Müsahibə

  • 12 975

"YAP dövlət və xalq üçün yaranan partiyadır" - MÜSAHİBƏ

image

Kamil Mirzəyev: “Azərbaycan Partiyası böyük, şanlı yol keçib, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir”

Müsahibimiz YAP Bilələsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevdir:
- Kamil müəllim, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyini İkinci Qarabağ müharibəsinin Şanlı qələbəsi əldə etdiyimiz bir tarixi zamanda qeyd edirik.
- Bəli, bu günümüzlə qürur duyuruq. Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Yəni, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diqtə edirdi. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.
- Həmin dövrlərdə YAP-ın yaradılması üçün çox maneələr törədilirdi. Lakin xalqın təkidli tələbi bütün bu maneləri aradan qaldırdı...
- Əlbəttə, o dövrlər YAP-ın yaradılması üçün manelər törədilirdi. Həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Deyərdim ki, Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Bu partiya Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini göstərdi. Onun siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.
- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir
- Bəli, bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burda Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindi. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. Ona görə də bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib.Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevin xalq arasındkı böyük nüfuzudur. Çünki partiyamızın Sədrinin şəxsi keyfiyyəti, Onun Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Heydər Əliyev ideyalarına, bu ideyaların inkiaf etməsinə sədaqətlə xidmət edir. Bu sədaqət hazırda Prezident İlham Əliyev siyasəti konteksitndə bütün məziyyətləri ilə sübuta yetirilməkdədir.Bu gün hər bir azərbaycanlı əmindir ki, dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu gün özündə 750 minə yaxın insanı birləşdirən partiyamızın cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir. Partiyamız Prezident İlham Əliyevin irəli sürdüyü «Müasir, qüdrətli və zəngin Azərbaycan naminə» çağırışı ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.

sia.az

Digər xəbərlər