Qazaxıstan Mərkəzi Asiya kənd təsərrüfatı məhsullarının Yaxın Şərq bazarlarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarından istifadə etməyi nəzərdən keçirir. Bu məsələ Qazaxıstan-İsrail Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Qüdsdə keçirilən onuncu iclasında müzakirə olunub.
Qazaxıstanın “Prodcorporation” şirkətinin İdarə Heyəti sədrinin müavini Samat Tenbayev bildirib ki, ölkəsi İsrailə 200 min tondan 500 min tona qədər ərzaqlıq buğda və digər kənd təsərrüfatı məhsullarının uzunmüddətli müqavilələr əsasında tədarükünü nəzərdən keçirməyə hazırdır.
Müzakirələrdə ixrac üçün mümkün marşrutlardan biri kimi Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizi təklif edilib. Alternativ variantlar arasında Baltik dənizi limanlarından istifadə də var.
Qeyd edək ki, İsrail hər il 2 milyon tondan çox buğda idxal edir. Bu isə Qazaxıstan üçün böyük ixrac bazarı, Azərbaycan üçün isə əlavə tranzit imkanları deməkdir. Bu marşrutun reallaşması Azərbaycanın Orta Dəhlizdəki mövqeyini möhkəmləndirməklə yanaşı, dəmir yolu, liman və logistika infrastrukturu üçün əlavə yük və gəlir yarada bilər. Eyni zamanda, Mərkəzi Asiya ilə Yaxın Şərq arasında ticarət əlaqələrinin genişlənməsində ölkəmizin rolunu artıra bilər.
Məsələnin digər tərəfi isə su resursları və aqrar texnologiyalardır. Qazaxıstan İsrailin suya qənaət edən suvarma sistemləri, təmizlənmiş tullantı sularından təkrar istifadə, rəqəmsallaşma və kənd təsərrüfatında süni intellekt tətbiqi sahəsində təcrübəsindən yararlanmaq niyyətindədir.
Müzakirə olunan əməkdaşlıq təkcə taxıl ticarəti ilə məhdudlaşmır. Bu, regionda yeni logistika əlaqələrinin formalaşması və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara çıxarılması baxımından da əhəmiyyət daşıyır. Azərbaycan üçün əsas məsələ təklif olunan marşrutun nə dərəcədə rəqabətqabiliyyətli olacağı, daşınma xərclərinin və tranzit gəlirlərinin hansı səviyyədə formalaşacağıdır.
Lalə Mehralı
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...
Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...
Sanksiyalar özünü göstərir.