MİA

  • 11 063

Rusiyalı ekspert: Ermənistan hərbçiləri Qarabağdan tam və dərhal çıxarılmalıdır - MÜSAHİBƏ

image

İqor Korotçenko: Qərb nizamlanma prosesinə yalnız bir halda buraxıla bilər- etiraf etsələr ki, Qarabağ erməniləri üçün status müzakirəsi yoxdur və ola da bilməz

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Rusiya və KTMT ilə münasibətlər və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı əsas tezislərini təhlil edib. Müsahibənin əsas məqamlarını oxucularımıza təqdim edirik.

- Ermənistanın baş naziri rəsmi Bakını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında əksini tapmış Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Deyirlər ki, biz sülhə, nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına hazırıq... Amma Azərbaycan guya “erməni soyqırımı”nın həyata keçirilməsi üçün sülh müqaviləsi imzalamasını istəyir.

- Hər zaman özünü təcavüzün qurbanı kimi göstərən, amma 30 ildir işğal altında olan Azərbaycan torpaqlarını talan edən təcavüzkar ölkə hansı sülhü istəyir?! Təcavüzkar təslim olmaq məcburiyyətində qaldıqda sülh istəyir. Göründüyü kimi, İkinci Qarabağ müharibəsində məğlub olduqdan sonra möhlət alan Ermənistan işğalçı ölkə olmaqla indi yenidən lovğalanmağa, başını qaldırmağa, hansısa şərt qoymuş kimi davranaraq, Azərbaycana qarşı bütün bu ağılsız ittihamları irəli sürməyə çalışır. Nizami ordunun 10 min erməni əsgəri separatçı hərbiləşdirilmiş birləşmələr adı altında Azərbaycan Qarabağı ərazisindədir. Əslində bunların hamısı peşəkar erməni hərbçiləridir. Ermənistan son vaxtlara qədər fürsət olduğu halda Laçın dəhlizi ilə hərbi kontingentinin rotasiyasını həyata keçirib, Avropadan Qarabağa silah, mina, “qonaq ifaçılar” gətirir, Azərbaycanı və Rusiyanı müxtəlif növ ittihamlarla qınayırdı. Azərbaycanlı ekofəalların dinc aksiyası Ermənistanın bu cür təxribatları davam etdirmək imkanını bağladı.

İkinci Qarabağ Müharibəsindən sonra regionda vəziyyət kəskin şəkildə dəyişib və hesab edirəm ki, İrəvan öz təxribatlarında və qonşularına qarşı növbəti ərazi iddialarında Cənubi Qafqazda onunla çiyin-çiyni verməyə hazır olan Qərbə arxalanacaq.

- Paşinyan Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar formatının genişləndirilməsini, ABŞ və Almaniyanın daimi üzvlər kimi daxil edilməsini təklif etdi...

- ATƏT-in Minsk qrupu sağ-salamat dünyasını dəyişdi. Qarabağ problemi həll olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Onda yalnız bir məsələ qalır- bu, Qarabağın erməni əhalisinin Azərbaycanın siyasi məkanına inteqrasiyası və onların Azərbaycan vətəndaşlığını almasıdır. Gələcək budur. Qafqaza girməyə çalışan istənilən qeyri-regional oyunçular isə ən yaxşı halda prosesə yalnız bir halda buraxıla bilər- etiraf etsələr ki, Qarabağ erməniləri üçün bu statusun müzakirəsi yoxdur və ola da bilməz. İstənilən kənar oyunçular qəbul etməlidirlər ki, təkcə Qarabağ Azərbaycan deyil, həm də Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Və bu kateqoriyadan olan əhalinin digər Azərbaycan vətəndaşları və Azərbaycanın digər bölgələri ilə müqayisədə heç bir xüsusi imtiyazı olmayacaq və olmamalıdır. Bu şərtlər daxilində Qərbin hansısa vasitəçiliyindən danışmaq olar. Amma ABŞ və Almaniyanın danışıqlar formatında onun tərəfində iştirak etməsi səbəbindən Ermənistanın mövqeyini gücləndirmək- buna yol vermək olmaz. Qərb Azərbaycanla bütün şərti sərhədin perimetri boyunca Ermənistanda mülki missiya adı altında burada hərbi kontingenti yerləşdirməyə çalışaraq Cənubi Qafqaza kobud şəkildə dırmaşmaqda davam edəcək. Və təkcə Ermənistana deyil, Qarabağa da girməyə çalışır. Paşinyan fəal şəkildə buna nail olmağa, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin Qərb kontingenti ilə əvəzlənməsinə nail olmağa çalışır. Bu vəziyyətdə Bakı ilə Moskvanın mövqeləri tamamilə üst-üstə düşür: nə Ermənistana, nə də onun Qərb himayədarlarına fırıldaqçı rolunu oynayaraq kartları qarışdırmağa icazə verilməyəcək. Ermənistanı Rusiya və Azərbaycanla razılaşmalara, Paşinyanın imzasının da daxil olduğu üçtərəfli bəyanatların icrasına sərt şəkildə əməl etməyə məcbur etmək zamanı çatıb.

