Oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya bildirilib ki, Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.Hərəkatın keçmiş Sədri və hazırkı Troyka üzvü qismində ölkəmiz, həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. Nazir müavini S.Şərifov Azərbaycan Prezidentinin oktyabrın 13-də Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirakına vurğu edərək, ölkəmizin zirvə görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülhün və təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.Qeyd edək ki, bu sənədlərin imzalanması Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsinə, qarşılıqlı səfərlərinin asanlaşdırılmasına və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.