Müsahibimiz Milli Məclis sədrinin müavini Musa Qasımlı
- Musa müəllim, Xocalı soyqırımının törədilməsindən 33 il ötür. İlk növbədə tarixi faktlara nəzər salmağınızı xahiş edirik...
- Dünyada bir sıra soyqırımları törədilib. Onlardan biri yəhudilərə qarşı törədilən xolokostdur. Xolokostun törədilməsində Hitler Almaniyası tərəfindən döyüşən ermənilər də iştirak ediblər. Faşistlər Xatın və başqa yerlərdə bənzəri soyqırımları törədiblər. XX əsrin daha bir dəhşətli soyqırımı Xocalıda törədilib. Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda əli silahsız əhaliyə - qadınlara, qocalara, uşaqlara qarşı törətdiyi soyqırımı ağır bəşəri cinayətdir. 366-cı motoatıcı alayının bu hadisədə iştirak etməsinin bəlli səbəbi var idi. Sovet dövründə Cənubi Qafqazdakı SSRİ-nin hərbi birləşmələrində xidmət edənlərin 40%-i erməni olub.
Qədim yaşayış məskənlərindən biri olan, böyük strateji əhəmiyyət daşıyan Xocalı şəhəri Ağdam – Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə yerləşirdi. Bu yol ilə Şuşa ilə əlaqə saxlanılırdı. Şəhərdə Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ regionunda yeganə hava limanı var idi. Hava limanının ələ keçirilməsi Ermənistanın Azərbaycan ərazilərinə qanunsuz silah-sursat, terrorçular daşımasına və yeni əraziləri işğal etməsinə kömək edəcəkdi. Bu şəhər dünya arxeologiya elminə Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub.
1991-ci ilin oktyabrından Xocalı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhərlə helikopter əlaqəsi də kəsilmiş, ağır vəziyyət yaranmışdı. İnsanlar ümidsiz vəziyyətdə qalmışdılar. Təcavüzkar Ermənistan silahlı birləşmələri və Xankəndidə yerləşən 366-cı motoatıcı alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə saxladıqları azərbaycanlı əhaliyə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, səhərə yaxın üç tərəfdən hücum edərək bir tərəfi açıq saxladı. Bu, erməni terror təşkilatlarının ənənəvi taktikası idi. Səhərə yaxın əhali yuxuya gedir, müqavimət azalır, qəfil hücum etdikdə onlar özlərini toparlaya bilmirlər. Şəhərin yolunun bir tərəfinin açıq saxlanılması isə əhalinin müqavimət göstərməsinin qarşısını almaq məqsədi güdürdü. Əgər şəhər dörd tərəfdən mühasirəyə alınardısa müqavimət güclü olar və hücum edənlər çox itki verərdilər. Boş saxlanılan bir tərəfdən sakinlər çıxanda onları öldürmək daha asan olurdu. Xocalıda da belə oldu. Qaçıb canını qurtarmaq istəyənlər amansızlıqla öldürüldülər. Heç kimə aman verilmədi.
Xocalı soyqırımını törətməklə Ermənistan azərbaycanlıları qorxutmağa, işğalçılıq niyyətlərin davam etdirmək üçün ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edirdi: “Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”.
- Bu dəhşətli vandalizm aktı sivil dünyaya hansı mesajları verdi?
- Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil qət edərək demək olar təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar. Bu, ibtidai icma dövrünün vəhşi üsulları, onu törədənlər isə həmin dövrdə yaşamış adamların təfəkkürü səviyyəsində olanlar idi.
Bu, azərbaycanlılara qarşı əsl soyqırımı aktıdır. Xocalıda insanlar yalnız milli və dini mənsubiyyətinə, azərbaycanlı olduqlarına görə məhv edildilər. Bir neçə ailənin bütün üzvləri ödürüldülər. Öldürülənlər xüsusi amansızlıqla qətlə yetirildilər. İnsanlar əsir götürüldülər və məşəqqətlərə düçar edildilər. Bu, azərbaycanlılara qarşı törədilsə də bəşəriyyətə və sivilizasiyaya qarşı dəhşətli cinayətdir.
Xocalının məhv edilməsi ilə hava limanı Azərbaycanın nəzarətindən çıxdı. Ermənistandan silah və terrorçu dəstələrin gətirilməsi daha da intensivləşdi. Təcavüzkar ölkə yeni ərazilərin işğalı üçün əlavə imkanlar qazandı. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusundakı müəyyən qrupların hərbi, siyasi və mənəvi yardımları idi.
Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi bu ağır cinayət haqqında ABŞ, Türkiyə və digər ölkələrin mətbuat orqanlarında dərc edilən çoxlu məqalələrdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi təsvir olunmuş, fotoşəkillər verilmişdi.
- Həmin tarixi dönəmdə ölkədəki ictimai-siyasi vəziyyət və o zamankı hakimiyyətin mövqeyi barədə nə söyləyə bilərsiniz?
- Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri respublikada ictimai-siyasi şəraiti gərginləşdirdi. Vətəndaşların hiddətinin həddi-hüdudu yox idi. Onlar Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün qəti addımların atılmasını tələb edirdilər. Lakin Azərbaycan hakimiyyəti zəif və gücsüz idi. Belə ağır şəraitdə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 1992-ci il fevralın 27-də Moskvada MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qatılmağa dair sənədi imzalaması Azərbaycanda gərginliyi son həddə çatdırdı. Bakıda davam edən və getdikcə güclənən mitinqlərdə insanlar zəif hakimiyyətin istefasını tələb edirdilər. Artan təzyiqlər qarşısında Azərbaycan Respublikası Ali Sovetinin Sədri Elmira Qafarova istefa verdi. Bu vəzifəyə Yaqub Məmmədov seçildi. Ayaz Mütəllibov da istefaya getdi. Azərbaycan hakimiyyəti hadisəni araşdıran komissiya yaratsa da işi lazımi səviyyədə olmadı.
Bu dəhşətli soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra qiymət verildi. 1994-cü ilin fevral ayında Milli Məclis müvafiq sənəd qəbul etdi. Soyqırımın dünyada tanıtdırılmasından ötrü fəaliyyətə başlanıldı. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası çərçivəsində indiyədək böyük işlər görülüb. Bəzi ölkələr hadisəni soyqırımı kimi tanıyıb. Bir neçə ölkənin tarix dərsliklərinə Xocalı soyqırımı daxil edilib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokas “Sonu görünməyən dəhliz” filmini çəkib. Yaxşı bir filmdir. Film bir neçə ölkədə nümayiş etdirilib. Müxtəlif dillərdə kitabçalar hazırlanıb, sərgilər keçirilib.
- Bu gün Xocalı soyqırımı qurbanlarının da qisası alınıb...
- Bəli, Xocalı soyqırımı qurbanlarının ruhu bu gün şaddır. Onların qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında alınıb, torpaqlar işğaldan azad olunub, təcavüzkar Ermənistan məğlub edilib, dövlət suverenliyi tam bərqərar edilib. Xankəndidə dövlət bayrağımız dalğalanır. Xocalı qatillərinin bəziləri bu gün Azərbaycan ədalət məhkəməsinin qarşısında cavab verirlər. Prezident İlham Əliyev Xocalıya 2024-cü ilin fevralında ilk səfəri zamanı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlini qoydu. Bundan sonra bənzəri problemlərlə üzləşməmək üçün dövlətimiz qüdrətli, millətimiz isə daim güclü və dövlətimizin yanında olmalıdır.