Müsahibə

  • 5 132

Rusiya XİN keçmiş müavini: Qərb Qafqazı təhlükəli geosiyasi dəyişikliklərə sövq edir – MÜSAHİBƏ

image

Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov “Moskva-Baku” portalına müsahibəsində Qərbin Cənubi Qafqazda təhlükəli ssenariləri haqqında danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, yenə də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı suallar var. Ermənistanın baş naziri bir müddət əvvəl Britaniyada Azərbaycan prezidenti ilə görüşməkdən imtina edib. İndi o, uzunmüddətli məzuniyyətdədir. Onun sülh danışıqlarının bir növ dəfn edilməsinə qərar verdiyi hissi varmı?

- Son bir ay ərzində Azərbaycanla Ermənistan arasında sülhün perspektivlərindən, Ermənistan-Rusiya münasibətlərinin gələcəyindən və Cənubi Qafqazdakı bütün vəziyyətdən danışmağa dəyəcək bir çox mühüm hadisələr baş verib. Bunlardan biri Ermənistanın baş nazirinin NATO və Avropa Siyasi Birliyinin sammitlərində iştirakıdır ki, bu sammitlərdə təkcə onlar üçün deyil, baş nazir üçün də fəal və mühüm təmaslar baş verir və Ermənistanın gələcək siyasətinin necə həyata keçiriləcəyi göstərilir. Və bu əlaqələr yalnız onu seçdiyi kursun düzgünlüyünə əmin etmək üçündür. İndi Paşinyan üçün Azərbaycanla sülh prosesi ilə bağlı vəziyyəti dayandırmaq çox vacibdir. O, taktiki gözləmə fasiləsi verdi. İndi elə bir vəziyyət yaranıb ki, istər daxili siyasət baxımından, istərsə də xarici siyasət baxımından tələsmək olmaz.

O, görməlidir ki, Avro-Atlantik inteqrasiya deyilən şeyə doğru nə qədər sürətlə irəliləyə bilər. Və bu, yəqin, avqustun sonunda məlum olacaq, çünki o vaxt bir neçə mühüm Avropa görüşü baş tutacaq. Fransa prezidenti də görünür, ondan Olimpiada bitənə qədər gözləməsini istəyib. Bu, avqustun 11-də başa çatacaq. Və Makron indi Cənubi Qafqaz cəbhəsində Ermənistanın xeyrinə əsas oyunçudur.

Paşinyan çox böyük stavkalar etdiyi üçün gözləyir. Qərb ona çox şey vəd etmişdi. Onun Aİ, ABŞ, NATO ilə etdiyi söhbətlər indiki məqamdan deyil, gələcəklə bağlı söhbətlər idi. Perspektiv isə fasilə tələb edir. İstisna etmirəm ki, Nikol Paşinyan uzunmüddətli məzuniyyətdən qayıtdıqdan sonra Ermənistanın Qərbə istiqamətli kursu ilə bağlı referendum elan edə bilər.

Başa düşdüyüm qədər, Fransa da Ermənistanda referendumun keçirilməsinin əsas dəstəkçisi olacaq və onun təşkilinə kömək edəcək.

Ona görə də Ermənistanın baş naziri Britaniyada İlham Əliyevlə görüşdən imtina edib. O, buna getmək istəmirdi, çünki o zaman nəsə söz verməli olacaqdı. Azərbaycan prezidenti ilə görüş Azərbaycan liderinin Paşinyana suallar verəcəyi, sülh razılaşmasına məcbur edilməsi, Ermənistanın konstitusiyasını dəyişdirməsi, ATƏT-in Minsk Qrupunun rəsmən ləğvi və s. Amma indi Paşinyana bu lazım deyil.

- Deyirsiniz ki, Qərb Ermənistana çox şey söz verib. Tam olaraq nələr?

- Ermənistana xarici siyasət kursunu dəyişməyi təklif edirlər. Bunun müqabilində ciddi maliyyə dəstəyi, Aİ ilə vizasız rejimin tətbiqi imkanları, investisiya layihələri, təhlükəsizlik və hərbi sahədə dəstək vəd ediblər. Ermənistana Gümrüdəki Rusiya hərbi bazasını bağlayacağı təqdirdə ABŞ-dan böyük pul vəd ediblər. Söhbət həqiqətən ciddi puldan gedir. Ermənistanın baş nazirinə isə bunu təkcə bir dəfə deyil, uzunmüddətli əsaslarla vəd edirlər.

- Bəs Aİ-yə namizədlik?

- Mən deyərdim ki, Aİ-yə namizədlik vizasız rejim əldə etmək qədər vacib deyil. Məsələn, Avropa İttifaqının Gürcüstanla vizasız rejimi ləğv etməsi ölkədə yeni sarsıntılar üçün əlavə tətik ola bilər. Ermənistan üçün də eynilə: Aİ-yə üzvlük hələ çox uzaq bir şeydir. Bunu hamı başa düşür. Ermənistan vətəndaşlarının Aİ ölkələrinə vizasız giriş imkanı isə təmasları sadələşdirməyə, işgüzar əlaqələri və respublika üçün vacib olan digər prosesləri intensivləşdirməyə kömək edəcək.

Paşinyan üçün kifayət qədər ciddi problem eyni vaxtda iki stulda (Qərb və Rusiya) necə oturmaqdır. İqtisadi komponentə görə Rusiyadan imtina edə bilməz. KTMT mövzusuna da nöqtə qoyula bilər, burada nə isə danışmaq belə faydasızdır, İrəvan üçün isə bu, qapalı məsələdir. Amma Aİİ-yə üzvlükdən gələn bonuslar Ermənistan üçün ciddidir. Ermənistanın baş naziri ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyünü saxlamaq istəyir. Üstəlik, Ermənistanı ondan kənarlaşdırmaq mümkün deyil. O, yalnız özü çıxa bilər. Amma özü də bu ittifaqdan çıxmaq istəməz.

Ermənistanın baş naziri tamamilə hər şeyi hesablayır. Onu sadəlövh hesab edən adamlar yanılır. Yumşaq desək, o sadəlikdən uzaqdır. Və bu gün o, pendir parçasının harasında ən az deşik olacağını anlamağa çalışır.

- Bütün bunlar Qərbə və İrəvana niyə lazımdır?

- Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərindən sonra potensial hakimiyyət dəyişikliyi ilə (buna hazırlıq gedir) və Ermənistanda hökumətinin onlarla birləşməsi nəticəsində bu və ya digər dərəcədə amerikalılar, avropalılar və NATO bölgəni öz nəzarəti altına ala bilər. Və bu birlik Azərbaycan əhatələyəcək. Bu halda o, çətin vəziyyətə düşəcək. Əgər Ermənistan və Gürcüstanın siyasəti birmənalı olaraq Qərbə, NATO ilə yaxınlaşmağa doğru getsə, o zaman Azərbaycan üçün də, Rusiya üçün də təbii olaraq çətinliklər yaranacaq. Və bu, Qərb üçün çox dəyərlidir, bu, böyük strateji qələbədir, düşünürlər ki, buna nail olmaq üçün böyük maliyyə sərmayələri qoymağa dəyər.

Mən artıq bir neçə dəfə demişəm ki, Rusiya hələ də Cənubi Qafqazla maraqlanmır. Moskvada Paşinyanla münasibətlərlə bağlı sonsuz müzakirələrə getməyəcəklər. Ona görə də Bakı ilə İrəvan arasında sülhə ümid etmək kifayət qədər çətindir. Cənubi Qafqazda siyasi proseslərin gedişatının perspektivləri baxımından çox mühüm, əlamətdar hadisə həqiqətən də Gürcüstanda keçiriləcək seçkilər və onların necə başa çatacağı olacaq. Və əgər Qərb Gürcüstandakı seçkilərdə uğur qazansa, Gürcüstan-Ermənistan əlaqəsi tamam başqa geosiyasi təsir əldə edəcək.

- Əgər ABŞ-da Tramp prezident seçilərsə, Cənubi Qafqazdakı situasiya daha əlverişli istiqamətdə dəyişə bilərmi?

- Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra Trampın qələbəsi indi çətinləşir. Kamala Harris onun göstərdiyi kimi axmaq deyil. Əhalinin müxtəlif kateqoriyalarından dəstək alır. Trampdan fərqli olaraq o, çox mobildir və indi hər yerə səyahət edəcək. Ona görə də Trampın yenidən prezident olub-olmayacağı bu gün böyük sualdır. İki həftə əvvəl hər şeyin, onun qələbəsinin təmin olunduğu görünürdüsə, indi vəziyyət dəyişib. Çox güman ki, Trampla Harris son ana qədər təxminən bərabər reytinqdə gedəcək və hər şey sonda kiçik fərqlə həll olunacaq.

Amma Tramp prezident olsa belə, Ermənistan mövzusundan yan keçə bilməyəcək. ABŞ-dakı erməni lobbisi çox güclü və effektivdir. Ümumiyyətlə, ABŞ üçün bugünkü Ermənistan siyasəti təbii olaraq qazanma cəhdlərinə bənzəyir. Ermənistan Rusiya ilə dalaşır, Rusiyanı tərk edir, gəlin onun əlini gücləndirək, deyirlər. Niyə onu hətta Trampın dövründə də dəyişdirsinlər?

- Azərbaycan Prezidenti getdikcə Qərbi- həm ABŞ-ı, həm də Aİ-ni sərt tənqid etməkdə davam edir. İlham Əliyev açıq şəkildə bildirdi ki, Bakı Amerikanın hazırkı administrasiyasının Azərbaycanla münasibətlərdə yürütdüyü siyasətdən razı deyil. O, eyham vurub ki, ştatlarda respublikaçıların, xüsusən də Trampın dövründə siyasət Bakıya münasibətdə daha yaxşı, daha konstruktiv və bütövlükdə yaxşı olub.

- Əliyev mahiyyət etibarı ilə Trampın namizədliyinin Azərbaycan üçün daha üstün olduğunu açıq şəkildə bildirdi və onu bu və ya digər dərəcədə müsbət qiymətləndirdi. Amma çoxları Trampı tərifləyir. Problem ondadır ki, bu gün danışan ABŞ-ın eks-prezidenti sabah danışacaq Tramp deyil. Trampla da asan deyil. Bu, çox səhv edə bilən bir insandır. Amma Kamala Harris seçilərsə, bu, Azərbaycan üçün pis variant olacaq.

Azərbaycan Prezidenti son dərəcə məlumatlı insandır, ağıllı, incə siyasətçidir, arabanın hara getdiyini yaxşı anlayır. O, bütün cari tendensiyaları mükəmməl görür və başa düşür. O, bu cərəyanların Azərbaycan üçün nəticələrini mükəmməl başa düşür. Ona görə də o, Qərbə- ABŞ-a, Aİ-yə qarşı tənqidləri artırmaqla Qərbə doğru proaktiv siyasi addımlar atır. Əgər arabanı dayandıra bilmirsənsə, heç olmasa bu arabanın yoluna bir maneə qoymalısan. Azərbaycan prezidenti ardıcıl olaraq Qərbin tənqidi ilə məşğul olur. O, indiki məqamı düşünmür, Azərbaycanın gələcəyini düşünür və sözün əsl mənasında bir ildən sonra, ondan sonar da Qərbin Cənubi Qafqaza diqqət yetirməsi ilə bağlı yarana biləcək bütün problemləri anlayır. Əgər ifrata vararsa, Azərbaycan tezliklə regionda kifayət qədər aktiv şəkildə baş verə biləcək bir çox proseslərə lazımi təsir göstərə bilməyəcək. Eynilə Qərbdən Ermənistana edilən yardıma görə. Ona görə də Bakı indi bu “kündələri” Qərbin qarşısına düzür, arabanın aşacağını göstərir. Eyni zamanda, İlham Əliyev də çox gözəl başa düşür ki, Qərblə tam çəkişmək sərfəli deyil.

Niyə əvvəllər Azərbaycan hakimiyyəti tərəfindən ABŞ-ın ünvanına bu qədər tənqid olunmurdu, halbuki rəsmi Bakının özünə görə, ABŞ və Qərbin təzyiqləri və sanksiyaları mahiyyət etibarilə ikitərəfli münasibətlərin lap əvvəlindən- hələ 90-cı illərdən başlayıb. Və bu gün Azərbaycandan tənqidlər getdikcə güclənir, çünki biz Cənubi Qafqazda geosiyasi vəziyyətdə mümkün radikal dəyişikliyə yaxınlaşırıq. Əliyev isə kənarda dayana bilmir və sadəcə olaraq susa bilmir. Allah onu qorusun. Biz köklü geosiyasi dəyişiklikdən, Ermənistanın əvvəllər mövcud olan bütün razılaşmalardan çıxmasından, Ermənistanın Rusiyadan aralanmasından, Qərbin bölgəyə gəlişindən danışanda- bu Əliyev üçün böyük çağırışlardır.

- Həm Rusiya, həm Azərbaycan, həm də bir çox başqa dövlətlər çoxqütblü, ədalətli dünyanın inkişafı ideyasını irəli sürürlər. Biz Qlobal Cənub ölkələri ilə yaxınlaşma ideyasını inkişaf etdiririk, bu əsasda BRİKS və ŞƏT-i gücləndirməyə və inkişaf etdirməyə çalışırıq. Bunun həqiqətən Qərb təsiri ideyasına qarşı işləməyə başlaması nə qədər vaxt aparacaq?

- Obyektiv olaraq bu, çoxlu vaxt və bir çox sahələrində əməkdaşlığın inkişafını tələb edirk. Mənim fikrim qeyri-populyardır, amma mən ona sadiq qalıram: çoxqütblü dünya qurmaq üçün çox problemlər olacaq. Çoxqütblü dünya gözəl və yaxşıdır. Amma layihə ləng gedir. Bundan əlavə, Qlobal Cənub obyektiv olaraq birləşə bilməz. Oyunçular arasında, məsələn, Çin və Hindistan arasında həddindən çox fərq var. BRİKS iqtisadi struktur kimi yaradılmışdır. İndi də onun siyasiləşməsi prosesi başlayır. Tam iqtisadi əməkdaşlıq məsələləri həll olunmadan siyasətlə məşğul olmaq kifayət qədər çətin vəziyyətdir. Beləliklə, mənim fikrimcə, burada kifayət qədər “sualtı daşlar” var. İşləmək lazımdır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər

Bayden suala cavab verməkdən yayınıb...

...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı