Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva
- Ülviyyə xanım, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndərin anadan olmasının 101-ci ildönümünü qeyd edirik. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərini necə xarakterizə edərdiniz?
- Azərbaycan dövləti və xalqı yeni əsrə və yeni minilliyə Heydər Əliyev kimi qüdrətli şəxsiyyətin fenomenal zəkasının işığında qədəm qoymuşdur. Müasir Azərbaycanın bütün sahələrdə əldə etdiyi zəfərlər Ümummilli Liderin həyat amalının təntənəsidir. Ümumiyyətlə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm SSRİ dönəmində, həm də müstəqillik illərində azərbaycançılıq ideologiyasının inkişafı, əhalinin rifahının yüksəldilməsi, ölkənin tərəqqisinin təmin edilməsi, müasir dünyaya inteqrasiyası və digər sahələrdə inkişafa yönəlmiş misilsiz işləri bu günə kimi özünü büruzə verir və müstəqil Azərbaycan var olduqca biz bunu hiss edəcəyik. Tarixi faktlar da ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ömrünü Azərbaycana həsr edərək, yorulmadan mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu sübut edir. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir və müasir güclü Azərbaycanın təşəkkül tapmasına möhkəm zəmin yaratmışdır.
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə bərabər idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi. Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazdı, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı.
Beləliklə, ümummilli liderimizin 1990-cı ilin iyul ayından 1993-cü ilin iyun ayına qədər Naxçıvanda yaşaması bu bölgəni onu gözləyən çox böyük fəlakətlərdən qorumuş, naxçıvanlıların gələcəyə olan ümidinin itirilməsinə imkan verməmişdir. Prezident İlham Əliyev ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövrü barədə danışarkən demişdir: “Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
- Həmin çətin illərdə Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizdə dönüş anı oldu...
- Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu.
Ölkəmizin düşdüyü ağır və çıxılmaz kimi görünən bir dönəmdə xalqımızın, Ulu Öndər Heydər Əliyevin daxili və xarici düşmənlərə qarşı başlatdığı qurtuluş savaşına çağırışına hey verərək birlik nümayiş etdirməsi nəticəsində xalqımızın həyatına yeni ümid işığı kimi doğan Yeni Azərbaycan Partiyası da bu dönəmdə yaranmışdır. Partiyanın qurucusu olan Ulu Öndər Heydər Əliyev fundamental inkişaf və tərəqqi konsepsiyasına əsaslanan, Azərbaycanı işıqlı gələcəyə aparacaq möhtəşəm və alternativi olmayan bir siyasi kursun əsasını qoymuşdur. Yarandığı ağır dövrdə xalq-iqtidar birliyinə nail olmağı bacaran, xalqın rifahı naminə çox ağır və əzablı yollar qət edərək bu günkü müasir dövrümüzə çatan Yeni Azərbaycan Partiyası bu gün sözün əsl mənasında xalqın partiyasına çevrilmişdir.
Partiyanın keçdiyi çətin və şərəfli yol, dahi şəxsiyyətin dövlət müstəqilliyimizin qorunması və Azərbaycanda siyasi sistemin formalaşması istiqamətindəki fəaliyyəti barədə Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun burada keçirilməməsi - bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət Azərbaycanda siyasi sistem yaranır”.
Partiyamızın gücü Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən belə xarakterizə edilmişdir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
- 1993-2003-cü illər ölkəmizdə bütün sahələrdə inkişafın möhkəm təməllərinin qoyulduğu dönəm oldu. Ulu Öndər tərəfindən əsası qoyulan siyasət tarixi Zəfərimizin qazanılmasını şərtləndirdi. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Bütün ömrünü Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə sərf etdiyi 1993-2003-cü illər də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin unudulmaz ömür səhifələridir.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək, ölkənin taleyini məhz görkəmli dövlət xadiminə, dünya şöhrətli siyasətçiyə həvalə etdi. Ulu Öndər də and içərək həyatı bahasına olmuş olsa da xalqını bütün bəlalardan hifz edəcəyinə və işıqlı gələcəyə çıxaracağına söz verdi.
Xalqımız da gördü ki, Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı.
Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır.
2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin müjdəsini verdi : “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Beləliklə, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Ulu Öndərin hakimiyyəti dövründə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünya bəyan etdi. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq Erməni yalanları faktlarla ifşa edirdi.
Heydər Əliyevin ümummilli problemimizin həlli üçün göstərdiyi səylər tək diplomatiya ilə məhdudlaşmırdı. Danışıqların aparılması ilə yanaşı ulu öndər Azərbaycan ordusunun formalaşmasına və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Bu, həmin ordudur ki, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda zəfər bayrağımızı qaldrıdı. Bəli, ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020 - ci ilin sentyabrın 27 - də erməni təxribatlarına qarşı əks - hücum əməliyyatlarına start verilməsi ilə bağlı qərarı cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə nəticələndi. İşğal altındakı ərazilərimiz, rayonlarımız, şəhərlərimiz, kəndlərimiz düşməndən təmizləndi, ölkəmiz yenidən bütövləşdi. Həmin 44 gün ərzində istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə fenomenal zəfərlər qazanan dövlət başçımız bütün dünyaya xalq - hakimiyyət - ordu birliyinin mümkün uğurların əsas təminatçısı olduğunu əməli fəaliyyətlə nümayiş etdirmiş oldu. Dünyanın aparıcı media strukturlarına müsahibələr verən Prezident İlham Əliyev Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırdı. Dünya ictimaiyyətinin diqqətini ölkəmizin haqq savaşına yönəltdi. Müzəffər Ali Baş Komandanın illərlə apardığı uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq dəstəyini təmin etdi. Nəticədə isə “Qarabağ Azərbaycandır!” şüarını özünün vahid amalına çevirən xalqımız qalib Ali Baş Komandanın rəhbərliyi ilə 2020 - ci ildə ən böyük qələbəsinə - Qarabağ qələbəsinə imza atmış oldu.
Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı soyqırımlarımı zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz oldu.
- Ülviyyə xanım, Ümummilli Liderimiz hər zaman Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət ayırıb...
- Bəli, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltəraşların, memarların yaradıcılığını yüksək qiymətləndirib. Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin dövlətçilik siyasətində cəmiyyət həyatının bütün sahələri nəzərə alınsa da, Ulu Öndər ölkədə təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirmiş, istər 1970 – 1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğını dövlət səviyyəsində prioritet olaraq diqqətdə saxlamışdır. Hələ 1970-ci illərdə o vaxtkı sovet məkanında Azərbaycanın dahi şəxsiyyətlərinin unutdurulması, onların xidmətlərinin kiçildilməsi məqsədilə Moskvanın diktəsilə sistem halında işlər aparılarkən dahi rəhbər xalqımızın tanıtdırılması sahəsində təsviri incəsənətin imkanlarını yüksək dəyərləndirmişdir. O, ölkə rəssamlarının, heykəltəraşlarının daha ciddi uğurlara imza atmaları üçün dövlət səviyyəsində hər cür şəraitin yaradılmasını vacib və gərəkli bilirdi. Azərbaycan təsviri incəsənəti Heydər Əliyev epoxasında tarixin heç bir dönəmində müşahidə edilməyən səviyyədə dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş, prinsip etibarilə Azərbaycan sənət adamının yaradıcı təxəyyülü Ulu Öndər tərəfindən dəstəklənmiş, nəticədə Azərbaycan təsviri incəsənəti özünün möhtəşəm uğurlarına imza atmışdır.
Heydər Əliyev epoxasında Naxçıvan rəssamlığı, memarlığı və heykəltəraşlığı sözün həqiqi mənasında, özünün neointibah dövrünü yaşamaqdadır. 1971-ci ildə Naxçıvan Rəssamlar Təşkilatı məhz dahi rəhbərin təşəbbüsü və sərəncamı ilə yaradılmışdır. XX əsrin 60-cı illərində Moskvanın diktəsi ilə Naxçıvanın Azərbaycandan qoparılması məqsədilə sistemli işlərin aparıldığı bir vaxtda Muxtar Respublika Rəssamlar Təşkilatının yaradılması mühüm siyasi əhəmiyyətə malik bir hadisə idi. Faktdır ki, məhz həmin dövrdə bölgədəMikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Elmira Şahtaxtinskayanın, Rəcəb Rəcəbovun, Şəmil Mustafayevin, Sabir Qədimovun yaradıcılıq sərgiləri keçirilmiş, muxtar respublikanın mədəni həyatında yeni bir mərhələnin əsası qoyulmuşdur.
- Ulu Öndərimizin ideyalarını yaşadan Heydər Əliyev Fondunun 20 illiyi tamam olur. Fondun gördüyü işlər, müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi genişmiqyaslı layihələr haqqında nə deyə bilərsiniz?
- Bu gün Ulu Öndəri tanıyan hər bir insan onun şəxsiyyəti və xalqımız üçün gördüyü misilsiz işlər barədə fikir yürütməyə mənəvi ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız bəşəriyyətə, insanlığa xidmət etməyə həsr etmişdi!
Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılmış Heydər Əliyev Fondunun dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir.
İctimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004 cü il 10 mart tarixli Fərmanı ilə dəstəkləndi. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. bu kimi məsələlər də Fondun yaradılmasında əsas məqsədlər sırasında idi.
Bütün bunlardan əlavə, uşaq müəssisələrinin, infrastrukturlarının, səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycan Respublikası ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların təşkili, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi də Heydər Əliyev Fondu qarşısında məqsəd kimi müəyyənləşdirilmişdi. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim etdi. Azərbaycan cəmiyyəti bu təşkilatın məqsədi, məramı barədə Fondun real fəaliyyətinin istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrəndi. Bu isə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya Azərbaycan vətəndaşlarının, bütün dünyada Azərbaycana bağlı olan hər kəsin rəğbətini, dəstəyini qazandırdı.
Heydər Əliyev Fondu əsas fəaliyyət istiqamətlərindən biri kimi ilk olaraq təhsil sferasını seçdi. Fondun fəaliyyətinin ilk mərhələsindən bu istiqamətdə görülən işlər sırasında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət kəsb edir.
Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi də xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir.
Heydər Əliyev Fondunun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramıdır. Proqram çərçivəsində uşaq evləri və internatların demək olar ki, hamısı əsaslı təmir olundu, texniki təchizatı yaxşılaşdırıldı.
Fond fəaliyyətə başladığı ilk gündən mədəniyyət abidələrinin bərpası və yenidən qurulması istiqamətində də uğurla iş aparır.
Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.
Heydər Əliyev Fondu Azərbaycana doğma, yaxın olan ölkələrdə baş vermiş təbii fəlakətlər zamanı da humanistlik mövqeyindən çıxış edir.
İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqların dirçəldilməsi, dağıdılmış tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində Heydər Əliyev Fondu Böyük Qayıdışın tezliklə reallaşmasına töhfələr verir. İşğaldan azad olunan ərazilərimizin, tarixi-dini, mədəni abidələrimizin təmir və bərpası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Mehmandarovların da malikanəsi məhz ermənilərin çirkin niyyətlərinin qurbanı olmuşdu. Mühüm mədəni-tarixi memarlıq abidəsi olan bu malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işləri aparılır.
Ötən 20 ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb. Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali dəyərə söykənir. İllərdir yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünün vurğuladığı kimi, bu fəaliyyət sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir".
Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. İndiki və gələcək nəsillər daima bu möhtəşəm irsin izlərini yaşamaqla bir ömür boyu Ümummilli Liderə minnətdar olacaq və bu irsi bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklər. Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.
...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı