İqtisadi tərəfdaşlıq genişlənir
Azərbaycanın Baş naziri Artur Rasizadə Azərbaycanda işgüzar səfərdə olan Belarusun Baş naziri Sergey Sidorski ilə görüşüb. Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən əvvəl Baş nazirlərin təkbətək görüşü olub.
Sonra geniş tərkibdə görüşdə Baş nazir Artur Rasizadə Azərbaycanla Belarus arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal inkişaf edən münasibətləri yüksək qiymətləndiriblər. Qlobal maliyyə böhranı şəraitində Azərbaycan və Belarus iqtisadiyyatları yüksək inkişaf sürətini saxlaya bilmişlər. Bütün bunlar iki ölkə rəhbərinin uğurlu iqtisadi siyasəti sayəsində mümkün olub.
Azərbaycan hökumətinin başçısı qeyd edib ki, Azərbaycan Belarus ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etmək əzmindədir. İqtisadi sahədə əlaqələrin real nəticələri artıq göz qabağındadır. Məsələn, Gəncə avtomobil zavodunda "Belarus" traktorlarının və digər kənd təsərrüfatı texnikası yığılmağa başlanılıb. Bu texnikanı Azərbaycanla həmhüdud ölkələrə ixrac etmək nəzərdə tutulur. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir. Belarusun Baş naziri öz çıxışında iki il bundan əvvəl ölkəmizə son səfərindən sonra Azərbaycan paytaxtında çox böyük dəyişikliklər olduğunu qeyd edib. O, əməkdaşlığın konkret sahələrindən söhbət açaraq vurğulayıb ki, Belarus kənd təsərrüfatı məhsullarının emalı, yol tikintisi üçün texnika istehsalı və maşınqayırma sahələrində birgə müəssisələr yaradılmasına maraq göstərir.