PDF Oxu

İqtisadiyyat

  • 17

Əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlir

Əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlir
Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyi məsələsidir. Kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi ərzaq təhlükəsizliyinin təminatıdır. Respublikada əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir.
Aqrar sahənin və sahibkarlığın inkişaf etdirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və münbitliyinin artırılması, rəqabət qabiliyyətli məhsul istehsalı, regionlarda sahibkarlara texniki-maliyyə köməyinin göstərilməsi mexanizminin dərinləşdirilməsi, emal və yeyinti sənayesinin xammala və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli mənbələr hesabına ödənilməsi və istehsalçıların stimullaşdırılması məqsədilə ölkə başçısı daha ciddi tədbirlər sistemi həyata keçirməklə bağlı qarşıya yeni vəzifələr qoymuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çox mühüm əhəmiyyətli sənəd kimi bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu proqramın əsas məqsədi ölkə vətəndaşlarının ərzaq təhlükəsizliyinin səmərəli şəkildə təmin olunmasına yönəldilmişdir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də, cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün, davamlı olaraq, müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Məlumdur ki, son illərdə dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, inkişaf etmiş ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, həmçinin, Yer kürəsi əhalisinin artması ilə əlaqədar ərzaq məhsullarına tələbatın artması, habelə, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə, dünya bazarlarında qiymətlər xeyli yüksəlmiş, bəzi ölkələrdə isə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir. Burada əsas diqqət milli ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasət nəticəsində son illər Azərbaycan əhalisi üçün ərzağın iqtisadi əlyetərliyi məsələsinin həllində böyük uğurlar əldə edilmişdir. Azərbaycanda yoxsulluğun azaldılması nəticəsində ölkə əhalisinin maliyyə gəlirləri xeyli artmış, alıcılıq qabiliyyəti yüksəlmişdir. Statistik məlumatlara görə, 2000-ci ildə Azərbaycanda adambaşına düşən orta illik gəlir 510,5 manat təşkil etmişdirsə, 2008-ci ildə bu göstərici 2343,2 manata çatmışdır. Müqayisə olunan dövr ərzində Azərbaycanda adambaşına düşən orta illik gəlir 4,6 dəfə artmışdır. Bu isə, o deməkdir ki, ərzaq təhlükəsizliyinin iqtisadi əlyetərlik komponenti üzrə yaxşı nəticələr qazanılmışdır.
Dövlət tərəfindən hayata keçirilən dəstək proqramlarının səmərəliliyinin daha da artırılması və yerli istehsalçıların qlobal bazarda rəqabət qabiliyyətliliyinin yüksəldilməsi üçün Azərbaycanın kənd təsərrüfatında təmərküzləşməyə böyük ehtiyac var idi. Kənd təsərrüfatı həddən artıq pərakəndə vəziyyətdə idi. Hazırda respublika üzrə özəlləşdirilmiş torpaqların 85-87 faizi fərdi, ailə və xırda kəndli (fermer) təsərrüfatlarında becərilir. Statistik məlumatlara görə, 2008-ci ildə ümumi kənd məhsulunun məhz 95 faizi belə təsərrüfat subyektlərində istehsal edilmişdir. Əlbəttə, bu cür pərakəndəlik, bir tərəfdən, dövlətin həyata keçirdiyi kənd təsərrüfatına dəstək layihələrinin səmərəlik səviyyəsinə, digər tərəfdən isə, sahibkarlıq subyektlərinin istehsal və iqtisadi münasibətlərinin keyfiyyətinə mənfi təsir göstərir, onların rəqabət qabiliyyətliyini zəiflədirdi. Odur ki, ərzaq təhlükəsizliyi tədbirlərinin əsas elementlərindən biri də kənd təsərrüfatında təşkilatlanma məsələsi idi. Bu məqsədlə ərzaq təhlükəsizliyi məsələsi kəskinləşdiyi dövrdə xüsusi Dövlət Proqramı qəbul edildi. "Aqrolizinq"in, aqroservislərin yaradılması, fermerlərə güzəştli şərtlərlə gübrə və yanacağın verilməsi, son beş il ərzində Azərbaycana dövlət xətti ilə 7 min kənd təsərrüfatı texnikası - traktorlar, kombaynlar, digər texnikaların gətirilməsi və icarə əsasları ilə fermerlərə paylanması ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm tədbirlər oldu. Həmçinin, anbarlar tikildi, taxıl istehsalı üçün lazım olan əlavə tədbirlər görüldü, habelə, fermerlərə xarici ölkələrdən cins mal-qaranın alınması üçün sistemli tədbirlər həyata keçirildi və keçirilir. Bütün bunlar 2008-ci ildə kənd təsərrüfatı istehsalının 8,3 faiz artmasına imkan yaratdı, həmçinin, ötən il taxıl istehsalı 400 min ton artdı.
Ümumiyyətlə, ölkədə ərzaq bolluğunun yaradılması yolu milli iqtisadiyyatımızın hərtərəfli gücləndirilməsindən, ilk növbədə, aqrar-sənaye kompleksinin, o cümlədən, ərzaq kompleksinin sürətlə inkişaf etdirilməsindən keçir. Odur ki, ərzaq kompleksinin, onun aparıcı sahəsi olan kənd təsərrüfatının daha da sürətlə dirçəldilməsi, bu sahədə dövlət dəstəyinin artırılması məsələləri müasir iqtisadi siyasətimizin başlıca istiqamətlərindən birinə çevrilməlidir. Hesablamalar göstərir ki, son dövrlər dinamik şəkildə və nəzərəçarpacaq həcmdə artan dövlət büdcəmizdən aqrar sektorun inkişafına hər il orta hesabla 400-450 milyon manat vəsait yönəldilərsə, kənd təsərrüfatı məhsullarının istehsalında 8-10 faizlik artım əldə olunar. Belə artım isə, öz növbəsində, yaxın gələcəkdə daxili ərzaq bazarının bolluğuna və yetərli sabitliyinə gətirib çıxarar ki, bu da əhalimizin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi kimi çox vacib bir problemin uğurlu həllinə səbəb olar. Ərzaq təhlükəsizliyi proqramının uğurlu icrası üçün ölkənin işlək qanunları olmalıdır. Təqdirəlayiq haldır ki, ölkəmizdə aqrar sferanın bütün bölmələrini əhatə edən mükəmməl qanunvericilik bazası yaradılıb. "Fitosanitar nəzarəti haqqında", "Bağ təsərrüfatı haqqında", "Dövlət torpaqları haqqında", "Arıçılıq haqqında", "Toxumçuluq haqqında", "Bitkiçilik haqqında", "Damazlıq heyvandarlığı haqqında" kimi qanunlar ərzaq təhlükəsizliyi ilə bağlı mükəmməl dövlət siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir.

Digər xəbərlər