MİA

  • 4 177

Yaşamağım üçün qan verərsən?

image

14 iyun Ümumdünya Qan Donorları Günüdür. BMT-nin 2005-ci ildən etibarən ABO qan qrupu sistemini kəşf edən Nobel mükafatlı alim Karl Landştaynerin doğum gününü 14 iyunu "Ümumdünya Könüllü Qan Donoru Günü" elan edib.

Məhz donorların o mükəmməl humanizmləri, anlayışları və empatiyaları sayəsində dünyada milyonlarla insan sağlamlığına qovuşur. Hər il orucluq ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası təşkil edir, düşünün, bundan daha müqəddəs ibadət, humanizm, mərhəmət ola bilərmi? Qan verib həyat qurtarmaq, bir insanı ölümdən xilas etmək nə qədər dəyərlidir, deyilmi?

Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Qan donorluğu sağlamlığın və həyatın əsas simvolu olaraq xarakterizə edilir, müasir tibbdə yeganə mənbəyi insan olan həyati funksiyaya sahibdir. Qan verəcək şəxs 18-65 yaş aralığında, ən azı 50 kilo çəkidə olmalıdır.

Hər qanvermə üçün cəmi 1 ölçü vahidi qan verilir. 1 vahid qan təxminən 450 ml-dir. Bu nisbət bədənimizdəki qanın yüzdə 8 və ya 9-nu təşkil edir. Kişilər üç aydan bir, qadınlar isə dörd aydan bir qan verə bilər. Qan verdikdən sonra hüceyrələr təxminən 2 ay ərzində bərpa olunur. Ona görə də vaxtaşırı qan verməkdə problem yoxdur. Sağlam insan ildə 3-4 dəfə qan verə bilər.

Bu gün texnologiyanın inkişafına baxmayaraq qan laboratoriya mühitində istehsal oluna bilməyən və yeganə mənbəyi insanlar olan daimi ehtiyacdır. Bu səbəbdən mütəmadi olaraq qan vermək bir çox insanın həyatda qala bilməsi üçün ən vacib ehtiyac ola bilər. Qan donorluğu sosial məsuliyyətdir. Unutmaq olmaz ki, qanvermə könüllülük əsasında, təmənnasız olaraq həyata keçirilir və bir gün qan verən insanın və ya yaxınlarının da buna ehtiyacı ola bilər

Məlumat üçün qeyd edək ki, 2008-2018-ci illər arasında qlobal qan donorluğunda orta hesabla 10,7 milyon vahid artım müşahidə olunub. Sözügedən dövrdə qan donorluğunda ən yüksək artım Cənub-Şərqi Asiyada, Amerika və Afrika qitələrində müşahidə olunub. Dünya üzrə qan donorluğunun 33 faizi qadınlar, 67 faizi isə kişilər tərəfindən təmin edilib. Orta və yüksək gəlirli ölkələrlə müqayisədə aşağı gəlirli ölkələrdə gənclər daha çox qan verirlər.

Qarşıdan Aşura günü gəlir. Əvvəllər Azərbaycanda insanlar bu mərasimlərdə özünə xətər yetirib qan tökürdü, bu dini inanca bağlı bir ayin idi. Hətta azyaşlı uşaqların qanını axıtmaqdan çəkinməyənlər də var idi. Lakin illərdir aparılan maarifləndirmə nəticəsində artıq həmin insanlar özünə xəsarət yetirmək əvəzinə qan verir və beləcə xeyriyyə işi ilə məşğul olurlar. Bu ənənənin formalaşması çox müsbət haldır, daha yaxşısı isə dövlət idarələrinin, özəl müəssisələrin, millət vəkillərinin də bu kampaniyaya könüllü şəkildə qoşulmasıdır.

Qanvermə aksiyalarının təşkil olunmasında əsas məqsəd bu kampaniyaya daha çox insanı dəvət etmək və onların maariflənməsinə dəstək olmaqdır. Bu mənada qanvermə aksiyası gözəl təşəbbüs kimi qiymətləndirilməlidir. Bu insanlar minlərlə insanın həyatını xilas etmiş olurlar. Təkcə bu davranış özü empatiyanı, mərhəməti aşılayır, yardımlaşmanın, köməkləşmənin mahiyyətini qoyur. Sözügedən məsələdə mətbuatın da rolunu da danmaq olmaz. Hər il məlum ayinin icrası ərəfəsində mətbnuatda qanvermə aksiyaları ilə bağlı ciddi təbliğat işləri aparılır. Əvvəllər Aşura günündə baş verən hadisələri çəkib mətbuatda yayımlayan jurnalistlər indi qanvermə aksiyalarını təbliğ edirlər. Bu haqda onlarla məqalələr yazıldı, süjetlər, fotoreportajlar hazırlandı. Həqiqətən də media cəmiyyətin maariflənməsində böyük rol oynayır. Biz bunun bir daha şahidi olduq. Qanvermə aksiyasını gündəmə gətirənlər və onun yayılmasına dəstək olanlar məhz jurnalistlərdir.

Azərbaycanda orqan transplantasiyası çoxçeşidli deyil, ona görə donorluq üçün ümumi müraciət yoxdur, amma sadəcə, qan verərək insan həyatı qurtarmaq, bir canlını həyata bağlamaq qədər asan və gözəl nə var? Bəzən sosial şəbəkələrdə talassemiyalı xəstələr üçün qan elanı verilir, könüllülər çox olur, gedib təmin edirlər. Amma o könüllülər qan bankına qan vermir. Düşünürlər ki, onun xeyirxahlıq üçün verdiyi qanını sata bilərlər. Sizin verdiyiniz qan lazımı şəraitdə mühafizə edilir, ehtiyacı olan üçün göndərilir. Əgər qanınızı verməkdən çəkinirsinizsə, o zaman əlaqə vasitəsi qoyun, qan qrupunuza ehtiyacı olan xəstələr, qan axtaranda sizinlə əlaqə yarada bilsinlər.

Bu gün dünyada insanlar ilik donorluğu ilə xərçəng xəstəliyindən əziyyət çəkən milyonlarla can xilas edilər. Sizin sağlamlığınız üçün heç bir təhlükə yaratmayan bu kiçik prosedur xərçəngin yenməyə çalışdığı bir insanı, bir uşağı ölümdən qurtarır. Sizin verəcəyiniz bir şüşə qan bir talassemiya xəstəsini həyata qaytarır. Üstəlik, qan verməklə həm yaxşılıq etmiş olursunuz, həm də sağlamlığınıza xeyirdir. Donorluğu məqsəd, vəzifə, insanlıq borcu kimi görmək lazımdır. Bu gün qana ehtiyacı olanın yerində sabah biz də ola bilərik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər