PDF Oxu

İqtisadiyyat

  • 938

Milyardlardan trilyonlara: texnologiya nəhənglərinin birja debütü

Milyardlardan trilyonlara: texnologiya nəhənglərinin birja debütü

Süni intellekt şirkəti Anthropic gələn həftə gözlənilən ilkin kütləvi səhm təklifindən (IPO) sonra birjada ticarətə başlayarkən, onun səhmlərinin ilk bir neçə həftə ərzindəki qiyməti böyük ölçüdə səhmləri almaq istəyənlərdən deyil, onları almağa məcbur olan investorların davranışından asılı olacaq. İnvestorlar bu prosesin necə inkişaf edəcəyini anlamaq üçün SpaceX şirkətinin iyun ayında uğurla həyata keçirdiyi birja debütünü araşdırırlar.

Reuters yazır ki, İlon Maskın SpaceX şirkəti nəhəng şirkətlərin fond bazarında yerləşdirilməsi ilə bağlı mövcud yanaşmanı dəyişib. Nasdaq kimi ABŞ-ın əsas indeks təminatçıları şirkətin birjada ticarətə başladığı ilk 15 gün ərzində passiv investisiya fondlarının böyük həcmdə səhm almasını təmin etmək üçün qaydalarını yenidən nəzərdən keçiriblər.

İnvestorlar eyni vəziyyətin Anthropic ilə də təkrarlanacağını gözləyirlər. Claude çatbotunun yaradıcısı olan şirkət hər biri 70-78 dollar qiymətində 825 milyon səhm satmaqla 64,4 milyard dollaradək vəsait cəlb etməyi hədəfləyir. Bu halda şirkətin bazar dəyəri 1,4 trilyon dollara çata bilər.

Əvvəllər əsas indeks təminatçıları şirkətləri birjada debüt etdikdən yalnız bir neçə həftə və ya ay sonra öz indekslərinə daxil edirdilər. Lakin SpaceX-də olduğu kimi, Anthropic də birjada yerləşdirildikdən sonra 5-15 gün ərzində FTSE-nin ABŞ indeksi, S&P Total Market Index və Nasdaq 100 daxil olmaqla, ən azı altı böyük indeksə daxil ediləcək.

Berenberg bankının Londonda yerləşən indeks hadisələri üzrə rəhbəri Karsten Hesse bildirib: “Anthropic-in IPO-su SpaceX-in IPO-sunun demək olar ki, eyni modelidir. Bu baxımdan, ticarətin ilk 15 günü ərzində indekslərlə bağlı eyni hərəkətverici amillər müşahidə olunacaq”.

Londonda yerləşən indekslərin yenidən balanslaşdırılması üzrə analitika şirkəti Intropic-in hesablamalarına görə, indeksləri izləyən fondların passiv tələbi Anthropic-in satışa çıxarılan səhmlərinin təxminən 28 faizini, yəni təqribən 19 milyard dolları təşkil edəcək. İndekslərin yenidən balanslaşdırılması ilə məşğul olan fondlar və hedc-fondlar gözlənilən passiv tələbdən əvvəl mövqe tutmaq üçün səhmləri almağa çalışacaqlar.

SpaceX 75 milyard dollarlıq səhm təklifinin beşdə birini fərdi investorlar üçün ayırmışdı. Bu, adi göstəricidən iki dəfədən çox idi. Anthropic də eyni strategiyanı tətbiq edir. İndeks fondları və fərdi investorlar SpaceX-in satışa çıxardığı səhmlərin demək olar ki, yarısını almış, digər fond menecerləri də gözlənilən tələbə uyğun mövqe tutmuşdular. Bu, ilkin mərhələdə ictimaiyyətə təklif olunan səhmlərin qiymətinin yüksəlməsinə təkan vermişdi. Eyni zamanda, Anthropic-in IPO-su çərçivəsində şirkətin dövriyyədə olan bütün səhmlərinin yalnız təxminən 6 faizi satışa çıxarılır.

Həm SpaceX, həm də iyul ayında Nasdaq-da birjada yerləşdirilən Cənubi Koreyanın SK Hynix şirkətinin səhmləri ticarətin üçüncü günündə kəskin bahalaşmışdı. Məhz həmin gün səhm opsionları ilə ticarətə başlanılmış, bu törəmə maliyyə alətlərində mövqe tutan spekulyativ investorlar risklərini sığortalamaq məqsədilə səhmlər almışdılar.

