PDF Oxu

MİA

  • 4 330

Rusiya XİN sabiq müavini: Ermənistandakı etirazlar mənasızdır, Qarabağ mövzusu bitmişdir - MÜSAHİBƏ

image

Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov "Moskva-Baku" portalına müsahibəsində Ermənistanda müxalifətin etirazlarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, Ermənistanda müxalifət hərəkatının davam edən etirazları və ənənəvi olaraq qarşıya qoyduğu məqsəd- ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Bu gün orada baş verənlər Paşinyanın siyasətində problemlərin olması məsələsi deyil, Ermənistan cəmiyyətinin hazırkı vəziyyətinin əksidir. Erməni cəmiyyətinin hələ də çox ciddi şəkildə bölündüyünün nümayişidir. İkincisi, 2-ci Qarabağ müharibəsindən sonra regionda formalaşmış siyasi və geosiyasi reallıqları cəmiyyət hələ də dərk edə bilmir. Üçüncüsü odur ki, Ermənistan cəmiyyətində təbii ki, kifayət qədər insan var ki, əvvəllər işğal olunmuş ərazilərin itirilməsini “xarici təzyiq” nəticəsində geri qaytarmaq mümkün olduğuna inanır. Bu, Paşinyanın siyasəti ilə bağlı deyil, Ermənistanın bundan sonra necə olacağı ilə bağlı mələsədir. Əgər o, bölünmüş cəmiyyət vəziyyətində qalmaqda davam edərsə, o zaman ölkənin problemlərin həllinə qovuşacağına ümid etmək çətindir.

Reallıq budur ki, müxalifətin gündəmi, Nikol Paşinyanın hakimiyyətdə olduğu bütün illərdə olduğu kimi, son dərəcə məhduddur: Bakı və Moskva üçün artıq qapalı olan Qarabağ məsələsinə, revanşizmə qayıtmaq üçün müxtəlif variantlardan söhbət gedir. Müxalifətin əsas problemi də budur: söhbət ölkənin gələcək inkişafı məsələləri, dövlət quruluşu məsələləri deyil, keçmiş gündəmdir. Ona görə də müxalifətin çıxışlarının Ermənistanda hər hansı dəyişikliyə səbəb olacağını gözləməzdim. Artıq mövcud olmayan bir şeyi necə diqqət mərkəzində saxlaya bilərsiniz?

- Müxalifətin gündəmi genişləndirmək problemi nədir? Niyə İkinci Qarabağ Müharibəsindən sonra bunu edə bilmədi və ya istəmədi?

- Gündəmi genişləndirmək ancaq birləşmiş cəmiyyətdə mümkündür. Ermənistan cəmiyyəti isə, dediyim kimi, son dərəcə parçalanmış qalmaqda davam edir. Müxalifət çoxdan başa düşür ki, bu və ya digər şəkildə, yalnız Qarabağ gündəmi, ərazilərin Azərbaycana “təslim edilməsi” gündəmi az-çox cəmiyyətin müxtəlif təbəqələrini birləşdirə bilər. Çünki bu, ənənəvi olaraq erməni cəmiyyəti üçün ağrılı məqamdan da artıqdır. Ona görə də müxalifət bu “alət”lə insanları birləşdirməyə çalışır. Amma müxalifət başa düşmür ki, bu, mövcud hakimiyyəti devirmək üçün kifayət deyil.

Müxalifət bu etirazları hakimiyyətin 8 ildir ki, insanların cari problemlərini həll edə bilmədiyi üçün etmir. Onun belə bir vəzifəsi yoxdur. Məqsəd cəmiyyəti ağrı ilə qarışdırmaq və əhalinin bu ağrısını müharibəni uduzan və sanki “əraziləri təslim edən” birinə qarşı yönəltməkdir. Amma Ermənistan əhalisinin əksəriyyəti də Qarabağ məsələsi ətrafında bütün bu hay-küydən yorulub.

Müxalifət bu gün nə edir və cəmiyyəti necə ayağa qaldırmağa çalışır- mən bunu sonuncu dalğa adlandırardım... Bu dalğa sadəcə, sahili yuyacaq, vəssalam. Və bir nəticə əldə etmədən, növbəti təkan almadan qumun içinə girəcək. Bu, bu gün olduqca aydın görünür. Dini və mülki amillərin birləşməsi həmişə nəzərdə tutulduğu kimi işləmir. Müxalifətə rəhbərlik edən arxiyepiskop ruhani lider olmağa çalışanda siyasi lider ola bilməz. Tavuş arxiyepiskopu vəzifəsindən istefa versə də, yenə də ruhani olaraq qaldı. Bu barədə rəsmi məlumat verilib. O, siyasətçi deyil. O, ancaq din xadimi kimi konsolidasiya edən amil ola bilər. O, yalnız cəmiyyətin ilhamverici rolunu oynayır, təşkilatçı deyil. Ancaq əsl təşkilatçı yoxdur- hər şey kortəbii şəkildə baş verir. Mitinqlər kortəbii olduqda isə kifayət qədər tez bitir. Hər dəfə erməni müxalifəti mütəmadi olaraq sabaha hər şey olduğunu bəyan etsə də, bu belə deyil. Arxiyepiskopun normal hökumət qura biləcəyini təsəvvür etmək qeyri-realdır.

Əgər kütlə onu baş nazirliyə namizəd elan edibsə, bu, qeyri-legitimdir. Onun namizədliyini heç bir parlament qüvvəsi irəli sürməyib. Parlament onu seçməlidir. Parlamentdə isə Ermənistanın baş nazirinin fraksiyası çoxluğa malikdir. 2018-ci il çevrilişi zamanı Paşinyan hadisəsində olduğu kimi, çevriliş zamanı hakimiyyət dəyişikliyi baş verə bilər. Amma müxalifətin indiki baş naziri vəzifəsindən uzaqlaşdırmağa gücü çatmır. Paşinyanı aradan götürməyin niyə mümkün olmayacağını artıq qeyd etmişəm.

Birincisi, o, parlamentə nəzarət edir. İkincisi, öz əhalisinə xaricdən dəstəyi olduğunu nümayiş etdirir. Bir çox ermənilər, eləcə də gürcülər üçün Aİ-dən dəstək, Aİ-yə üzvlük, Aİ-yə vizasız giriş məsələsi çox vacib mövzudur. Paşinyan da bunun üzərində oynayır. O, müxalifətdən daha geniş, daha konkret gündəm təklif edir. Müxalifət diqqət yetirdiyi məsələlər Ermənistanı keçmişə sürükləyir və onu real gələcəyin olmamasına məhkum edir. Paşinyan bu gün üçün gündəm, inkişaf və gələcək üçün gündəm təklif edir. Həm də heç vaxt Ermənistana aid olmayan bir şey üçün sonsuz əzab-əziyyət deyil. O, insanları real gündəmlə cəlb edir: hə, uşaqlar, mən Qarabağla məşğul olmaq istəmirəm, çünki ora bizim deyil. Mən Ermənistanın gələcək inkişafı proqramını, onun keçdiyi yolu təqdim edirəm. Mən hər kəsi məhz bu prosesdə- yeni Ermənistanın formalaşmasında iştirak etməyə çağırıram. O, deyəndə ki: tarixi Ermənistandan imtina edərək əsl Ermənistanın xeyrinə praqmatist kimi çıxış edir, bunun real olduğunu, burada nəsə edə biləcəyini anlayır. Ona görə də bu gün Paşinyanı əvəz edəcək real siyasi lider yoxdur.

Müxalifətin şüarları- Qarabağı qaytar, Qarabağa qayıt- sadəcə olaraq cəmiyyətin səfərbərlik formasıdır. Ermənistanda tarixi geri qaytarmaq, Azərbaycandan nəyisə geri almaq istəməyi indiki Azərbaycan hakimiyyəti dövründə mümkün deyil. Ermənistanın indiki vəziyyətini nəzərə alsaq, bu mümkün deyil. Tarixi geri qaytarmaq üçün hərbi güc lazımdır. Azərbaycanla müqayisədə bu, Ermənistanda yoxdur. Tarixi geriyə qaytarmaq üçün konkret ölkədə, indiki halda Ermənistanda cəmiyyət konsolidasiya edilməlidir. Belə ki, bütün ölkə belə bir nöqteyi-nəzərdən çıxış etsin ki, bunlar atılmalı olan addımlardır. Ermənistanın Qarabağı yenidən nəzarətə götürməsi mümkün deyil. Və bir çox insan da bunu qəbul etmir və tanımır. Bir çoxları isə hadisələrdən yapışıb daha yüksəklərə qalxmaq üçün “Qarabağ məsələsindən” siyasi kapital kimi istifadə edirlər.

- Ermənistandakı etirazlarla bağlı Rusiyanın mövqeyi necədir?

- Rusiya prezidenti dəfələrlə bildirib ki, regionda vəziyyət dəyişib, Ermənistan özü də Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və rəsmi Moskvanın mövqeyi ondan ibarətdir ki, regionda hamının, o cümlədən Ermənistanın irəli getməsi lazımdır. Budur, Qarabağ münaqişəsi həll olunub, Moskvaya sülh və sabitlik lazımdır, regionda əməkdaşlıq qarşılıqlı faydalıdır.

Ermənistanla indiki münasibətlərdə Moskva üçün çətin amil də var. Göründüyü kimi, KTMT ətrafında Ermənistanla bağlı əhvalat tezliklə Moskva ilə İrəvan arasında münasibətlərdə yeni neqativ müstəviyə keçəcək.

Amma fakt odur ki, bütün dünyada, o cümlədən Rusiyadakı erməni diasporunda Qarabağla bağlı hələ heç nəyin bitmədiyi, silahın hələ də atılmadığı mövqeyindən çıxış edən dairələr var. Nəhayət bu “tamaşa”nın bitməsi ilə başqa nəyi düzəltmək olar. Düşünürəm ki, Ermənistanda hər şeyin, vəziyyətin dönməz olduğunu başa düşmək üçün regionda sülh gündəminin mövcudluğunu nəzərə alsaq, daha iki, üç və ya dörd il keçməlidir.

Təbii ki, İrəvan bu gün Azərbaycanla sülh gündəliyinin həyata keçirilməsində iştirak etməyə başlayıb. Bu yolda irəliləyiş var. Allaha şükür. Çünki bundan əvvəl biz bu sahədə çıxılmaz vəziyyətlə üzləşmişdik. Amma Paşinyanın bu məsələdə nə dərəcədə tam ardıcıl olacağını söyləmək çətindir. Yenə də hakimiyyətdə olduğu bütün dövr göstərdiyi kimi, o, situasiyalı liderdir: situasiyaya əsasən qərarlar verir. Axı Ermənistanın siyasətində, xüsusən də siyasətçilərin və diplomatların fikirlərində Qarabağ məsələsini gündəmdə saxlamağa çalışan Fransanın simasında çox güclü xarici amil var. Paşinyanın hakimiyyəti saxlamaq və eyni zamanda əhaliyə nə isə təklif etməli olduğu bir şəraitdə “ikiüzlü” olmalıdır.

Moskva Ermənistandakı vəziyyəti izləyir. Necə ki, Gürcüstanda vəziyyətin necə inkişaf edəcəyinə baxır. Bu gün Cənubi Qafqazda vəziyyət ənənəvi olaraq ağırdır. İndiki vəziyyətdə Rusiya üçün, xüsusən də Ukrayna faktorunu nəzərə alaraq, baş verən hər şeyin nəticələrinə baxmaq və anlamaq vacibdir. Rusiya üçün isə indi ən önəmlisi qəfil hərəkətlər etməməkdir. Bizə sabitlik və yeni böhran vəziyyətlərinin olmaması lazımdır.

Bunun fonunda Gürcüstan və Ermənistanda etirazları müşahidə edəndə bu gün Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir. Həm sabitdir, həm öz gündəmi var, həm də məqsədləri, məqsədə çatmaq üçün mexanizmləri var. Dövlətin mövqeyinin perspektivləri yaxşıdır. Ona görə də, seçkidən sonra Vladimir Putin tərəfindən Kremldə ilk qəbul edənlərdən biri İlham Əliyev olub. Və İlham Əliyev də yenidən prezident seçildikdən sonra Rusiyaya ilk səfər edənlərdən olub.

- Moskva Ermənistandakı səfirinin məsləhətləşmələrə çağırılmasını heç bir təfərrüatı ilə şərh etmir...

- Əlbəttə, bu barədə şərh verə bilmərik. Çətinlik sadəcə bir faktdır. Hamıya aydın olmalıdır ki, belə bir jestin həm siyasi, həm də diplomatik əhəmiyyəti var. Amma biz Paşinyanla münasibətləri situasiyaya uyğun qurmağa davam edəcəyik. Çünki o, Ermənistanın əsl lideridir. O, obyektiv reallıqdır. Bu o deməkdir ki, həm Rusiyanın, həm də Azərbaycanın siyasətində bu obyektiv reallıq nəzərə alınmalıdır. Haradasa danışıqlar aparmaq lazımdır, haradasa sadəcə gözləmək lazımdır.

- İrəvanın məlum anti-Rusiya siyasətini və bəyanatlarını nəzərə alsaq, səfirin çağırılması ilə bağlı Moskvanın Paşinyana hansısa şərtlər qoymağa çalışacağı variantı varmı?

- Məncə, Moskvanın indi buna vaxtı yoxdur. Onsuz da çoxlu problemlərimiz var. Ani hərəkətlər etməməliyik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər