Müsahibə

  • 9 464

Seçki günü xalqımızın qalib Liderimizə səs verəcəyi şübhəsizdir

image

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov

- Anar müəllim, fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərini şərtləndirən amillər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bu seçkilərin nə üçün növbədənkənar keçirilməsi məsələsinə aydınlıq gətirdi. 2023-cü il 19-20 sentyabr tarixlərində antiterror tədbirləri və bunun nəticəsi olaraq Azərbaycanın suverenliyinin bərpası və bütövləşməsindən sonra prezident seçkilərinə ehtiyac yarandı. Məlumdur ki, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və nəhayət 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri Azərbaycan xalqının Qarabağla bağlı arzularını reallaşdırdı, Qarabağ və ətraf bölgələr işğaldan azad edildi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun illər üçrəngli bayrağımız Qarabağ və ətraf ərazilərdə dalğalanmadı, milli valyutamız tədavülə buraxılmadı. Çünki erməni separatçı qüvvələri bu əraziləri işğal altında saxlayaraq yüz minlərlə azərbaycanlını qaçqın və köçkün həyatını yaşamağa məcbur etdilər. Müstəqillik illərində Azərbaycanın bütün ərazilərində nə prezident, nə parlament, nə də bələdiyyə seçkiləri keçirmək mümkün oldu. 2023-cü ilin sentyabrında milli qüvvələr tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra erməni hərbi birləşmələri Azərbaycan torpaqlarını tərk etməyə məcbur edildi, separatçı qüvvələr təslim edildi. Beləliklə, bütün Azərbaycan ərazisində ilk dəfə fevral ayının 7-də prezident seçkiləri keçiriləcək. Seçkilərin keçirilməsi zəruri idi. Bu mənada 2024-cü il fevral ayının 7-də keçiriləcək seçki Azərbaycan dövlət başçısının dili ilə desək, yeni dövrün başlanğıcıdır. Bu seçki Azərbaycan tarixinə şərəfli bir səhifə kimi yazılacaq.
- Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən 20 il ərzində möhtəşəm inkişaf yolu keçib. Bir ziyalı olaraq sizin bu inkişaf yolu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkilərində xalqın mütləq səsini qazanaraq hakimiyyətə gəldikdən sonra elan etdi ki, o, hər bir vətəndaşın Prezidenti olacaq. Təbii ki, xalqın bu seçiminin ciddi əsasları var idi. Bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf, tərəqqi və torpaqlarımızı işğaldan azad etmək üçün konsepsiya, eyni zamanda, ölkə rəhbəri İlham Əliyevin konsepsiyası oldu. Bütün Azərbaycan xalqını vahid bir gücə çevirmək, güclü ordu yaratmaq və s. 20 illik hakimiyyətin ən böyük uğurları oldu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərtlərini qeyd edərkən xalq və iqtidar birliyinin yaranması, onun dəmir gücə çevrilməsinin Azərbaycan xalqının sonrakı taleyi üçün uğurlu bir başlanğıc adlandırdı. Bundan əlavə, Qarabağ probleminin tarixiliyinin və hüquqiliyinin bütün dünyaya çatdırılması, dövrün sənədlərinin təhlil olunması ikinci əsas şərt oldu. Üçüncüsü isə güclü iqtisadiyyat idi. Dövlət başçısının dili ilə desək, “Əsrin müqaviləsi” və bunun nəticəsi olaraq Azərbaycan iqtisadiyyatının güclənməsi bilavasitə güclü ordunun yaradılmasını da şərtləndirdi. Dövlət başçısı 2003-cü ildən azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə, dünya azərbaycanlılarını birləşdirməklə, Azərbaycanın haqq işini müdafiə etməklə, əslində mövcud problemin bütün dünyaya çatdırılması üçün böyük güc topladı. Bunun nəticəsi idi ki, ölkə iqtisadi cəhətdən inkişaf etdi, dünya dövlətləri içərisində Azərbaycanın haqq işini müdafiə edən ölkələrin sayı artdı. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi və təşkilata daxil olan dövlətlərin dəstəyini qazanması təbii ki, cənab İlham Əliyevin xidmətlərinin nəticəsi idi. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarının işində iştirak edərək Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu dəfələrlə bəyan etdi. Azərbaycan onu da bəyan edirdi ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, hərb yolu ilə həll ediləcək. İşğal dövründə müəyyən Qərb dairələri Azərbaycanı reallıqlarla barışmağa, işğal faktını qəbul etməyə çalışdılar. Lakin həmin dairələr anlaya bilmirdilər ki, Azərbaycanın dövlət başçısı cəsarətinə, bacarığına və təcrübəsinə görə heç vaxt Ermənistana torpaq məsələsində güzəştə getməyəcək. Əksinə Ermənistanın havadarları Qarabağ probleminin həlli ilə bağlı öz ədalətsiz düşüncələrini ifadə etməklə xalqımızın iradəsini qıra bilmədi, çünki 2003-cü ilin oktyabrında Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində deyirdi ki, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq Ulu Öndərə inandığı kimi onun çağırışına da böyük coşqu ilə səs verdi. Yəqin ki, bir tərəfdən erməni məhəbbəti, digər tərəfdən İlham Əliyev cənablarının qətiyyəti və cəsarəti haqqında məlumatsızlıq Qərb dairələrini çaşdırdı. Onlar 90-cı illərdən sonra Azərbaycanın böyük inkişaf yolu keçdiyini, tarixi torpaqlarını qaytarmaq üçün böyük təcrübə və güclü orduya malik olduğunu anlaya bilmədilər. Amma 44 günlük Vətən müharibəsi ərzində Qərb dövlətlərinin təhdid və təzyiqləri heç bir nəticə vermədi. Çünki Azərbaycanın dövlət başçısı həmin təhdidləri və təzyiqləri yerindəcə ram etdi və müharibəni qələbə ilə başa çatdırdı. Dövlətimizin başçısı bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu, ötən illər ərzində qazanılmış güclü iqtisadiyyat, ordu və xalq-iqtidar birliyi nəticəsində baş verdi.
- 2023-cü ildə ölkəmiz mühüm nailiyyətlər əldə etdi. Siz, həmin ilin tariximizdə yeri və rolunu necə səciyyələndirərdiniz?
- 2023-cü ildə Azərbaycan öz tarixində ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. bağlı bir tarixi xatırlatmaq istəyirəm. Müstəqil Azərbaycan xanlıqları Nadir şahın ölümündən sonra yarandı. Təəssüf ki, eyni dildə danışan, bir dinə ibadət edən xalq cənublu-şimallı 21 xanlığa bölünmüşdü. Onlar vahid dövlət şəklində birləşə bilmədilər və bunun acı nəticəsi olaraq Azərbaycan torpaqları işğal olundu və Araz çayı sərhəd olmaqla torpaqlarımız iki dövlət arasında bölündü. Nəticədə tarixi coğrafiyamıza Şimali və Cənubi Azərbaycan ifadələri daxil oldu. Sonuncu dəfə bütün Azərbaycan torpaqları Nadir Şahın dövründə vahid dövlətdə birləşdirilmişdi. Cümhuriyyət dövründə Azərbaycan dövlətinin ərazisi indikindən xeyli çox idi. Azərbaycan bolşevik işğalına məruz qalandan sonra onun torpaqlarının böyük bir hissəsi -Qərbi Zəngəzur ermənilərə verildi. Qarabağı Azərbaycandan ayırıb separatçı yuvaya çevirib xalqımız üçün uzunmüddətli problemə çevirdilər. 1923-cü ildə Qarabağ torpaqlarında sovet Rusiyasının təkidi və xeyir-duası ilə Muxtar qurum təşkil edildi. Bu qurum təşkil olunan gündən Azərbaycan qanunlarına tabe olmaqdan imtina etdi. 70 illik sovet dönəmində Muxtar qurum Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün çoxlu cəhdlər etdi. Sovet dövləti süqut edən ərəfədə ermənilər nəinki Qarabağı, ətraf rayonları da işğal edərək torpaqlarımızın 20 faizinə sahib oldular. Düz 100 ildən sonra İlham Əliyev cənabları ilk dəfə bütün torpaqlarımızı vahid dövlətdə birləşdirdi, muxtar qurum tarixin arxivinə göndərildi, üçrəngli bayrağımız bütün bölgələrimizdə şərəflə dalğalanmağa başladı, xalqımızın uzun illər boyu arzuladığı suverenliyimizi bərpa etdi. Ona görə də xalq prezident seçkiləri ilə bağlı seçimini çoxdan edib. Bu seçim Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, şərəf və qeyrət qalası Şuşa azad edilən günlərdə qətiləşmişdi. Bu sevincin üstünə Xankəndi, Əskəran, Xocalı, Ağdərə və başqaları əlavə olundu. Azərbaycan xalqı elan etdi: Torpaqları işğaldan azad edən bizim Prezidentimizdir və fevralın 7-ni səbirsizliklə gözləyirik.
- Anar müəllim, bu uğurlar fonunda qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməsini şərtləndirən amillərdən bəhs etməyinizi xahiş edirik...
- Əgər dövlət başçısı İlham Əliyev Azərbaycan tarixində ilk dəfə torpaqlarımızı bütövləşdirməyi və dövlət suverenliyini bərpa etməyi bacarıbsa, əminəm ki, 2024-cü il 7 fevral tarixində hər bir azərbaycanlı seçkidə iştirak edərək öz qəhrəmanına səs verəcək. Azərbaycan xalqının qəhrəmanı Qərbi Azərbaycanla bağlı fikirlərini də dünyaya çatdırıb. Biz Qarabağı müharibə yolu ilə azad etdik. Amma min illər boyu Qərbi Azərbaycanda yaşayan və oradan didərgin düşmüş insanlarımız öz yurd-yuvalarına dinc, sülh yolu ilə qayıtmalıdırlar. Ona görə fevralın 7-də veriləcək cavab indidən məlumdur. Bu cavab ondan ibarətdir ki, Prezident İlham Əliyev 20 il ərzində Azərbaycan xalqının ürəyindəki istək və arzuları reallaşdırıbsa, deməli bundan sonra da belə davam edəcək. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır. Bu partiyanın yüzminlərlə üzvü var. O da məlumdur ki, YAP paytaxtdan uzaqda - Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılıb. Partiya qarşısına məqsəd qoymuşdu ki, Azərbaycan torpaqları heç vaxt erməni işğalı altında qala bilməz. 1993-cü ildə Azərbaycanın ən ağır günlərində, vətəndaş müharibəsi və məhv olma təhlükəsi ortaya çıxanda Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəni bütün bəlalardan qurtardı. Elə 2003-cü ildə hakimiyyətə gələn cənab İlham Əliyev də Azərbaycanı mövcud bəlalardan, yəni işğal faktından qurtarmaq üçün mümkün olanları etdi. Ali Baş Komandan Azərbaycan xalqını qalib xalqlar sırasına daxil etdi. Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək bütün torpaqlarımızı işğaldan azad etdi. Həmçinin, bu gün həmin ərazilərdə gecə-gündüz bərpa və quruculuq işləri aparılır. Azərbaycan dövlət başçısının sözləri ilə desək, Qarabağ cənnətə çevriləcək. Bədxahlarımız bir daha dərk edəcəklər ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ona görə də, bu torpaqları cənnətə çevirmək üçün Azərbaycan əlindən gələni edir və edəcək. Azərbaycanın dövlət başçısı bir daha dünyaya bəyan edir ki, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırıma, dini və tarixi abidələrimizə qarşı vandalizmə, yerlə yeksan etdikləri ev-eşiklərimizə baxmayaraq, biz ermənintərəfi ilə sülh bağlamağa hazırıq və şərtlərimizi qarşı tərəfə verdik. Təəssüf ki, erməni tərəfi bu təklifi hələ də cavab verə bilməyib. Bu erməni xislətindən doğur. Amma ermənilər onu da bilsin ki, biz artıq onların faşist xislətinə bələdik. Nə erməni diasporu, nə erməni lobbisi, nə də bəzi Qərb dövlətləri Ermənistana dəstək olmaqla onun revanşist düşüncəlini reallaşdıra bilməzlər. Azərbaycanın dövlət başçısının sözləri ilə desək dəmir yumruğ həmişə hazır vəziyyətdədir. Özünü demokratiyanın beşiyi sayan Fransa Ermənistaı müdafiə edə bilər, amma yaddan çıxarmaq lazım deyil ki, Fransa xeyli uzaqdadır, Cənubi Qafqazda “Qafqaz evi” yaratmaq və ya iki dövlət arasında sülh bağlamaq üçün üçüncüyə ehtiyac yoxdur. Bəzi dairələr Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Əbəsdir. Çünki heç bir qüvvə Azərbaycan dövlətinə təsir göstərə bilməz. Azərbaycan xalqı qalibdir və onun qalib lideri var. Qalib lider öz xalqını daha da irəliyə aparmaq üçün bütün gücünü bu istiqamətdə sərf edir. Bu gün dünyanın siyasi xəritəsində güclü və demokratik ənənələrə malik bir Azərbaycan var. Bu dövlətin başçısı Qərb cəmiyyətində, ərəb aləmində və türk-müsəlman dünyasında böyük nufuz sahibidir. Bu mənada 7 fevralda keçiriləcək seçki bütün seçicilər üçün bayramdır. Çünki onlar səs verərək öz qalib liderlərini yenidən Prezident görmək üçün həmin günü səbirsizliklə gözləyirlər.

Digər xəbərlər