Analitiklərin fikrincə, Anthropic səhmlərində də ilk günlərdə oxşar alış aktivliyi müşahidə olunacaq. Karsten Hesse bildirib: “İndekslərdə dəyişikliklərin və ya şirkətlərin indekslərə daxil edilməsinin həyata keçirilməsini görmək üçün beşinci, onuncu və ya on beşinci günü gözləmək lazım deyil. SpaceX nümunəsində gördüyümüz kimi, investorlar səhmləri əvvəlcədən almağa başlayırlar”.

İndeks ticarətində inqilabi dəyişiklik

SpaceX səhmləri birjada ticarətin üçüncü günündə ilkin qiyməti olan 150 dollarla müqayisədə 50 faiz bahalaşmışdı. Səhmlər ilk 15 gün ərzində 135 dollarlıq IPO satış qiymətindən xeyli yüksək səviyyədə qalmışdı. Bundan sonra isə şirkətin əməkdaşlarına və IPO-dan əvvəlki investorlara səhmlərini satmağa icazə verən məhdudiyyət müddətlərinin mərhələli şəkildə başa çatması ərəfəsində qiymətlər aşağı düşməyə başlamışdı.

Intropic şirkətinin səhmlər üzrə analitiki Ruben Pathmanathan bildirib ki, qiymət dəyişikliklərinə həssas olmayan tələb bu yüksəliş tendensiyasını gücləndirib. Onun sözlərinə görə, SpaceX-i digər şirkətlər üçün mümkün nümunəyə çevirən amil birja yerləşdirilməsi zamanı bir neçə bazar qüvvəsinin eyni vaxtda bir araya gəlməsi olub: indekslərə daxil edilmə, passiv investorların tələbi və sərbəst dövriyyədə olan səhmlərin məhdudluğu. Bütün bunlar səhmlərin qiymətinin müəyyənləşdirilməsinə və ilk ticarət günlərindəki hərəkətinə təsir göstərib.

Anthropic-in səhmlərinin dinamikası bir qədər fərqli ola bilər. Çünki şirkət kapitalının təxminən 15 faizinə sahib olan əməkdaşlarına səhmlərinin müəyyən hissəsini elə ilk gündən satmağa icazə verir. Anthropic həmçinin Alphabet şirkətinin Google-u, Nvidia və Advanced Micro Devices daxil olmaqla, əsas investorlarla ayrıca özəl satış vasitəsilə 26 milyard dollar vəsait cəlb edir. Bu səhmlərə satış məhdudiyyəti tətbiq edilmir. Yeni indeks qaydaları və böyük həcmli kapital axınları indekslərin yenidən balanslaşdırılması əməliyyatlarından gəlir əldə edən fondlar üçün vəziyyəti köklü şəkildə dəyişib.

Invesco şirkətinin ETF və indeks investisiyaları üzrə qlobal rəhbəri Brayan Hartiqan nəhəng IPO-ların yeniliyini belə şərh edib: “Bu, bazarın müəyyən mənada təkamülüdür”. O, xüsusilə birjada yerləşdirilməzdən əvvəl böyük həcmdə özəl investor paylarına malik olan nəhəng şirkətlərin bazara çıxmasını nəzərdə tutub.

Ənənəvi olaraq, indekslərin yenidən balanslaşdırılması ilə bağlı əməliyyatlar IPO-nun həcmi ilə məhdudlaşırdı. Çünki çoxsaylı fondlar məhdud passiv tələbdən əvvəl mövqe tutmağa çalışırdılar. Nəhəng IPO-larda isə bu problem daha az əhəmiyyət kəsb edir. Candriam şirkətinin səhmlər üzrə neytral strategiya rəhbəri Celia Fseil bildirib: “Bu, arbitraj fəaliyyəti ilə məşğul olan investorların maraq göstərdiyi fürsət növüdür. Çünki həddindən artıq sıxlıq yaranması riski daha məhduddur”.

Bloomberg-in məlumatına görə, Millennium Management şirkətində indeks dəyişiklikləri üzrə ticarətlə məşğul olan iki komanda iyun ayında 3,7 milyard dollar qazanc əldə edib. Millennium bu məlumatı təsdiqləməyib. ABŞ-ın Konnektikut ştatında yerləşən Altisma Capital Management şirkətinin investisiya direktoru Bill Park bildirib: “Əgər indekslərin yenidən balanslaşdırılması ilə məşğul olursunuzsa, bunlar, yəqin ki, həyatınızda rastlaşa biləcəyiniz ən böyük fürsətlərdir”.

Lalə Mehralı

Digər xəbərlər

Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...
Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...

ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...

Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir
Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir

... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir
Rusiya bankları maliyyə “bombası”nın üzərindədir

Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır
Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır

Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...

Bazar 60 faiz kiçilib
Bazar 60 faiz kiçilib

İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...