəticə verə bilər. Bu səbəbdən ekspertlər həmin emissiyaların azaldılmasını iqlim siyasətində “sürətli təsir” mexanizmlərindən biri kimi qiymətləndirirlər.
Məsələn, neft və qaz sektorunda sızmaların aşkar edilməsi, avadanlıqların yenilənməsi və atmosferə metan buraxılmasının qarşısının alınması artıq mövcud texnologiyalarla mümkündür. Mütəxəssislərin yanaşmasına görə, iqlim dəyişikliyi ilə mübarizədə bir istiqamətli siyasət kifayət deyil. Uzunmüddətli perspektivdə karbon qazının emissiyalarının kəskin azaldılması əsas hədəf olaraq qalır. Bununla yanaşı, atmosferdə daha qısa müddət qalan, lakin güclü istiləşdirici təsirə malik maddələrin azaldılması da paralel aparılmalıdır.
Belə yanaşma həm qlobal temperatur artımının sürətini azaltmağa, həm də havanın keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə bilər. Dünyanın iqlim siyasətində əsas suallardan biri də məhz budur: uzunmüddətli karbon neytrallığı hədəfləri qorunmaqla, yaxın illərdə temperatur artımını daha sürətlə məhdudlaşdırmaq üçün hansı emissiyalara üstünlük verilməlidir? Metan və digər “superçirkləndiricilər” bu müzakirədə getdikcə daha mühüm yer tutur.
Lalə Mehralı
Yerli şirkət Sankt-Peterburqda 30.000 ton dənəvər kalium xlorid yükləyib...
Samara və Volqoqradda “pambıq” haqqında...
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...