PDF Oxu

Siyasət

  • 835

Azərbaycan qlobal arenada nüfuzlu ölkədir

image

2025-ci il oktyabrın 10-da Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası regional əməkdaşlıq, siyasi dialoq və çoxtərəfli inteqrasiyanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyan hadisə olmuşdur. Bu iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, ölkəmizin MDB məkanında tutduğu prinsipial və fəal mövqeni bir daha nümayiş etdirmişdir. Prezidentin nitqi həm regional sabitlik, həm də qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq modelinin təşviqi baxımından strateji məzmun daşıyır. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan MDB-nin üzvü kimi bu təşkilatın məqsəd və prinsiplərinə sadiqdir və birlik çərçivəsində əməkdaşlığı qarşılıqlı hörmət, suverenliyə riayət və bərabərlik əsasında inkişaf etdirməkdə maraqlıdır. Azərbaycanın MDB-dəki fəaliyyəti heç vaxt formal xarakter daşımamış, əksinə, reallığa əsaslanan, səmərəli tərəfdaşlıq və birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərlə müşayiət olunmuşdur. Bu yanaşma, Azərbaycanın müstəqil xarici siyasət xəttinin əsasını təşkil edir və ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasını təmin edir. Prezident İlham Əliyev çıxışında MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın regional inkişafın və sabitliyin vacib dayağı olduğunu xüsusi qeyd etmişdir. O, bildirmişdir ki, MDB kimi təşkilatlar yalnız siyasi deyil, həm də iqtisadi, mədəni, humanitar və texnoloji istiqamətlərdə əməkdaşlığın dərinləşməsi üçün mühüm platformadır. Prezidentin fikrincə, bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulduqda, Birlik ölkələri arasında etimadın möhkəmlənməsi və regionda sülhün qorunması üçün etibarlı zəmin yaradır. Çıxışın mühüm hissələrindən biri MDB Oyunlarının əhəmiyyətinə həsr olunmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür tədbirlər təkcə idman sahəsində yarış deyil, eyni zamanda xalqlar arasında dostluğun, həmrəyliyin və əməkdaşlıq ruhunun gücləndirilməsi vasitəsidir. 2025-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda — Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində keçirilən III MDB Oyunları Birlik daxilində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə, mədəni inteqrasiyanın dərinləşməsinə və birgə dəyərlərin təbliğinə xidmət etmişdir. Bu tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq əməkdaşlıq mədəniyyətinə verdiyi önəmin və idarəçilik təcrübəsinin bariz göstəricisidir. Prezident İlham Əliyev, həmçinin, MDB daxilində münasibətlərin yalnız qarşılıqlı hörmət, bərabərlik və dövlətlərin suveren hüquqlarına riayət prinsipləri əsasında qurulmasının vacibliyini xüsusi vurğulamışdır. O, qeyd etmişdir ki, yalnız bu prinsiplər üzərində formalaşan münasibətlər uzunmüddətli sabitlik, inkişaf və etimad təmin edə bilər. Bu baxımdan Azərbaycanın siyasəti MDB-nin fəaliyyətinə konstruktiv və praqmatik yanaşmanı təmin edir, qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanan yeni münasibətlər modelini təşviq edir. Prezidentin çıxışı gələcək əməkdaşlıq istiqamətləri üçün də çağırış xarakteri daşıyır. O, MDB dövlətlərini iqtisadi, humanitar, elmi və texnoloji sahələrdə birgə layihələrin icrasına, əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına dəvət etmişdir. İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan bundan sonra da MDB məkanında sülh, sabitlik, tərəqqi və dayanıqlı inkişaf məqsədlərinə xidmət edən siyasət həyata keçirəcəkdir. Düşənbə iclasında Prezident İlham Əliyevin çıxışı həm siyasi məzmun, həm də elmi baxımdan MDB çərçivəsində müasir inteqrasiya proseslərinin təhlili üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər. Onun nitqi Azərbaycan diplomatiyasının əsas istiqamətlərini — müstəqillik, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini əks etdirir. Bu çıxış MDB-nin gələcək fəaliyyət istiqamətlərinə dair strateji baxışın formalaşdırılmasında mühüm töhfə kimi çıxış edir və Azərbaycanın regionda etibarlı, sabitlik yaradan və əməkdaşlığa açıq tərəfdaş imicini daha da möhkəmləndirir.

Könül İbrahimova

Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər