PDF Oxu

İqtisadiyyat

  • 1 094

Hörmüz boğazında təhlükə: İran üç neft tankerinin minaya düşdüyünü iddia edir

Hörmüz boğazında təhlükə: İran üç neft tankerinin minaya düşdüyünü iddia edir

İran Hörmüz boğazından keçməyə çalışan üç neft tankerinin dəniz minalarına düşərək partladığını və yanğın baş verdiyini açıqlayıb. Tehran hadisənin son 24 saat ərzində baş verdiyini bildirir. Bu məlumat Yaxın Şərqdə hərbi gərginliyin artdığı və dünya enerji bazarlarının regiondakı vəziyyəti diqqətlə izlədiyi bir vaxta təsadüf edir.

Associated Press (AP) agentliyinin oktyabrın 29-da yaydığı məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri üç neft tankerinin Hörmüz boğazından icazəsiz hesab edilən marşrutla çıxmağa çalışarkən minaya düşdüyünü iddia edib. İran tərəfinin açıqlamasında bildirilir ki, gəmilər radar və naviqasiya sistemlərini söndürüb, İran hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayıblar. Nəticədə tankerlər partlayaraq yanmağa başlayıb və boğazın cənub sahillərində tərk edilib.

Lakin İran tərəfi gəmilərin adlarını, hansı ölkələrin bayrağı altında üzdüklərini və ekipaj üzvlərinin vəziyyətini açıqlamayıb. Associated Press vurğulayır ki, İranın üç tankerin minaya düşməsi ilə bağlı məlumatını müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb. Bununla belə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) oktyabrın 29-da Hörmüz boğazında hərəkət edən bir gəminin digər gəminin yanması barədə məlumat verdiyini açıqlayıb.

Hadisənin Oman sahilləri yaxınlığında baş verdiyi bildirilir. UKMTO yanğının səbəbinin, gəminin ekipajının vəziyyətinin və hadisənin İranın açıqladığı üç tankerlə əlaqəsinin məlum olmadığını qeyd edib. Beləliklə, dənizdə yanğın baş verməsi barədə məlumat olsa da, İranın iddia etdiyi üç tankerə qarşı mina hücumunun baş verdiyi hələ təsdiqlənməyib.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin ən strateji marşrutlarından biridir. Bu su yolu Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir. Dünya üzrə neft istehlakının təxminən beşdə biri bu marşrutdan daşınır. Buna görə də boğazda hərbi qarşıdurmanın genişlənməsi, gəmilərin hərəkətinin məhdudlaşdırılması və ya dəniz minaları təhlükəsi beynəlxalq enerji bazarında ciddi narahatlıq yarada bilər. Xüsusilə neft ixracından asılı olan ölkələr üçün belə hadisələr daşınma xərclərinin, sığorta haqlarının və enerji qiymətlərinin artması riskini yaradır.

Lalə Mehralı

Digər xəbərlər