Jurnalistika I qan qrupuna çox bənzəyir. Necə ki, bu qan qrupu bütün qruplara qan verə bilir, yalnız öz qrupundan qan alır, jurnalistikada da belədir ki, jurnalist çox vaxt tək mətbuatda çalışa bilir, lakin digər ixtisas sahibi olan hər kəsə qapılarını taybatay açır.
İstedadı, bacarığı olan insanlar təbii ki, mətbuatın yaraşığıdır. Buna heç kimin sözü ola bilməz. Və uzun illər boyu belə maarifçi, yenilikçi insanların mətbuatımıza verdiyi töhfələrin də şahidi olmuşuq. Lakin bacardı-bacarmadı, hər kəsin jurnalist olmaq istəməsi, media subyektlərində iş yerlərini zəbt etməsi, müasir dövrümüzdə isə artıq blogerlərin də jurnalist kimi müxbir olması, bəzi media orqanlarının onlardan açıqlama alması ya müasir dövrün bizə çatmayan tələblərindən söhbət açır, ya da mediamızda xeyli problemlərin olduğundan xəbər verir.
Birinci, ölkəmizdə bir neçə ali təhsil ocağında jurnalistika fakültələri fəaliyyət göstərir. Necə ki, jurnalist təsadüf nəticəsində başqa bir sahədə işləməli olursa, müəyyən vaxtdan sonra ondan ikinci təhsil tələb edilir, deməli, mətbuat sahəsində də əsas üstünlük jurnalist ixtisaslı kadrlara verilməlidir. Digər ixtisas sahibi olub, lakin jurnalist kimi fəaliyyət göstərənlər isə ya bu sahəyə yaxın ixtisaslı, ya da ikinci ixtisas təhsilli olmalıdır. Kim nə deyir, desin, buna ciddi yanaşmamağın səbəbdir ki, bu gün mətbuatda çoxsaylı problemlə üzləşirik.
Yerindən qalxan jurnalist olanda...
Hansı səbəbdəndir, bilmirəm, çoxsaylı insan jurnalist olmaq istəyib zaman-zaman. Bu sahə kənardan asan bir iş yeri kimi görünür, hər kəs özünü yaradıcı və ya üzərinə düşəcək işin öhdəsindən gəlməyə hazır hesab edir, deyə bilmirəm, lakin uzun illər yerindən qalxan çox adam jurnalist olmaq məqsədilə üz tutub qəzet-jurnal, televiziya-radio redaksiyalarına. Müasir dövrümüzdə isə agentlik, sayt portalları da buna əlavə etsək və kiçik bir araşdırma aparsaq, bütün media subyektlərində qeyri-ixtisaslı kadrların jurnalistlərdən çox olduğunu görə bilərik. Sanki adamda belə bir təəssürat formalaşır ki, ölkədə jurnalist qıtlığı var. Bu sahədə ixtisaslı kadr az olduğundan ona görə vəziyyət belədir. Hansı ki, hər il ali təhsil ocaqlarından yüzlərlə jurnalist məzun olur.
Söz yox ki, bu yazını heç də hər kəs eyni şəkildə qəbul etməyəcək. Haqq qazandıranlar da olacaq, “doğru fikir yürütmürsən” deyənlər də olacaq, lakin yenə də vurğulamaq istəyirəm, sözünü mətbuatda deyənlərdən, özünü təsdiqləyənlərdən söhbət getmir. Söhbət mətbuata yamaq olanlardan, bu sahəyə bacarıqsızlığı ilə çoxsaylı problem gətirənlərdən gedir. Və elə onların fonunda da mətbuatımıza yenicə qədəm qoymada olan blogerlərdən, bir də bu qədər problemə yol açanlardan gedir.
Yəqin məlumatınız yox deyil ki, bəzi televiziyalar xəbəri müxbirlə yanaşı, artıq blogerlərdən də alır. Elə bəzi agentlik və saytlarda da blogerlərdən xəbər, məlumat alanlar var. Maraqlıdır, bu sahədə ali təhsil alan, bir neçə il iş təcrübəsi olan jurnalist bəzən məlumatı “Media haqqında” Qanun çərçivəsində verməyi bacarmır, hadisəyə yanaşmada səhvə yol verir. Bəs belə isə bəzən orta təhsili olmayan blogerdən hər hansı bir hadisə ilə bağlı məlumat almaq, fikrini deməsini istəmək nə dərəcədə düzgündür?..
Bəli, yerindən qalxan jurnalist olmaq istəyəndə...
“Like”-“clikbait”, “chatgpt” və “bloger” jurnalistikası meydana gəlir
150 yaşı olan mətbuatımız baxmayaraq ki, uzun bir yol keçib, özünəməxsus ənənələri var, lakin bu günə o ənənələrdən qalan çox azdır. Məsələn, müasir media əsasən xəbər və reportajdan ibarətdir. Hansı ki, janr mətbuatın geyimidir, biz isə illərdir onu soyundura-soyundura artıq çılpaq bir vəziyyətə salmışıq.
İndi sanki bütün media orqanları bir xəbər yarışına çıxıb: kim xəbəri birinci verəcək, onu necə təqdim edəcək, bundan necə bəhrələnəcək, mətndən xəbəri olmayan qondarma sərlövhəyə görə nə qədər insan onu “klik” edəcək, kimin “like”si daha artıq olacaq... Beləliklə, mediamızda ayrıca bir “like” jurnalistikası formalaşıb. Onlarla qəzet, televiziya və radio janrlarından xəbəri olmayan, sadəcə xəbər yazmaqla özünü jurnalist hesab edən bir jurnalistika. Hələ bu xəbərlərdəki ana dilinə tutulan sitəmdən danışmıram. Çünki bu, ayrıca, həm də günlərlə danışmaqla bitməyən bir mövzudur.
Süni intellekt meydana çıxdıqdan sonra isə mətbuatda jurnalistikanın yeni bir qolu yarandı: “chatgpt” jurnalistləri. Bunlar nə edir? Lazım olan məlumatı “chatgpt”yə göndərir, “chatgpt” isə onlar üçün xəbər yazır. Müəllif özü yazıbmış kimi agentlik, sayt və portal rəhbərlərini aldadır və özünü jurnalist hesab edir. Çox təəssüf ki, belə jurnalistlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti ixtisaslı kadrdır, yəni aid ixtisas üzrə təhsil alan və ya digər peşələrin jurnalist kimi çalışanlarıdır.
Xəbərin, hadisəyə münasibətin blogerdən alınmasına gəlincə isə, müasir dövrdə sanki olmayacaq nə isə qalmayıb. Deməli, bunu da görəcəkdik. Bəs bloger məlumat verməyə və hadisəyə münasibət göstərməyə nə qədər haqlıdır? Bax bunun cavabını onların “əməyindən” istifadə edənlər desin. Dünənədək hər hansı bir kafe-restoranını, geyim, ətriyyat mağazasının reklamını aparıb düzgün cümlə qura bilməyən, dünyagörüşü sadəcə bu sahələri insanlara tanıtmaq və təklif etmək çərçivəsinə sığan bloger xəbər verməyi, hadisəyə münasibət bildirməyi, mətbuata daxil olmağı necə bacarır? Hansı haqla, əsasla ondan fikir soruşulur, dediyi sözün məsuliyyəti, doğru-düzgünlüyü “Media haqqında” Qanuna, jurnalist etikasına sığırmı, bu tələblərə cavab verirmi, bax, maraqlı olan budur.
Göz yumduğumuz kiçik problem böyüyüb boya-başa çatır
İstənilən-təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin hər hansı birində yaranan kiçik bir problemin qarşısı alınmayanda onun böyüyəcəyi şübhəsizdir: Bu gün məktəblərimizdə kişi-qadın müəllimlərin disbalansı, müəllim-şagird münasibətlərinin alt-üst olması kimi, USM müayinələrinin nəticəsi olaraq ölkədə oğlan uşaqlarının qızlardan dəfələrlə çox sayda doğulub gələcək üçün problem yaratması kimi, təhsil almadan ixtisaslı həkimtək fəaliyyət göstərənlər kimi... Bu kimi nümunələri çox sahədə çəkmək olar.
Zaman dəyişib, indi internet dövrüdür, yeni texnologiyalar bir-birinin ardınca həyatımıza daxil olur və bunun da sayəsində ətrafımızda hər şey dəyişir. Bunu anlayırıq hər birimiz. Lakin ənənələr var ki, onları qurban vermək olmaz. Hələ də ki, görə-görə göz yummaq, “əşi”,- deyib keçmək, şübhəsiz, problemə çevriləcək və o problem böyüyüb boya-başa çatanda “biz nə etdik ki, bu günlərə qaldıq”,- deyəcəyik.
Bax, müasir mətbuatımız bu gündədir. Qapılarını açıb bütün problemləri yuxarı başa keçirir. Göz yumuruq. Sanki “like” ardında olanları görmürük, “clikbait” sərlövhə qarşımıza çıxmır, xəbəri jurnalistin, yoxsa “chatgpt”nin yazdığının, blogeri jurnalist edənlərin fərqində deyilik. Hər birini çox yaxşı görür və bilirik. Sadəcə ya bu anormallığı normal kimi qəbul edirik, ya da “mən yox, qoy başqası buna reaksiya versin”,- deyirik. Bunun adı isə göz yummaqdır.
Baxın, qısa zaman kəsiyində “like”çılər, “clikbait”çilər, “chatgpt”çilər necə sürətlə mətbuatda yerləşə bildilərsə, göz yumsaq, blogerlər də belə sürətlə yerləşəcək. Sonra mətbuatın müasir dövründən nə və necə danışacağıq?
Jurnalistika I qan qrupu funksiyasında ola bilər. Lakin bu funksiyanı bənzəri kimi həyata keçirsə, daha yaxşı olar. Qoy mətbuatımıza ən birinci heç olmasa 4 il jurnalistika təhsili alanları yerləşdirək, tək yerləşdirməklə kifayətlənməyək, onlara 150 ilin sirrini də aşılayaq. Aşılayaq ki, mətbu ənənələri yaşada bilək.
Bir sözlə, mətbuatımızı yuxarıda vurğuladığım “müasirlikdən” qoruyaq! Bunun üçün onun nəzarətə ehtiyacı var. Sizi bilmirəm, məncə düşünməyə dəyər...
Mətanət Məmmədova