Süni intellekt həyatımıza girdikdən sonra gələcəkdə bir çox peşələrə təlabat azalacağı barədə informasiyalar da çoxalıb. Bu nə qədər real, nə qədər qeyri-real olacaq, gələcək göstərəcək. Lakin bəzi peşələrə təlabatın çoxalacağı da istisna olmayacaq. Bu peşələrdən birinin aktuar mütəxəssisi olacağı ehtimal edilir.
Müasir dünyada iqtisadi və maliyyə qərarlarının düzgün verilməsi yalnız mövcud vəziyyətin təhlilindən deyil, gələcəkdə baş verə biləcək hadisələrin əvvəlcədən proqnozlaşdırılmasından da asılıdır. Bu baxımdan aktuar mütəxəssisləri gələcəyin əmək bazarında əhəmiyyətini qoruyacaq peşə sahibləri sırasında yer alırlar. Aktuar mütəxəssisi çoxlarının tanımadığı, lakin sığorta, bank, pensiya və ümumilikdə maliyyə sisteminin dayanıqlılığı üçün mühüm rol oynayan peşələrdəndir.
Aktuar və ya aktuar mütəxəssisi maliyyə risklərinin qiymətləndirilməsi, mümkün itkilərin hesablanması, risklərin idarə olunması üçün həll yollarının hazırlanması və bu istiqamətdə təkliflərin verilməsi ilə məşğul olur. Onlar statistik məlumatlardan, riyazi modellərdən, ehtimal nəzəriyyəsindən və maliyyə təhlilindən istifadə edərək uzunmüddətli perspektivdə yarana biləcək hadisələrin iqtisadi nəticələrini proqnozlaşdırırlar.
Bu qiymətləndirmələr zamanı ölüm, xəsarət, xəstəlik, əlillik və ya təqaüdə çıxma kimi sosial və demoqrafik hadisələr, eləcə də oğurluq, yol-nəqliyyat hadisələri, zəlzələ, daşqın və yanğın kimi gözlənilməz risklər nəzərə alınır. Aktuar mütəxəssisi mümkün hadisələrin başvermə ehtimalını və onların maliyyə baxımından nə qədər itkiyə səbəb ola biləcəyini hesablayır. Təhlilin nəticələrinə əsasən maliyyə itkilərinin qarşısının alınması və ya minimuma endirilməsi üçün strategiyalar hazırlayır.
Aktuar mütəxəssislərinin fəaliyyəti xüsusilə sığorta sektorunda böyük əhəmiyyət daşıyır. Məsələn, sığorta şirkəti müştərilərinə həyat, avtomobil, əmlak və sağlamlıq sığortası təklif edərkən xidmətlərin qiymətini, gələcək ödənişləri və ehtiyat fondlarının həcmini düzgün müəyyənləşdirməlidir. Bu hesablamalarda mümkün risklərin yanlış qiymətləndirilməsi şirkətin ciddi maliyyə problemləri ilə üzləşməsinə, hətta müştərilərin sığorta ödənişlərini ala bilməməsinə səbəb ola bilər. Aktuarlar məhz belə risklərin əvvəlcədən hesablanmasında mühüm rol oynayırlar.
Onların fəaliyyəti yalnız sığorta ilə məhdudlaşmır. Banklar, pensiya fondları, investisiya şirkətləri, dövlət qurumları və iri müəssisələr də maliyyə risklərinin idarə edilməsində aktuarlıq biliklərindən yararlanırlar. Xüsusilə əhalinin yaşlanması, orta ömür uzunluğunun artması, pensiya sistemlərinin maliyyə dayanıqlılığı və iqlim dəyişikliklərinin iqtisadiyyata təsiri bu mütəxəssislərin işinə ehtiyacı artırır.
Rəqəmsallaşma və süni intellektin inkişafı maliyyə sektorunda yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Böyük həcmli məlumatların təhlili, kibertəhlükəsizlik, rəqəmsal fırıldaqçılıq, iqlim riskləri və qlobal iqtisadi qeyri-sabitlik şirkətləri daha dəqiq proqnozlaşdırma mexanizmləri qurmağa vadar edir. Süni intellekt və məlumat analitikası aktuarların işini sürətləndirsə də, modellərin düzgün qurulması, nəticələrin qiymətləndirilməsi və maliyyə qərarlarının əsaslandırılması üçün peşəkar mütəxəssislərə ehtiyac qalır.
Bu sahədə uğur qazanmaq istəyən şəxslər güclü riyazi və statistik biliklərə, analitik düşünmə qabiliyyətinə, maliyyə və iqtisadiyyat sahəsində anlayışlara malik olmalıdırlar. Bundan əlavə, proqramlaşdırma, məlumatların təhlili və süni intellekt alətləri ilə işləmək bacarığı da getdikcə daha çox əhəmiyyət qazanır. Aktuar mütəxəssisi olmaq üçün riyaziyyat, statistika, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil almaq məqsədəuyğundur. Bir sıra ölkələrdə peşəkar aktuar statusu əldə etmək üçün xüsusi imtahanlardan keçmək və müvafiq sertifikatlar qazanmaq tələb olunur.
Aktuar mütəxəssisi yalnız rəqəmlərlə işləyən maliyyə işçisi deyil, həm də gələcəkdə baş verə biləcək iqtisadi riskləri əvvəlcədən görməyə və onların nəticələrini idarə etməyə kömək edən strateji mütəxəssisdir. Qeyri-müəyyənliyin artdığı müasir dünyada bu peşənin əhəmiyyəti daha da yüksəlir.
Doğrudur, Sİ bir çox sahədə işimizi yüngülləşdirəcək, bu texnologiya aktuarların da işini asanlaşdıra bilər, lakin onların peşəsini avtomatik olaraq əvəzləyə bilməz. Çünki risk modellərinin yoxlanılması və nəticələrə görə məsuliyyət daşıyan konkret mütəxəssislərə ehtiyac var.
Lalə Mehralı
ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...
Çinin regionda öz maraqları var...
... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...
Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...
Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...
İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...