Avropa İttifaqı (Aİ) yeni nəsil Avropa çip dizaynı şirkətlərinin inkişafını dəstəkləmək məqsədilə 525 milyon avroluq investisiya proqramına start verir. Bu məqsədlə Avropa Çip Dizayn Platforması yaradılıb. Anadolu Agentliyinin məlumatına görə, Avropa Komissiyası platformanın Aİ-nin Çiplər Aktı çərçivəsində fəaliyyətə başladığını açıqlayıb.
Yeni platforma çip dizaynı ilə məşğul olan şirkətlərə layihələndirmə alətləri, texniki dəstək xidmətləri, əqli mülkiyyətə aid dizayn komponentləri və istehsal imkanlarına çıxış təmin edəcək. Təşəbbüsün əsas məqsədi Avropa startaplarının innovativ ideyalarını real çiplərə çevirməsini sürətləndirmək və onların qlobal bazarda rəqabət qabiliyyətini artırmaqdır.
Proqram çərçivəsində ilkin inkişaf mərhələsində olan startaplara ideyalarının texniki baxımdan mümkünlüyünü nümayiş etdirmək üçün prototiplərin hazırlanmasına 100 min avroyadək qrant veriləcək. Daha inkişaf etmiş şirkətlər isə çiplərin hazırlanması və kommersiyalaşdırılması xərclərini qarşılamaq üçün 16 milyon avroyadək qrant üçün müraciət edə biləcəklər.
Kiçik və orta sahibkarlıq subyektləri də Avropa Çip Səriştəlilik Mərkəzləri şəbəkəsinin dəstəyindən yararlana biləcəklər. Platforma şirkətlərə təlimlər, sürətli prototipləşdirmə və qabaqcıl texnologiyalardan istifadə imkanları təqdim edəcək. Ümumi 525 milyon avroluq investisiyanın 440 milyon avrosu Aİ və iştirakçı ölkələr tərəfindən qrant şəklində ayrılacaq. Qalan 85 milyon avro isə bulud əsaslı platformanın infrastrukturuna, dəstək xidmətlərinə və açıq mənbəli çip dizaynı alətlərinin hazırlanmasına yönəldiləcək.
Avropa Komissiyasının diqqət çəkdiyi əsas məqamlardan biri Avropa çip dizaynı şirkətlərinin qlobal bazardakı mövqeyidir. Hazırda onların dünya üzrə bu sahədən əldə olunan gəlirlərdə payı 1 faizdən azdır. Yeni təşəbbüslə bu göstəricinin artırılması hədəflənir. Bu investisiyanın arxasında daha böyük strateji məqsəd dayanır: Avropa ABŞ və Çinlə müqayisədə geri qaldığı yarımkeçiricilər sektorunda mövqelərini gücləndirmək, texnoloji təchizat zəncirlərinin dayanıqlılığını artırmaq və xarici istehsalçılardan asılılığı azaltmaq istəyir. 525 milyon avroluq təşəbbüs yalnız startaplara maliyyə dəstəyi deyil, həm də Avropanın texnoloji müstəqillik strategiyasının mühüm tərkib hissəsidir.
Lalə Mehralı
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...
Ukrayna PUA zərbələri Rusiya ixracını aşağı saldı...