PDF Oxu

İqtisadiyyat

  • 9

Regionların sosial-iqtisadi inkişaf proqramı ən ciddi proqramdır

Regionların sosial-iqtisadi inkişaf proqramı ən ciddi proqramdır
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi inkişafla bağlı ən ciddi proqramdır. Bu proqramın ciddiliyi onda idi ki, ilk dəfə olaraq ölkədə iqtisadiyyat Bakıdan regionlara transfer olunurdu. 2004-2008-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramının birinci mərhələsi başa çatdı. Bu mərəhələdə Azərbaycanın regionlarında sürətli iqtisadi inkişaf etdi.
Millət vəkili Vahid Əhmədov bildirdi ki, birinci Dövlət Proqramına əsasən, regionlarda çox işlər görülüb. Builki proqram əsas infrastruktur layihələrin həyata keçirilməsidir. Proqram çərçivəsində yollar, elektrik enerjisi, qaz, su və s. bu kimi problemlərin hardasa 50-60 faiz həll olundu. Faktiki olaraq, regionlarda sahibkarlığın inkişafı üçün müəyyən şərait yarandı: "2009-2013-cü illərin proqramı yarımçıq qalan layihələri yekunlaşdırmaq və həyata keçirməkdən ibarətdir. Proqrama yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı, enerji sahəsində müəyyən təkmilləşdirmə və s. daxildir. Yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan proqram böyük və normaldır".
Millət vəkili dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirindən danışdı. Qeyd etdi ki, maliyyə böhranının ölkəmizə müəyyən qədər təsiri var: "Tikinti bazarında xüsusi enmələrin şahidi olmuşuq. Kredit bazarında, bank sistemində müəyyən qədər problemlər var. Düzdür, hökumət bir sıra addımlar atdı. Mərkəzi Bankda müəyyən əməliyyatlar həyata keçirdi, kredit dərəcələri aşağı salındı. Bütün bunlar müəyyən canlanma yaratmaq ötrü idi. Amma bilirsiniz ki, ölkəmiz neft ixrac edən ölkədir. Neftin qiyməti birinci yarımildə hardasa, 54-55 ABŞ dollar oldu. İkinci yarımildə bu səviyyədə olsa, Azərbaycan gəlirlərdən məhrum olacaq. Bütün bunlara baxmayaraq, ikinci bir variant da var ki, ölkəmiz artıq "Şahdəniz" yatağından qazın ixracına başlayab. Qazın ixracı ilə əlaqədar ola bilsin ki, kompensasiya etsin. Dünyada elə ölkə yoxdur ki, böhran ona təsir etməsin. Hesab edirəm ki, Azərbaycan böhrandan müəyyən qədər problemi aradan qaldıra bildi. Dövlət başçısının apardığı siyasət nəticəsində bundan sonra da nailiyyətlər əldə olunacaq. Hökumət ehtiyatda olan vəsaiti yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına sərf edəcək. Müəyyən qədər böhranın qarşısını almaq mümkün olacaq".
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, Dövlət Proqramı ilə əlaqədar olaraq, Azərbaycan dövləti özü gələcək iqtisadi, ərzaq təhlükəsizliyi strategiyasını müəyyən etdi. Həmçinin, ölkə urbanazasiya problemini müəyyənləşdirdi. Yəni, öləkədə artıq şəhərləşmə yox, kəndlərin şəhərləşməsi gündəmə gəldi. O, qeyd etdi ki, ilk dəfə olaraq, MDB məkanında urbanizasiya problemini Azərbaycan gündəmə gətirdi: "Rayonlarda hər şeyi yüksək səviyyədə həyata keçirmək çətin idi, həm fiziki, həm də maliyyə cəhətdən, amma Azərbaycan hökuməti bunu bacardı. Proqram çərçivəsində işsizlik problemi aradan qaldırıldı. Cənab Prezidentin söz verdiyi kimi 5 il ərzində 700 minə yaxın iş yeri açıldı. Proqramın ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, proqram qəbul olunmamışdan qabaq ərzaq təhlükəsizliyini 35-40 faiz arasında həll edə bilirdi. İndi artıq ilk dəfədir ki, bir sıra sahələrdə 60 faizin üzərinə çıxdı. Taxıl təhlükəsizliyi, digər ərzaq növləri ilə bağlı, ət, ət məhsulları, süd, süd məhsulları ilə ölkəmiz 70 faizin üzərində özünü təmin edə bilir. Ümumilikdə, ölkəmizin ərzaq təhlükəsizliyi 5 il ərzində 15-20 faiz artıb. Dünyanın heç bir yerində qısa müddət ərzində illik ərzaq təhlükəsizliyinin hardasa 3-4 faiz civarında həll edilməsi məsələsi çox çətin idi. Amma Azərbaycan bunu bacardı".
C.Nuriyev onu da bildirdi ki, ölkənin regionlarında ayrı-seçkilik yoxdur. Birmənalı şəkildə, hamısında iqtisadi inkişaf tempi çox yüksək surətlə gedir: "Bu müddət ərzində 8 regionda olimpiya kompleksi tikildi. Proqramın gedişində bölgələrə, bu müddət ərzində, 6 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycan üçün qısa bir müddət ərzində bu qədər sərmayə yatızdırmaq böyük bir şeydir". İkinci Dövlət Proqramına gəldikdə, iqtisadçı vurğuladı ki, bu proqramda Azərbaycanın ərzaq təhlükəsizliyini 75 faizin üzərinə götürəcək. İkincisi, məcburi köçkünlərimizin işğal olunmuş rayonlara qaytarılması nəzərdə tutulub. Bölgələrdə sürətli iqtisadi inkişafın əsas göstəricilərindən biri daim iş yerlərinin olması, fabrik və zavodların açılmasıdır. Xüsusilə, aqrar sahəyə çox ciddi fikir verilir. Yəni, qeyri-neft sektorunun gücləndirilməsi ikinci proqramın əsas özəlliklərindən biridir. Bundan başqa, mühüm bir məsələ əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsidir. Bununla bağlı proqramda mühüm irəliləyişlər olacaq".

Digər xəbərlər