Azərbaycanın kompleks inkişaf prioritetləri:
Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Azad və demokratik cəmiyyət inkişafın əsasıdır.
Bütün vacib iqtisadi və siyasi məsələlərlə yanaşı, əlbəttə ki, ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. "Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlar müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi sahədə və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda tətbiq etməliyik."
Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması, sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açır.
Bir məqamı da xüsusi qeyd etməliyik ki, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə danışmaq mümkün deyil. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin yüksək səviyyədə təmin olunduğu şəraitdə inkişaf edir ki, Azərbaycanda da bu sahədə heç bir problem yoxdur.
Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınması iqtisadi və siyasi islahatların vəhdətliyindən irəli gəlir. Zaman təsbiqlədi ki, qəbul olunan qanunlar, Konstitusiyamız mütləq həqiqət kimi qəbul olunmur, daim dövrün tələbinə uyğun olaraq təkmilləşir, yeniləşir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.
Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.
O cümlədən, Azərbaycanda azad mətbuatın inkişafı da beynəlxalq təşkilatların və dövlətlərin əsas diqqət göstərdiyi məsələlərdəndir. KİV-lərin inkişafına dair Konsepsiyanın təsdiqlənməsi, onlara birdəfəlik maliyyə yardımının ediməsi ilə bağlı sərəncamın imzalanması, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərə əyani sübut kimi qeyd edilir.
Plüralist cəmiyyətdə partiyaların və siyasi təşkilatların rolu çox yüksəkdir. Partiyaların səmərəli fəaliyyəti siyasi sabitliyin və demokratik dəyişikliklərin ən mühüm amilidir. Bu gün əsas müzakirə mövzularından biri "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsidir. Qanunun 1992-ci ildə qəbul olunduğunu nəzərə alsaq, əlavə və dəyişikliyə böyük ehtiyacın olduğu aydındır.
Son illərdə Azərbaycan hər bir sahədə böyük uğurlara imza atıb. Bu inkişaf qanunlarımızda öz əksini tapdığından "Siyasi partiyalar haqqında" qanuna da əlavə və dəyişikliklərin edilməsi vacib və əhəmiyyətlidir. Daha çox diqqət göstərilən məsələ siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsidir. Bu təşəbbüs partiya sisteminin inkişafı üçün yeni imkanlar açır. Dövlət tərəfindən maliyyələşmə siyasi partiyaların fəaliyyətində lazımi şəffaflığı təmin edir. Bu isə Azərbaycanda açıq və demokratik cəmiyyət qurmaq istəyinə uyğundur.
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi üçün əsas amil əhalinin dəstəyidir. Bu əsasən partiyaların seçkilərdə topladığı səslərdə özünü göstərir. Dünya təcrübəsinə əsasən seçkilərin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş səviyyəyə nail olmuş partiyalara büdcə vəsaitləri ayrılır.
Ümumiyyətlə, müasir dövrdə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mütərəqqi və vacib addımdır. Parlamentdə təmsil olunan siyasi partiyaların birbaşa dövlət maliyyələşdirməsi inkişaf etmiş demokratik ölkələrin çoxunda müasir seçki sisteminin mühüm elementidir. Demokratik, dünya təcrübəsinə üstünlük verən ölkəmizdə də siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsində bu kriteriyaya önəm verilməsinin vacibliyi bildirilir.
İnkaredilməzdir ki, maliyyələşməsi bu və ya digər dövlətlərdən, qurumlardan asılı olan siyasi partiyalar, ictimai birliklər onların diktəsi ilə addım atacaqdır. Bunun isə mənfi təsiri ölkəmizə dəyə bilər. Xüsusən, Azərbaycanda öz maraqlarına nail olmağa çalışan xarici dairələr həmin partiyalara, birliklərə maliyyə dəstəyi göstərir. Xarici himayədarlarının ölkədə keçirilən parlament seçkiləri ərəfəsində göstərdikləri canfəşanlıqlar da onların çirkin niyyətlərinin nədən ibarət olduğunu açıqlayır.
Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiya, 3000-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasının təzahürüdür. Demokratikləşmə prosesinin sürətləndirilməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək dəyərləndirən Azərbaycan hakimiyyəti üçüncü sektorun inkişafına xüsusi diqqət göstərir.
Ölkədə keçirilən seçki proseslərində QHT-lərin iştirakının yüksək səviyyədə təmin olunması, eyni zamanda, onlara dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq Prezident yanında Dövlət Dəstəyi Şurasının yaradılması da xüsusi qeyd olunmalıdır.
Dövlət başçısı İlham Əliyev bildirir: "Biz hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla müasirləşməsindən asılı olacaqdır. Yəni demokratik islahatların inkişaf etdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, cəmiyyətimizin müasirləşdirilməsi siyasətində daha fəal olmağımızdan asılı olacaqdır."
Butün bu sadalananlar bir daha təsdiqləyir ki, iqtisadi tərəqqi, vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın möhkəmlənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritetləridir. Bu prioritetlər isə, ölkəmizin böyük gələcəyə aparır.