MDB Dövlət Başçıları Şurasının 2025-ci il oktyabr toplantısı postsovet məkanında dəyişən geosiyasi reallıqlar fonunda baş tutdu. Düşənbə görüşü, yeni çağırışların fonunda MDB-nin gələcək funksional rolunu və üzv ölkələr arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında MDB məkanında qarşılıqlı etimad, dostluq və birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Ölkə başçısının sözlərinə görə, MDB yalnız tarixi əlaqələrin simvolu deyil, həm də çağdaş reallıqlara uyğunlaşan, gələcəyə baxan bir əməkdaşlıq platformasıdır.
Azərbaycan Prezidentinin nitqində xüsusi yer tutan məqam MDB Oyunlarının əhəmiyyətinə dair verdiyi mesaj idi. Ölkəmizin başçısı bildirdi ki, MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı həm birlik daxilində, həm də onun hüdudlarından kənarda möhkəmləndirir. Həmçinin qeyd etdi ki, III MDB Oyunları 2025-ci ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda uğurla keçirildi. Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və Xankəndi kimi şəhərlərdə təşkil olunan yarışlar, həm Azərbaycanın multikultural ruhunu, həm də MDB ailəsi daxilində qarşılıqlı anlaşma və etimadı nümayiş etdirdi. Bu, təkcə idman yarışı deyil, “yumşaq güc” diplomatiyasının real təzahürü idi, yəni xalqları birləşdirən mədəni və sosial platforma.
Ölkə başçısı cənab İlham Əliyev çıxışında vurğuladı ki, MDB dövlətləri arasında əməkdaşlıq təkcə iqtisadi sahə ilə məhdudlaşmamalıdır. Əməkdaşlıq energetika, nəqliyyat, təhlükəsizlik, mədəniyyət və təhsil kimi çoxşaxəli istiqamətlərdə inkişaf etdirilməlidir. Daha sonra Azərbaycanın beynəlxalq arenadakı təcrübəsinə istinad edərək bildirdi ki, bölgədə sabitlik və qarşılıqlı etimadın qorunması üçün dövlətlər bir-birinin suverenliyinə və daxili işlərinə hörmət prinsipi üzərində hərəkət etməlidirlər. Bu, MDB daxilində yeni bir anlayışın bərabərhüquqlu tərəfdaşlıq konsepsiyasının əsasını qoyur.
Cənab Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın MDB çərçivəsində oynadığı fəal və balanslı rolu bir daha nümayiş etdirdi. Azərbaycan təkcə enerji və logistika sahəsində deyil, həm də humanitar diplomatiyanın aparıcı mərkəzinə çevrilib. III MDB Oyunlarının məhz Azərbaycanda keçirilməsi də bunun bariz nümunəsidir. Bu tədbir, həm Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində etibarlı tərəfdaş statusunu gücləndirdi, həm də MDB daxilində yeni mədəni-sosial əməkdaşlıq platformasının əsasını qoydu. Azərbaycanın Zəngəzur dəhlizi, Transxəzər nəqliyyat marşrutu kimi təşəbbüsləri MDB məkanında iqtisadi inteqrasiyanın yeni mərhələsini başlatmaq gücündədir.
Dövlət başçısının çıxışında MDB ölkələrinə xitabən qeyd etdi ki, müasir dünyada qarşılıqlı etimad və hörmət ən mühüm dəyərlərdəndir. Onun vurğuladığı kimi, “Bölgələrimizdə sülh və sabitliyin qorunması yalnız dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq vasitəsilə mümkündür”. Bu çağırış MDB-nin ideoloji əsasına çevrilə biləcək strateji bir fikir kimi səsləndi. Düşənbə görüşü, bu baxımdan, MDB-nin gələcək inteqrasiyasına mənəvi çərçivə qazandırdı, yəni sadəcə iqtisadi və siyasi deyil, həm də dəyərlər birliyi konsepsiyasını möhkəmləndirdi.
Düşənbə Zirvəsində Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın regiondakı lider mövqeyini və MDB çərçivəsində humanitar diplomatiyanın öncüllüyünü bir daha təsdiqlədi. O, MDB-nin yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin dialoquna çevrilməsinin vacibliyini önə çəkdi. Bu çıxış göstərdi ki, MDB məkanı yalnız dövlətlərarası əməkdaşlıq arenasi deyil, xalqların mənəvi birliyinin müasir formasıdır. Azərbaycan isə bu birliyin mərkəzində - sülh, sabitlik və etimadın daşıyıcısı kimi çıxış edir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini