Müsahibə

  • 18 664

Nensi Pelosi ABŞ-dakı erməni lobbisinin sifarişlərini icra edir MÜSAHİBƏ

image

Millət vəkili Azər Badamovun “Səs” qəzetinə müsahibəsi

- Azər müəllim, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri, orada qondarma erməni soyqırımını ziyarət etməsi, Azərbaycan əleyhinə şər-böhtanlar səsləndirməsi və Ermənistana dəstək verəcəyini bildirməsi, necə hesab edirsiniz, ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablana bilərmi?
- ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri gözlənilən idi. Çünki Nensi Pelosi ermənipərəstdir və ABŞ-dakı erməni lobbisinin sifarişlərini icra edir. Hətta Nensi Pelosi İrəvanda etdiyi çıxışda nümayəndələr palatasında qondarma erməni soyqırımının qəbul olunmasından xoşbəxt olduğunu ifadə etməsi onun ermənilərlə necə bağlı olduğunun göstəricidir. Həm də ABŞ-ın arxivinə qovuşması ərəfəsində olan bu siyasətçinin Azərbaycanın əleyhinə şər-böhtanların səsləndirilməsi və Ermənistana dəstək verəcəyinin bildirilməsi onun gündəliyinə ermənilərin saldıqları ifadələrdir. Yəni, Nensi Pelosi qondarma soyqırımı abidəsini ziyarət etməli, yalançı göz yaşlarını tökməli, həm də Ermənistana dəstək verdiyini ifadə etməli idi və bu proqram qabaqcadan hazırlanmışdı. Ermənilər elə hesab edirlər ki, Pelosinin Azərbaycanın ünvanına böhtanlar yağdırması ilə hər şey düzəlib. Əsla belə hesab etmirəm. ABŞ-ın müəyyənləşdirilmiş beynəlxalq siyasəti var. Bu siyasət Azərbaycanla münasibətdə strateji əməkdaşlığa söykənmişdir. Nensi Azərbaycanın ünvanına səsləndirdiyi böhtanları və dediyi sözlərini isə İrəvanda saxlayıb qayıtmışdır.
- Azərbaycanın 30 il torpaqlarının işğal altında qaldığı dövrdə bir dəfə də olsun Azərbaycana səfər etməyən Nensi Pelosinin Ermənistana səfər etməsi və orda təxribatçı açıqlamalarla çıxış etməsi nədən irəli gəlir?
- Nensi Pelosi üçün ədalət və beynəlxalq hüququn tələbləri önəm kəsb etmir. Ümumiyyətlə, dünyada beynəlxalq hüquq və ədalət prinsipləri ancaq kağızın üzərindədir. Amma reallıqda isə bu prinsiplər müəyyən ölkələrin maraqlarına xidmət etməlidir. Məsələn, BMT TŞ-nın qətnamələrin icrasına selektiv yanaşma da bundan irəli gəlir. BMT TŞ-nın qətnamələri bəzi ölkələrlə münasibətdə dərhal icra olunur, amma Azərbaycana gəldikdə 27 il işğalçıya heç bir təzyiq olunmadı. Hətta müvafiq məsələnin həll edilməsinə mandatı verilmiş ATƏT-in Minsk Qrupunun üzvləri münaqişənin əbədi dondurulmasına çalışdılar. Lakin Azərbaycanın Müzəffər Ordusu BMT TŞ-nın qətnamələrini döyüş meydanında özü icra etdirdi və torpaqlarda erməni işğalına son qoydurdu. Nensi Pelosinin Ermənistana gələrək Azərbaycanın əleyhinə açıqlamaların verilməsində də müəyyən məqsədlər dayanır. Hesab edirəm ki, Pelosi erməni lobbisindən bunun müqabilində müəyyən qonorar almışdı. Digər bir məsələ isə Azərbaycanın əleyhinə danışmaqla noyabrda keçiriləcək seçkilərdə erməni diasporunun dəstəyini qazanacağını düşünür.
- ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Necə hesab edirsiniz, bu zəngi Nensi Pelosinin Ermənistandakı Azərbaycan əleyhinə təxribatçı açıqlamalarına bir üzrxaqlıq kimi qiymətləndirmək olar?
- Bəli. Nensi Pelosinin Azərbaycanın əleyhinə yalan və böhtanların səsləndirilməsindən sonra ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək 12-13 sentyabrda törədilmiş erməni təxribatı haqqında danışdılar. Həm də BMT-nin 77-ci sessiyası çərçivəsində ABŞ-da səfərdə olan Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirildi. Entoni Blinken telefon zəngində, həm də XİN-in görüşündə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazır olduğunu bildirdi. Entoni Blinkenin zəngi və sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazır olduğunun bildirməsi ABŞ dövlətinin Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyinin göstəricisidir. Qeyd etmək istəyirəm ki, Azərbaycan müharibənin bitdiyi iki ildə Ermənistana sülh əlini uzadıb və sülh müqaviləsinin imzalanmasına çağırış edib. Burda təxribatlar törətməklə manipulyasiyalar edərək sülh müqaviləsinin imzalanmasına əngəl törədən ancaq Ermənistandır. Azərbaycan istəyir ki, Ermənistanla qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanısın və dövlət sərhədi müəyyənləşdirərək qonşuluq münasibətlərini formalaşdırsın. Əlbəttə ki, Azərbaycanın təklifinin alternativi yoxdur. Bu məqsədlə sentyabrın axırlarında sülh müqaviləsinin hazırlanması ilə əlaqədar hökumətlərarası komissiyaların növbəti görüşü də nəzərdə tutulmuşdur. Azərbaycanın yeganə istəyi BMT-nin nizamnaməsinə uyğun Ermənistanla sülh müqaviləsi bağlansın. Ermənistan yaxın tarixdə baş vermiş hadisələrdən nəticə çıxarmalıdır. Yox, əgər yenidən təxribatlara əl atarlarsa Dəmir Yumruq yerindədir və hər bir təxribat cəhdin qarşısı çox ciddi şəkildə alınacaqdır.

Müəllif: Gülyana

Digər xəbərlər