- Ermənistan hökumətinin başçısı Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni icmasının nümayəndələri arasında birbaşa danışıqlar prosesini beynəlxalq mexanizmlə müəyyən etməkdə israrlıdır.

- Mən artıq dedim ki, heç bir beynəlxalq mexanizm mümkün deyil. Qarabağ Azərbaycandır, Qarabağın erməni icmasının nümayəndələri ilə danışıqlar yalnız Azərbaycan Respublikasının daxili işidir.

- Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini indi Bakıda keçiriləcək reinteqrasiya məsələləri ilə bağlı yeni toplantıya dəvət edib. Paşinyan isə dedi ki, ictimaiyyət nümayəndələri Bakıdan qayıtmaya bilər...

- Bütün bunlar cəfəngiyatdır. Azərbaycan multikulturalizmə əsaslanan cəmiyyət qurmaq məntiqinə əsaslanan sivil dövlətdir. O, Qoşulmama Hərəkatının lideridir və bugünkü dünya turbulentliyi şəraitində bu strukturun rolu dəfələrlə artır. Ona görə də, təbii ki, Bakıya gələcək Qarabağın erməni icmasının nümayəndələri üçün bütün lazımi təhlükəsizlik təminatları tam şəkildə həyata keçiriləcək, onlara heç bir təhlükə yoxdur, əksinə, Azərbaycanın paytaxtında onlar gözlənilir və qarşılanacaq. Çünki Azərbaycan Respublikasının siyasi rəhbərliyi Qarabağ ermənilərini öz vətəndaşları hesab edir və onların inteqrasiyası və ölkənin bütün Qarabağ iqtisadi rayonunun iqtisadi potensialının bərpası üçün hər şeyi edəcək.

Ona görə də Nikol Paşinyanın bütün bu cür bəyanatları bir sıra siyasi manipulyasiyaların və demaqogiyanın tərkib hissəsidir.

- Vaxtilə müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar, birincisi, Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə birbaşa dialoqa başlamaq təşəbbüsünü dəstəkləmiş, ikincisi, erməni tərəfinə məktub göndərmişlər. Səlahiyyətlilər və onların məsələ ilə bağlı dialoqa başlamalarını gözləyirlər.

- Deməli, Paşinyan 1980-ci illərin sonlarında erməni separatçılarının təşəbbüsü ilə törədilən faciəli hadisələrə qədər Ermənistan ərazisində yaşamış azərbaycanlıları belə bir dialoqa başlamaq üçün rəsmi şəkildə İrəvana dəvət etməlidir. Ermənistan İrəvana səfəri zamanı onlarına təhlükəsizliyi üçün müvafiq təminatlar verməli, vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların həmin rayonların ərazilərinə hansı şərtlərlə, necə, hansı maliyyə və iqtisadi dəstəyi ilə geri qayıda biləcəyi ilə bağlı konkret danışıqlara başlamalı olacaq. Bütün bu prosesdə təbii ki, qarşılıqlılıq prinsipi işləməlidir. Bu, sülhə doğru irəliləməyə hazırlığın göstəricisi olacaq. Azərbaycan bunu nümayiş etdirir- həm hakimiyyət səviyyəsində, həm də xalq səviyyəsində. Azərbaycan Qarabağ ermənilərini Bakıdakı danışıqlara dəvət edib. Buna uyğun olaraq, Paşinyan hesab edirsə ki, o, məsuliyyətli ölkənin məsul rəhbəridir, o zaman azərbaycanlılardan ibarət müvafiq nümayəndə heyətini İrəvana dəvət etməlidir. Bunun baş verməsini gözləyirik.

Düzdür, təəssüf ki, mən Ermənistanın baş nazirinin böyük ehtimalla bunu etməyəcəyinə inanıram, çünki onun əsas vəzifəsi siyasi sağ qalmaqdır, qalanı ikinci dərəcəlidir.

Ümumiyyətlə, Qarabağ ermənilərinin Bakıya inteqrasiyası, iqtisadi, maliyyə, siyasi və hüquqi məsələlərinin həlli məsələsini müzakirə etmək üçün danışıqlara dəvət edilməsi faktının özü Azərbaycan rəhbərliyinin çox yüksək məsuliyyətinin göstəricisidir. Bu addım qeyri-standart olsa da, arqumentləri Azərbaycanın rəqiblərinin əlindən alan addımdır. Bu, çox yaxşı düşünülmüş siyasətdir. Bu, İlham Əliyevin bir siyasətçi kimi böyük potensialını bir daha nümayiş etdirən siyasi, diplomatik gedişdir. Bu, Azərbaycana, onun prezidentinə şərəf və hörmət gətirir, Azərbaycanın bir dövlət kimi uzaqgörənliyini, gücünü göstərir.

- Ermənistanın baş naziri əlavə olaraq mövzunun davamında bildirdi ki, guya Naxçıvan erməniləri geri qayıtmaq məsələsini qaldırıblar.

- Nəzəri cəhətdən hər şey mümkündür, amma əsas şərtlə - İrəvanın bütövlükdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına konstruktiv yanaşması. İlk növbədə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına inteqrasiyası, onlara pasportların alınması, Ermənistanın bütün silahlı birləşmələrinin və Ermənistan ordusunun nizami hissələrinin Qarabağdan tam və dərhal çıxarılması məsələsini həll etmək lazımdır. Bütün bunlar addım-addım edilməlidir. Üçtərəfli bəyanat var və Paşinyan buna əməl etməlidir. Naxçıvana gəlincə, Ermənistan əvvəlcə ekstraterritorial statuslu Zəngəzur nəqliyyat dəhlizini açsın, sonra ermənilərin ora qayıtmasından danışarıq.

- Ermənistanın baş nazirinin bir-birini təkzib edən bəyanatları - dediyiniz kimi, hakimiyyətdə qalmaq üçündür?

- Nikol Paşinyan nə istəsə deyə bilər. Mən əmin tərəfdarıyam ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməyə məcbur edilməlidir- siyasi, diplomatik və digər vasitələrlə. Çünki bu ölkə və bu baş nazir danışıqlar aparmaq iqtidarında deyil. Kütləvi rusofobik mitinqlərə, Paşinyanın bu bitib-tükənməyən ovçuluğuna göz yummamalıyıq. Axı bizim əlimizdə güclü iqtisadi və siyasi rıçaqlar var və biz Ermənistanın baş nazirini konstruktiv davranışa məcbur etməliyik və bundan utanmamalıyıq. Sonda Ermənistandan asılı olan Rusiya deyil, Rusiyadan asılı olan Ermənistandır. Bəli, Ermənistan suveren dövlətdir. Amma biz elə etməliyik ki, o, Qərb kəşfiyyatının, əsl məqsədi müşahidə etmək deyil, qalmaqalş hazırlamaq olan müxtəlif növ avropalı “müşahidəçilər”in forma geyindiyi meydana çevrilməsin. Cənubi Qafqazda yeni münaqişə yaranmasın, hansı ki Aİ-nin Ermənistandakı missiyası bu gün buna çalışır.

- Azərbaycan Müdafiə Nazirliyinin ötən gün açıqladı ki, martın 5-dən sonra Ermənistan Silahlı Qüvvələri və erməni birləşmələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması mütəmadi xarakter alıb. Azərbaycan MN bildirib ki, məqsəd Aİ missiyasının reaksiya verməsinə nail olmaqdır.

- Ermənistan ruhunda, mahiyyətində, mənəviyyatında təcavüzkar olaraq qalaraq, özünü qurban kimi göstərməkdə davam edəcək. Ona görə də Aİ missiyası adı altında çirkin təxribatlar siyasəti davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər