ABŞ-İran müharibəsi Yaxın Şərq, Şimali Afrika və Pakistan iqtisadiyyatına ciddi zərbə vurub. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu regionların ümumi iqtisadi məhsulu 2026-cı ildə 1,3 faiz azalacaq. Təşkilat 2027-ci ildə isə 6,6 faizlik artım gözləyir. Bununla belə, enerji istehsalında və daşımalarında yeni fasilələr yaranarsa, iqtisadi perspektivlər daha da pisləşə bilər.
Reuters Agentliyi yazır ki, BVF-nin qiymətləndirməsinə əsasən, müharibənin təsiri ölkələr arasında bərabər bölüşdürülmür. Neft və qaz ixrac edən dövlətlər enerji istehsalının və daşımaların pozulmasından daha çox zərər görür. Neft idxal edən ölkələr isə pul köçürmələri, turizm gəlirləri və əhalini qiymət artımlarından qorumağa yönəlmiş hökumət tədbirləri sayəsində nisbətən dayanıqlı qalırlar.
Körfəz ölkələri daha ağır itkilərlə üzləşir
BVF-nin proqnozuna görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin iqtisadiyyatları 2026-cı ildə ümumilikdə daralacaq. Oman bu tendensiyanın istisnasıdır. Bəhreyn, Küveyt və Qətərdə, eləcə də şuraya daxil olmayan İraqda iqtisadi geriləmənin ikirəqəmli göstəricilərə çatacağı gözlənilir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatları da əvvəlki gözləntilərdən fərqli olaraq 2026-cı ildə tənəzzüllə üzləşə bilər.
BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bildirib ki, proqnozların kəskin aşağı salınması əsasən münaqişədən birbaşa təsirlənən iqtisadiyyatlarda cəmləşib. O, Körfəzin bir sıra neft ixracatçısı ölkələrinin bu il iqtisadi tənəzzül yaşayacağını qeyd edib.
Enerji və nəqliyyat sahələrinə zərbə
Müharibə enerji istehsalını, gəmiçilik marşrutlarını, turizmi və ticarəti pozaraq regionun iqtisadi fəallığını zəiflədib. Hörmüz boğazı ətrafında yaranan təhlükəsizlik riskləri enerji daşımalarının davamlılığı ilə bağlı qeyri-müəyyənliyi artırır. Bu vəziyyət neft və qaz ixracından asılı ölkələrin gəlirlərinə, dövlət büdcələrinə və iqtisadi artım perspektivlərinə təsir göstərir. Daşımaların çətinləşməsi isə ticarət əlaqələrini və biznes etimadını zəiflədir.
2027-ci ildə bərpa mümkündürmü?
BVF-nin əsas ssenarisi münaqişənin 2027-ci ilin əvvəlində səngiməsini və il ərzində ticarətin tədricən normallaşmasını nəzərdə tutur. Bu halda region iqtisadiyyatının 2027-ci ildə 6,6 faiz böyüməsi proqnozlaşdırılır. Lakin təşkilat vurğulayır ki, perspektivlər olduqca yüksək qeyri-müəyyənliklə müşayiət olunur. Müharibənin uzanması və enerji təchizatında yeni fasilələrin yaranması iqtisadi bərpaya mane ola biləcək əsas risklərdir.
Neft idxal edən ölkələrdə daxili tələbatı pul köçürmələri və turizm gəlirləri dəstəkləyir. Bununla yanaşı, hökumətlərin əhalini bahalaşmadan qorumağa yönəlmiş tədbirləri də iqtisadi təsirləri yumşalda bilər.BVF region ölkələrinə qiymət sabitliyini qorumağı, dövlət maliyyəsinin dayanıqlığını təmin etməyi, mərkəzi bankların müstəqilliyini saxlamağı və məhsuldarlığı artıran, yeni iş yerləri yaradan struktur islahatları həyata keçirməyi tövsiyə edir.
Lalə Mehralı
Almaniyada işgüzar əhval-ruhiyyə indeksi ardıcıl altıncı aydır artır...
Çin şirkətinin çıxış xəbəri ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan Yandex Go-nun işində genişmiqyaslı nasazlıq yaradıb...
Pekin dünyanı ucuz mallarla doldurur, lakin fabrikləri mənfəət itirir…
...2022-ci ilin dekabrından bəri ilk dəfə