PDF Oxu

İqtisadiyyat

  • 1 070

Süni intellekt dünya iqtisadiyyatını xilas edir?

image

Süni intellekt texnologiyalarına yatırılan böyük vəsaitlər dünya iqtisadiyyatının artımını dəstəkləsə də, geosiyasi gərginliklər və artan dövlət borcları gələcək üçün ciddi risklər yaradır. Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu bir qədər yüksəltsə də, ölkələr arasında iqtisadi fərqlərin dərinləşdiyinə diqqət çəkib.

BVF-nin oktyabrın 13-də açıqladığı yeni proqnoza əsasən, dünya iqtisadiyyatının 2026-cı ildə 3,1 faiz artacağı gözlənilir. Bu göstərici qurumun iyul ayında açıqladığı 3 faiz proqnozundan yüksəkdir. Bununla belə, gözlənilən artım 2025-ci ildə qeydə alınan 3,5 faizlik göstəricidən aşağıdır. 2027-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə çatacağı proqnozlaşdırılır.

BVF-nin qiymətləndirməsinə görə, proqnozun yaxşılaşmasında süni intellekt infrastrukturu və texnologiyalarına yönəldilən investisiyalar mühüm rol oynayır. Xüsusilə süni intellekt sistemlərinin qurulması və onların işləməsi üçün tələb olunan avadanlıqları istehsal edən ölkələr bu prosesdən faydalanır. Cənubi Koreya, Malayziya, Meksika və Tailand belə ölkələr sırasındadır.

Süni intellekt bütün ölkələrə eyni faydanı vermir

Texnologiyaya yatırımlar iqtisadi artımı dəstəkləsə də, bu imkanlardan bütün ölkələr eyni dərəcədə yararlana bilmir. BVF-nin hesabatında qlobal artımın getdikcə daha az sayda ölkədə cəmləşdiyi vurğulanır. Qurumun məlumatına görə, hazırda cəmi 32 ölkə dünya iqtisadi artımının 95 faizini təmin edir. Halbuki aprel ayında bu göstərici 54 ölkə təşkil edirdi. Bu vəziyyət süni intellekt texnologiyalarının inkişafında iştirak etməyən və qlobal texnoloji istehsal zəncirindən kənarda qalan iqtisadiyyatların geridə qalmaq riskini artırır.

BVF ABŞ iqtisadiyyatının 2026 və 2027-ci illərdə 2,3 faiz artacağını proqnozlaşdırır. Çin iqtisadiyyatı üzrə artımın 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. Hindistanın isə hər iki ildə 7 faizlik artımla əsas böyük iqtisadiyyatlar arasında ən sürətli inkişaf edən ölkə olacağı bildirilir.

Enerji qiymətləri və müharibə təhlükəsi

Qlobal iqtisadiyyatın qarşılaşdığı əsas risklərdən biri Yaxın Şərqdəki münaqişənin davam etməsidir. Reuters agentliyinin BVF-nin hesabatına istinadən yaydığı məlumata görə, müharibə neft qiymətlərini bir barel üçün 100 dollardan yuxarı səviyyədə saxlayıb. Enerji qiymətlərinin yüksək qalması istehsal və daşınma xərclərini artırmaqla yanaşı, inflyasiyaya da təzyiq göstərir. BVF 2026-cı ildə qlobal istehlak qiymətləri inflyasiyasının 4,7 faiz, 2027-ci ildə isə 4,1 faiz olacağını gözləyir.

Hesabatda daha əlverişsiz ssenari də nəzərdən keçirilib. Münaqişənin dərinləşməsi nəticəsində neftin qiyməti 2027-ci ilin ilk rübünədək bir barel üçün 130 dollara yüksələrsə, qlobal iqtisadi artım zəifləyə, inflyasiya isə sürətlənə bilər.

Süni intellekt investisiyaları nə vaxt riskə çevrilə bilər?

Süni intellektə yatırılan vəsaitlər iqtisadi artıma dəstək versə də, bu investisiyaların gələcəkdə gözlənilən gəliri gətirib-gətirməyəcəyi ilə bağlı qeyri-müəyyənlik qalır. Əgər texnologiyanın məhsuldarlığa real təsiri gözləntilərdən aşağı olarsa, şirkətlərin investisiyaları azaltması və texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsi mümkündür. Bu isə maliyyə bazarlarına, istehlaka və digər ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərə bilər.

Digər tərəfdən, süni intellektin daha sürətlə yayılması və investisiyaların artması əlavə iqtisadi imkanlar yarada bilər. BVF-nin ssenarilərindən birinə görə, texnologiyanın sürətli tətbiqi nəticəsində dünya üzrə ümumi daxili məhsul 2029-cu ilədək əlavə 0,6 faiz arta bilər.

Dövlət borcları da narahatlıq doğurur

BVF yüksək dövlət borclarının və borclanma xərclərinin artmasının iqtisadiyyatlar üçün əlavə təzyiq yaratdığını bildirir. Qurum hökumətləri dövlət maliyyəsini daha dayanıqlı vəziyyətə gətirməyə, borcların idarə olunması üçün orta müddətli planlar hazırlamağa çağırır.

Beləliklə, yeni proqnoz dünya iqtisadiyyatının çətinliklərə baxmayaraq artımını davam etdirə biləcəyini göstərir. Lakin bu artımın davamlılığı enerji bazarındakı vəziyyətdən, geosiyasi risklərdən, dövlət borclarının idarə edilməsindən və süni intellekt investisiyalarının real iqtisadi nəticələrindən asılı olacaq.

Lalə Mehralı

Digər xəbərlər

“Rusiya kənarda tarazlıq saxlayır..."

2027-ci ildə kəskin azalma mümkündür...

Kreml Rusiyanın biznes elitasının gözləntilərini doğrultmadı

Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...

Pekin və Brüssel iki günlük danışıqlar aparıblar

Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...