27–28 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) media nümayəndələri üçün media tur təşkil edib. Turun əsas məqsədi su təsərrüfatı sahəsində həyata keçirilən layihələrlə tanışlıq və görülən işlərin ictimaiyyətə çatdırılmasıdır.SİA xəbər verir ki, media turun ikinci günündə iştirakçılar Şirvan suvarma kanalının yenidən qurulması layihəsi ilə tanış olublar.Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən layihə ölkənin suvarma infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib. Mingəçevir su anbarından başlayan kanalın uzunluğu 122 kilometr, maksimal su sərfi isə saniyədə 78 kubmetr təşkil edib. Ölkənin ikinci ən böyük suvarma kanalı olan bu infrastruktur Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə, eləcə də yaşayış məntəqələrinin məişət suyu ilə təmin olunmasında mühüm rol oynayır.Kanalın uzun müddət istismarda olması nəticəsində torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub. Bu səbəbdən kanalın müasir tələblərə uyğun yenidən qurulması zərurəti yaranıb.Layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır. Yeni suvarma sistemlərinin yaradılması hesabına 105 min 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.Ümumi uzunluğu 204 kilometr olacaq yeni Şirvan suvarma kanalının 163,3 kilometrlik hissəsinin dəmir-beton üzlüklə, ötürmə xəttinin 18 kilometrlik hissəsinin monolit beton üzlüklə, 23 kilometrlik hissəsinin isə torpaq kanal şəklində inşası planlaşdırılır. Kanalın maksimal sugötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Layihə çərçivəsində kanal boyunca müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisi də həyata keçirilir.Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin icrasına 2024-cü ildə başlanılıb və tikinti işləri hazırda dörd mərhələ üzrə davam etdirilir. Layihə çərçivəsində inşası nəzərdə tutulan 171 hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır.Tikinti-quraşdırma işlərinin icra vəziyyətinə gəlincə, birinci mərhələ üzrə işlər 83 faiz, ikinci mərhələ üzrə 56 faiz, üçüncü mərhələ üzrə 49 faiz, dördüncü mərhələ üzrə isə 60 faiz yerinə yetirilib.Ümumilikdə, 204 kilometr uzunluğunda nəzərdə tutulan kanalın 134 kilometrində qazıntı işləri görülüb, 113 kilometrlik hissəsi beton üzlüyə alınıb.Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur. Yenidənqurma işlərinin tamamlanması ilə suvarma suyundan daha səmərəli istifadə imkanlarının genişlənəcəyi, su itkilərinin azalacağı və kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşacağı gözlənilir.
Müəllif: Günay Hacıyeva
Almaniyada işgüzar əhval-ruhiyyə indeksi ardıcıl altıncı aydır artır...
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...
Pekin dünyanı ucuz mallarla doldurur, lakin fabrikləri mənfəət itirir…
...2022-ci ilin dekabrından bəri ilk dəfə