Süni intellekt investisiyaları, müharibə və artan borclar...
Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək üç əsas risk barədə xəbərdarlıq edib. Bunlar süni intellekt sektoruna yatırımların kəskin azalması, Yaxın Şərqdə münaqişənin uzanması və dövlət borclarının artmasıdır.
Reuters agentliyinin məlumatına görə, BVF 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3,1 faizə yüksəldib. İyul ayında bu göstərici 3 faiz səviyyəsində qiymətləndirilirdi. Bununla belə, fond dünya iqtisadiyyatının qarşıdakı dövrdə ciddi sınaqlarla üzləşə biləcəyini vurğulayır.
BVF-nin diqqət çəkdiyi əsas risklərdən biri süni intellekt texnologiyalarına yönələn böyük həcmli investisiyaların azalmasıdır. Hazırda məlumat mərkəzlərinin qurulması, hesablama gücünün artırılması və süni intellekt sistemlərinin inkişafı texnologiya sektorunda böyük maliyyə axını yaradır.
Lakin bu investisiyaların gözlənilən gəliri və məhsuldarlıq artımını təmin etməyəcəyi qənaəti güclənərsə, şirkətlərin bazar dəyəri aşağı düşə, investorların itkiləri arta və yeni layihələrə ayrılan vəsait azala bilər.
BVF-nin mümkün mənfi ssenarilərindən birinə əsasən, süni intellektə yatırımların kəskin azalması 2028-ci ilədək dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz azalmasına səbəb ola bilər. ABŞ iqtisadiyyatı üçün mümkün azalma 1,8 faiz səviyyəsində qiymətləndirilir. Fondun rəsmiləri bildirirlər ki, bu ssenari qaçılmaz nəticə deyil. Söhbət süni intellekt investisiyalarının zəifləməsinin iqtisadiyyata mümkün təsirini göstərən risk qiymətləndirməsindən gedir.
Yaxın Şərqdə müharibə neft qiymətlərini yüksəldə bilər
Qlobal iqtisadiyyat üçün digər ciddi təhlükə Yaxın Şərqdə münaqişənin uzanmasıdır. Müharibənin enerji təchizatına və beynəlxalq gəmiçilik marşrutlarına təsiri neft qiymətlərinin yüksəlməsinə, nəqliyyat xərclərinin artmasına və inflyasiyanın güclənməsinə səbəb ola bilər.
BVF-nin 2027-ci il üçün 3,4 faizlik qlobal iqtisadi artım proqnozu Hörmüz boğazının gələn ilin martınadək yenidən açılması və gəmiçilik şəraitinin tədricən normallaşması fərziyyəsinə əsaslanır.
Fondun hesablamalarına görə, münaqişə uzanarsa və neftin bir barelinin qiyməti 2027-ci ilin birinci rübü ərzində 130 ABŞ dollarından yüksək qalarsa, gələn il dünya iqtisadiyyatının artım tempi proqnozlaşdırılandan 0,5 faiz bəndi aşağı ola bilər.Neftin bahalaşması yalnız enerji bazarına deyil, ərzaq və sənaye məhsullarının istehsalına, daşınmasına və istehlak qiymətlərinə də təsir göstərə bilər.
BVF-nin xəbərdarlığında dövlət borclarının artması və istiqrazlar üzrə gəlirliliyin yüksəlməsi də xüsusi yer tutur. Borclanmanın bahalaşması hökumətlərin borc ödənişlərinə daha çox vəsait ayırmasına səbəb olur. Nəticədə təhsil, səhiyyə, infrastruktur və iqtisadi inkişaf proqramları üçün maliyyə imkanları məhdudlaşa bilər.
Bu problem xüsusilə inkişaf etməkdə olan ölkələr üçün aktualdır. Nigeriyanın maliyyə naziri və G24 inkişaf etməkdə olan ölkələr qrupunun sədri Taiwo Oyedele bildirib ki, bu ölkələr borc ödənişləri ilə bağlı getdikcə daha ağır yük daşıyırlar.
Onun təqdim etdiyi hesablamalara əsasən, inkişaf etməkdə olan ölkələr borclarına görə inkişaf etmiş ölkələrlə müqayisədə 500 milyard dollar daha çox vəsait ödəyirlər.
BVF hökumətləri büdcə kəsirlərini azaltmağa və dövlət maliyyəsini daha dayanıqlı vəziyyətə gətirməyə çağırır. Lakin bu tədbirlər siyasi baxımdan çətin qərarlar tələb edə bilər.
Qlobal iqtisadiyyatda tənəzzül qaçılmaz deyil
Risklərə baxmayaraq, BVF hazırkı mənfi ssenarilərin dünya iqtisadiyyatını mütləq qlobal tənəzzülə aparacağını düşünmür. Fondun qiymətləndirməsinə görə, süni intellekt investisiyalarında kəskin azalma belə iqtisadi artımı avtomatik olaraq tənəzzül səviyyəsinə endirməyə bilər.
Bununla belə, təşkilat hökumətləri və maliyyə bazarlarını mövcud dayanıqlılığa arxayın olmamağa çağırır. Süni intellekt sektorunda mümkün qiymət enişi, enerji bazarındakı qeyri-sabitlik və borclanma xərclərinin artması bir-birini gücləndirərək qlobal iqtisadiyyata daha geniş təsir göstərə bilər.
Lalə Mehralı
2027-ci ildə kəskin azalma mümkündür...
Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...
Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...
Bu, vəsaitlərin Ukraynaya yönəldilməsinə imkan verəcək...
“Naftan”da təmir işləri başlayır...