MİA

  • 5 124

105 yaşlı ustad: “Azərbaycan” Qəzeti

image

Azərbaycanın rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti 1918-ci ilin 15 sentyabrında nəşrə başlayıb. Bu gün 105 yaşlı olan mətbu orqanın ərsəyə gəlməsində Üzeyir Hacıbəyovun, qardaşı Ceyhun Hacıbəyovun böyük zəhməti olub. Azərbaycan qəzeti yarım ərslik mübarizənin məhsulu idi. Ölkə aydınlarının, ziyalılarının, ölkəmizin adını qoymaq istədikləri bir mətbu orqan yaratmaq təkidi azərbaycançılıq ideologiyasının sözdə deyil, əməldə təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra isə “Azərbaycan” adlı qəzetin nəşrə başlaması bu ideologiyanın baniləri üçün böyük yenilik idi.

Addım-addım “Azərbaycan”a

Respublikanın elan edilməsindən sonra hədəfdəki ilk məsələlərdən biri də rəsmi mətbu orqanın təsis edilməsi idi. Hələ iş çox idi, qəzetin büdcəsi hazırlanmalı, hökumətə təqdim edilməli, Gəncədəki mətbəə yenilənməli, işlək vəziyyətə gətirilməli, çap ləvazimatları alınmalı idi. Çətinliklərə baxmayaraq problemlər həll olundu. İlk nömrəsi sentyabrın 15-də Gəncədə işıq üzü görən “Azərbaycan” qəzetinin nəşri 6-cı nömrədən etibarən Bakıda davam etdi. İki dildə çıxan “Azərbaycan” qəzetinin 1920-ci ilin aprelin 27-ə kimi Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olundu.

Qəzetin partiya qəzeti olması barədə yayılan iddialar vardı və bu qəzetin yaradıcı heyətini narahat edirdi. Qəzetin baş redaktoru Üzeyir Hacıbəyov bu barədə yazırdı: “Danışırlar ki, “Azərbaycan” qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. Azərbaycan qəzetinin məsləyi Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.

Bütün aydınlar çiyin-çiyinə bir amal uğrunda

Dövrün aydınlarının böyük həvəsi, diqqəti, zəhməti hesabına “Azərbaycan” qəzeti öz ətrafında azərbaycançılıq ideologiyası üçün çalışan insanları toplayır. Adı Azərbaycan, əməli azərbaycançılığa xidmət olan bu qəzet dövrün bütün ictimai-siyasi hadisələri haqqında məqalələr dərc edir, dövlətin atdığı bütün addımlar barədə əhaliyə məlumat verir, yeni qurulmuş hökumətin ideyalarını və əməli addımlarını xalqa çatdırırdılar.

1919-cu ildə qəzetin redaksiya heyətində Məhəmmədəmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyov, Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov, Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Səhra Paşazadə, Mustafa bəy Vəkilov, Əbdül Əbdülzadə, Mirzə Hadi, Hacıibrahim Qasımov, Məmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə var idi.

1919-cu il yanvarından 1920-ci il aprelinədək “Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir Hacıbəyov olub. Qəzetdə onun çoxsayda baş (manşet) məqaləsi, Azərbaycan parlamenti haqqında reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları çap edilib. Məhz onun rəhbərlik etdiyi müddətdə qəzetin ətrafına çox saydı ziyalı, dövrün aydınları toplanıb ki, bu da qəzetdəki məqalələrin çeşidinə, zənginliyinə təsir edib. Daha sonra qəzetə Ceyhun Hacıbəyli, Xəlil İbrahimov, qəzetin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq edib.

Yenidən nəşr və 444-cü nömrə

27 aprel 1920-ci il həm müstəqil Azərbaycanın, həm də “Azərbaycan” qəzetinin son günü idi. Qəzet 443-cü nömrəsini oxuculara təqdim edib fəaliyyətini dondurdu.

1991-ci ildə Azərbaycanda rəsmi parlament qəzeti təsis edilərkən nəşri “Azərbaycan” adlandırmaq mümkün olmadı. Səbəbi isə Qarabağa Xalq Yardımı Komitəsinin bu adda nəşrinin olması idi. Ona görə parlamentin mətbu orqanına “Azərbaycan”la eyni dövrdə çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlıq etdiyi “Həyat” qəzetinin adı verildi. Lakin 440 nömrədən sonra, 23 sentyabr 1992-ci ildə Azərbaycan Respublikasının parlament orqanına öz tarixi adı- “Azərbaycan” qaytarıldı.

Yenidən dərc ediləndə “Azərbaycan” qəzeti nəşrə “444-cü nömrə” yazdı. Zənnimcə, burada “Həyat”a qarşı ədalətsizliyə yol verildi. Qəzetin fəaliyyəti dövründə böyük zəhmətlə ərsəyə gəlmiş 440 nömrəsi “Azərbaycan” yenidən nəşr ediləndə diqqətə alınmadı. 444-cü sayında qəzetin baş redaktoru Mehman Cavadoğlu “72 illik ayrılıqdan sonra” başlıqlı yazı yazmışdı. 1 il sonra İsa Qəmbər Parlament sədrliyindən istefa verəndə Mehman Cavadoğlu da qəzetdən gedir. Yeni baş redaktor Əmir Mustafayev təyin edilir. O, 9 ilə yaxın bu qəzetə rəhbərlik etdi.

“Azərbaycan” yenə azərbaycançılıq uğrunda...

2002-ci ilin aprelindən indiyədək “Azərbaycan” qəzetinin baş redaktoru “Şöhrət” Ordenli əməkdar jurnalist Bəxtiyar Sadıqovdur. “Azərbaycan” qəzeti indi də Milli Məclisin orqanı, rəsmi dövlət qəzetidir. Qəzetin baş redaktoru həm də Milli Məclisin deputatıdır. Bəxtiyar Sadıqov mətbuatda külüng vuraraq, pillə-pillə yüksəlib desək, yanılmarıq. O, bir qəzetin ərsəyə gəlməsində keçilən hər bir proseduru buna görə yaxşı bilir.

Bakı Dövlət Universitetindən məzun olduqdan sonra 23 yaşlı Bəxtiyar “Azərbaycan” nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləyib. Daha sonra “Abşeron” qəzetində əvvəlcə korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1986-cı ildən 1991-ci ilədək “Kommunist” qəzetində baş müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri işləyir. 1991-ci ildə yeni nəşrə başlayan “Həyat” qəzetinə dəvət edilir və 1992-ci ilədək “Həyat” qəzetində zona müxbiri kimi fəaliyyət göstərir, sonra “Azərbaycan”ın müxbiri, şöbə müdiri olur. 2002-ci ilin aprelindən indiyədək “Azərbaycan” qəzetinin baş redaktorudur.

15 sentyabr qəzetin 105 illik yubileyidir. Qəzet milli mətbuatımızda çox imzalara meydan olub, söz verib. “Azərbaycan” qəzeti respublika tariximizlə yaşıddır və bu yolda Azərbaycanın keçdiyi bütün məşəqqətlərə şahiddir. Onun arxiv səhifələrində yatan materiallar Azərbaycanın tarixidir. Qəzetin, dövlətçilik uğrunda çalışan bütün kollektivini və baş redaktorunu yubiley yaşları münasibəti ilə təbrik edir, əsrdən çox tarixi olan qəzetə isə sonsuz nəşr arzu edirik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər