Son onilliklərdə Azərbaycanda əhalinin strukturunda yaşlı nəslin payı artır, gənclərin payı azalır. 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum olub, 2024-cü ildə isə 1000 nəfərə 10 doğum qeydə alınıb. Bundan əlavə, nikahların 30-40 il əvvəllə müqayisədə xeyli azalması, boşanmaların isə kəskin artımı heç kəsə sirr deyil. 1991-ci illə müqayisədə 1000 nəfərə təbii artım 6 dəfə, nikah 2,2 dəfə azalıb, boşanma 1,3 dəfə artıb.
Qısası, bütün bu tendensiyalar paralel gedir- nəticədə əhali artımı azalır, ailə qurulması azalır. Burada 2 əsas səbəb var- sosial-iqtisadi faktor və mənəvi-psixoloji faktor. Lakin bu 3 tendensiyaya ayrı-ayrılqıda baxsaq hərəsində bir faktorun payı o birindən üstün olur. Məsələn, ailə qurulmasının və uşaq doğumunun azalması əsasən sosial-iqtisadi faktorlarla bağlıdırsa, boşanmaların artması əsasən mənəvi-psixoloji faktorla bağlıdır.
Sosial-iqtisadi problemlər– yoxsulluq, evsizlik, işsizlik gənclərin ailə qurmasını, ailələrdə uşaq doğumunu əngəlləyir. Bu tendensiya milli genofondumuzu təhdid edir. Bu 2 tendensiyada mənəvi deqradasiyanın da rolu var, belə ki, sosial-maddi cəhətdən yaxşı vəziyyətdə olan bəzi “müasirləşmiş” gənclər evlənməməyə və ya evləndikdə isə daha az uşağa üstünlük verir, belələri ancaq öz əyləncəsi və öz maraqları üçün yaşamağa çalışır. Lakin belələrinin sayı sosial-maddi səbəblərdən bunu edə bilməyənlərlə müqayisədə xeyli azdır. Ən çox gəlir azlığı, yoxsulluq, işsizlik, mənzil problemi mənfi təsirini göstərir. İndi ailələr bir uşağı güclə saxlayıb boya-başa çatdıra bilirlər. Bir cəmiyyətin davamlı artımı üçün ailələrdə orta uşaq sayı 3 olmalıdır. Fertillik əmsalı, yəni ümumi nəsilvermə əmsalı aşağı düşdükdə əhalinin qocalması prosesi gedir, gənc nəslin çəkisi azalır, yaşlı nəslin çəkisi artır, bu isə iqtisadi aktivliyi, əmək qüvvəsini azaldır və dövlətin sosial yükünü artırır.
Demək olar ki, bütün ölkələrdə əhalinin artımı, çoxuşaqlılığın təbliği üçün müxtəlif sosial dəstək proqramları həyata keçirilir. Yeni qurulan ailələrə maddi və sosial yardımlar, mənzil üçün uzunmüddətli güzəştli kreditlər, hər uşağa görə birdəfəlik yardımlar, aylıq uşaq pulu verilir, çoxuşaqlı ailələrə əlavə ev və torpaq sahəsi kimi hədiyyələr təqdim olunur və s. Təəssüf ki, bizdə bunların heç biri yoxdur. Buna görə də insanlar çoxuşaqlılıqda maraqlı deyillər.
İndi Azərbaycanda çoxuşaqlılıq meyarı 6 uşaqdan başlayır, halbuki bu, optimal yanaşma deyil, çünki 6 uşaqlı ailələrə nadir hallarda rast gəlinir. Hazırki reallıqlarda 3 uşaqlı ailə çoxuşaqlı deməkdir. Çünki 1 uşaqlı ailə modelinə keçmişik, 2 uşaqlı ailələr belə azalıb. Dəfələrlə təklif etmişik ki, çoxuşaqlılıq meyarı 3 uşağa endirilməlidir. 3 uşaqlı ailələrə maddi və sosial yardımlar, aylıq uşaq pulu, əlavə güzəştlər tətbiq edilməlidir. Bunları etməsək, demoqrafik vəziyyət yaxşılaşmayacaq.
Evlənmələrin və uşaq doğulmasının azalması ilə yanaşı demofraik fəlakətə aparan digər tendensiya- boşanmaların ildırım sürətilə artması isə artıq başqa səbəblərlə bağlıdır. Digər 2 tendensiyadan fərqli olaraq burada sosial-maddi faktorlar minimum paya malikdir, problem əsasən mənəvi-psixoloji faktorla bağlıdır. Belə ki, müasir gənclərin böyük əksəriyyəti ailələri mənəvi yox maddi dəyərlər üzərində qurur, həyata da, ailəyə də maddi tərəfdən baxırlar. Boşanma səbəbləri arasında xəyanət, bir-biri üçün fədakarlıq və qayğıkeşlik etməmək, eqoistlik, öz üstünlüyünü və maraqlarını təmin etmək, psixoloji problemi olmaq və sair bu kimi xüsusiyyətlər əsas roy oynayır ki, bunların da hamısı mənəvi faktorlardır.
Maddi çətinlikdən ailələr dağılmır. Bütün tariximiz boyu ən ağır vaxtlarda boşanma minimum səviyyədə olub. Bu gün də boşanananların çoxunun maddi sosial vəziyyəti ağır deyil. Dünyada da, ən çox boşanmalar zəngin ölkələrdə, ən az isə yoxsul ölkələrdədir. Göründüyü kimi, burada əsas faktor sosial problemlər deyil, mənəvi deqradasiyadır.
Son dövlərdə “müasirlik”, qadın azadlığı”, “gender bərabərliyi” və sair bu kimi adlar altında aparılan psixtron təbliğatlar gənclərin psixologiyasını, şüurunu dəyişib, həyata baxışlarını dəyişib. Artıq ailəyə müqəddəs ocaq kimi yanaşılmır, tez-tez boşanıb başqası ilə yaşamaq normal qəbul olunur, qadınların və kişilərin xəyanət halları adiləşib, ailədə qarşılıqlı sevgi və fədakarlıq azalıb. Bunu ailə adalandırmaq olmaz, bu sadəcə müvəqqəti birgəyaşayışdır. Ailə tamam başqa şeydir və müqəddəs bir ocaqdır. Gənclərə bunu yox, ailə dəyərlərimizin əleyhinə təbliğat aparan qüvvələr bu günkü vəziyyətin yaranmasına səbəb olublar.
Ona görə də, milli-mənəvi dəyərlərin qorunması və mənəvi deqradasiyanın qarşısının alınması bu gün son dərəcə vacibdir. Müasirlik adı altında gənclərə yönəlmiş mənfi təbliğatlara son qoyulmalıdır. Bundan başqa, ailərə sosial dəstək proqramları tətbiq olunmalıdır. Çouşaqlılıq təbliğ edilməli, belə ailələrə xüsusi yardımlar edilməlidir. Uşaqpulunun verilməsi də bura daxildir. Bəzi ölkələrdə, (məsələn elə qonşu Rusiyada) 20 ildən artıq mövcud olan ailələrə ciddi məbləğdə xüsusi dövlət yardımı edilir ki, bu da boşanmaların azaldılması stimullaşdırıcı vasitələrdən biridir.
Evlənmələrin artırılması üçün yeni qurulan ailələrə güzəştli və uzunmüddətli şərtlərlə mənzil almaları təmin olunmalıdır. Gənclərin məşğulluq məsələsi, normal bir ailəyə yetəcək qədər gəlir əldə edə bilməsi imkanları artırılmalıdır.
Sosial-iqtisadi və mənəvi istiqamətlərdə ciddi tədbirlər görülməsə, yaxın onilliklərdə sürətli əhali azalması və qocalması qaçılmazdır. Gənclərin sayı azalacaq, iqtisadi aktivlik aşağı düşəcək, dövlətin sosial yükü artacaq. 20-30 il sonra yaranacaq acınacaqlı vəziyyətin qarşısını almaq istəyiriksə, fəaliyyətə bu gündən başlamalıyıq.
Sosial dəstək proqramları həyata keçirilməli və çoxuşaqlılıq, ailə dəyərləri təbliğ olunmalıdır. Boşanmalar çətinləşdirilməli, ailələrin möhkəmliyi təmin edilməlidir. Əks halda yaxın gələcəkdə ölkə çox ciddi demoqrafik və sosial problemlərlə üzləşəcəyik.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb