MİA

  • 1 800

II Şuşa Forumu dünya mətbuatında: haqqımızda nə yazdılar? -FOTOLAR

image

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.

Dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” də forumla bağlı geniş məqalə yayımlayıb. Məqalədə Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verilib. Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını bildirib. Məqalədə həmçinin Azərbaycan hakimiyyətinin Fransanı, Azərbaycan və Ermənistan arasındakı otuz illik münaqişəyə son qoymaq, Azərbaycanın öz torpaqlarını geri qaytarmaq şərti ilə sülh müqaviləsinə nail olmaq səylərində və Ermənistanın xeyrinə qərəzli olmaqda ittiham etdiyi də yazılıb. Bildirilir ki, Azərbaycan ötən ilin dekabrında qərəzli münasibətinə görə iki fransız diplomatını ölkədən çıxarıb.

Şuşa Forumundan yazan KİV arasında Vyetnam Xəbər Agentliyi də var. Agentliyin (VNA) baş direktor müavini Doan Thi Tuyet Nhungun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 20-22-də Azərbaycanın Şuşa şəhərində keçirilən ikinci Şuşa Qlobal Media Forumunda iştirak edib. Agentliyin rəsmi saytında verilən məqalədə bildirilir ki, “Yalan məlumatların ifşası: Dezinformasiya qarşı mübarizə” mövzusunda keçirilən forumda 30 ölkənin xəbər agentliyi, üç beynəlxalq təşkilat, 82 qlobal və regional media qurumu da daxil olmaqla, 50-yə yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edib. Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı da şərh olunub, dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin məlumatların yoxlanılması və doğru xəbərlərin yayılmasında məsuliyyətini artırmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Hikmət Hacıyev süni intellektin sürətli inkişafı fonunda qlobal medianın üzləşdiyi çətinlikləri vurğulayaraq xəbər agentliklərinin Birləşmiş Millətlər Təşkilatı və digər qlobal təşkilatlarla daha sıx əməkdaşlıq etməli olduğunu vurğulayıb və əlavə edib ki, dəqiq məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.

Forum çərçivəsində VNA-nın baş direktorunun müavini Nhunqun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə görüşdüyü barədə də məqalədə qeydlər var. Qeyd olunur ki, hər iki tərəf yalan xəbərlər, dezinformasiya və yoxlanılmamış məlumatlarla mübarizədə informasiya agentliklərinin əməkdaşlığın artırılmasının və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar və informasiyanın istehsalı və yayılmasında süni intellektin tətbiqində, eləcə də yanlış məlumat yaratmaq və yaymaqla bağlı riskləri azaltmaq üçün effektiv idarəetmə strategiyalarını müzakirə ediblər. AZƏRTAC və VNA arasında səmərəli əməkdaşlığın iki ölkə arasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyini qeyd edərək, iki informasiya agentliyi arasında əməkdaşlıq müqaviləsinin tezliklə yenilənməsi barədə razılığa gəliblər.

İtaliyanın KİV də Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimindəki çıxışına geniş yer ayırıb, məqalələr hazırlayıblar. İtaliyanın “MarketScreener” “Agenzia Nova”, “Color News”, “Avia-pro” kimi xəbər saytlarında yayımlanan məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən Şuşaya gələn jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi müfəssəl cavablar şərh edilib, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib.

Prezidentin çıxışını şərh edən məqalələrdə bildirilir ki, “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə və hədə var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşdirilməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir”.

Nüfuzlu “İnterfax” egentliyinin yayımladığı məqalədə isə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Rusiya qazını reeksport etməsi ilə bağlı iddiaları təkzib edib. Məqalədə Prezidentin bununla bağlı yayılmış deinformasiyaları şərh etdiyi bildirilir və bu şərhə geniş yer ayrılıb: “Eşitmiş ola bilərsiniz ki, Azərbaycan yenidən Rusiya qazını Avropaya satmaqda ittiham olunur. Bu, yenə tamamilə yalan xəbərdir. Tək bir misal: bəli, beynəlxalq bazarlarda qiymətlər çox yüksək olanda biz Rusiyadan 1 milyard kubmetr qaz almışdıq. Rusiya qazının qiyməti münasib idi. Bu, artıq qeyd etdiyim kimi, 25 milyard kubmetr ixrac edirik, yalnız 1 milyard kubmetr idxal var. Rusiya qazının ixracı üçün kanal rolui oynamağımız barədə deyilənlər tamamilə böhtandır”.

Məqalədə İlham Əliyevin qətiyyətli fikirlərinin ağıllarda sual işarəsi qoymadığı qeyd edilir: “Prezident bildirdi ki, Azərbaycanın heç kimin qazına ehtiyacı yoxdur. Müəyyən səbəblərdən türkmən qazının İran vasitəsilə Azərbaycana nəqli də dayanıb, deməli, buna Azərbaycanın ehtiyacı yoxdur. Amma Ukrayna və Avropa Komissiyası Azərbaycana müraciət edib, həmçinin Rusiya ilə danışıqlar gedir. Azərbaycan prezidenti deyir ki, bu məsələdə Rusiya ilə danışıqlar prosesinə kömək edə bilsək, edəcəyik, amma hər cür ittihamlardan uzağıq, biz sadəcə vasitəçiyik, başqa heç nə yoxdur”.

“İnterfax”ın məqaləsində həmçinin bildirilir ki, İlham Əliyev bildirib ki, Ukrayna ilə Rusiya arasında müqavilənin müddətinin ləğvi ilə bağlı Ukrayna hakimiyyəti və Avropa İttifaqı bu müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsi üçün Azərbaycana müraciət edib və president bu məsələni belə şərh edir: “Görünür, hər iki tərəf bunda maraqlıdır, çünki Ukraynanın özünün də bu qaza ehtiyacı var. Avstriya və Slovakiya kimi ölkələr ciddi problem yaşayacaqlar. Ya onlar yüz milyonlarla pul ödəməli olacaqlar - mən dəqiq rəqəmin adını çəkmək istəmirəm, çünki bu mənim işim deyil, ona görə də mən təxminən danışıram - başqa mənbələrdən qaz almaq və ya fiziki olaraq onların əlavə qaza çıxışı olmayacaq, çünki digər Avropa ölkələrindən fərqli olaraq bu ikisi ən çətin vəziyyətdədir”.

“Vestikavkaza”da dərc olunan məqalədə isə bildirilir ki, qlobal sabitliyin inkişafında əsas problemlərdən biri müasir dünyada bilərəkdən yanlış məlumatların yayılması hesab edilə bilər. Daha çox texnoloji imkanlar yarandıqca informasiya kanallarının sayı da artır. Bu, etibarlı informasiya sistemini formalaşdıracaq yeni yanaşmaların işlənib hazırlanması zərurətini doğurur. Məqalədə deyilir ki, Azərbaycan noyabrda COP29 konfransına ev sahibliyi edəcəyi üçün Forum iştirakçıları həm də hazırlıqların necə getdiyi və dövlətin qlobal iqlim dəyişikliyi ilə mübarizədə necə mübarizə etdiyi barədə məlumat almaq imkanı olub.

“News.ru” portalı isə formula bağlı hazırladığı məqalədə bildirir ki, Şuşada keçirilən media forumunun möhtəşəm açılışı İlham Əliyevin çıxışı ilə oldu. Azərbaycan liderinin üç saat davam edən mətbuat konfransı verdiyindən, forumun qonaqlarına dezinformasiya ilə mübarizənin əhəmiyyətindən danışdığını yazan sayt qeyd edir ki, İlham Əliyevin sözlərinə görə, Azərbaycanla bağlı yalan nağılların ifşası siyasətin tərkib hissəsinə çevrilib: “Azərbaycan Prezidenti belə dezinformasiyaya misal çəkdi. Onlardan biri Ermənistanla Azərbaycan arasında münaqişə və bütün erməni diasporunun səfərbərliyi idi. Erməniyönlü siyasətçilər, media nümayəndələri Azərbaycana hücum edib, Azərbaycan haqqında yalan məlumatlar yayıb, Azərbaycanı reallıqdan uzaq obrazda təqdim ediblər deyə prezident gileyləndi. O vurğulayıb ki, informasiya hücumları nüfuza, investisiya imkanlarına xələl gətirir, beynəlxalq ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırır və onlarla qarşılaşan istənilən ölkənin qeyri-real ssenariləri üzərində cəmlənir”.

Sayt prezident köməkçisi Hikmət Hacıyevin də çıxışından sitatlar yayımlayıb. Bildirilib ki, Hikmət Hacıyev “Dezinformasiya həm milli, həm də qlobal təhlükəsizliyə təhlükə yaradır. Dezinformasiya mətbuat azadlığını və mətbuatın əsas prinsiplərini sarsıdır. Dezinformasiya müəyyən məqsədlərə çatdıqda, mətbuatın təməl prinsiplərini pozduqda müəyyən qrupların maraqlarına xidmət edə bilər”, - deyə çıxışında bildirib.

Ukraynanın “RBK-Ukrayna”, UNIAN, “Yevropeyskaya Pravda”, “UKR.net”, “ZN.ua”, “Uanews.ua” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycanın Avropanın enerji, təbii qaz təchizatındakı rolu, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyinə dair fikirləri yer alıb. Xüsusilə “RBK-Ukrayna” agentliyi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, əlindən gələni əsirgəməyəcəyini vəd edib.

Misirin “Mena” xəbər agentliyinin, “akhbarelyom”, “amanataljouf” portallarının yaydıqları materiallarda Prezident İlham Əliyev iqlim dəyişikliyi nəticəsində yaranan fəsadlara qarşı mübarizə yolları ilə bağlı məsələlərdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərində etimad boşluğunu azaltmaq üçün ölkəsinin səylərini diqqətə çatdırdığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 bu ölkənin təmiz enerjinin inkişafı planlarının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qlobal tendensiyanı dəstəklədiyini göstərir. Yazıda dövlət başçısının zəngin ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin yaratdığı fəsadlarla mübarizə aparmağa kömək etməli olmaları ilə bağlı fikirləri də əksini tapıb.

Vurğulanıb ki, Prezident İlham Əliyev xarici mətbuatda Azərbaycanla bağlı çoxlu yalan məlumatın və xəbərlərin dərc olunduğuna diqqət çəkərək bildirib: “Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi”. Dövlət başçısı xarici medianın obyektivliyə riayət edəcəyinə ümidvarlığını da bildirib.

Məqalələrdə, eyni zamanda, dövlətimizin başçısının Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir” fikirləri də misirli oxucuların diqqətinə çatdırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “WAM” agentliyi də Şuşa Forumuna yer ayırıb. Qeyd olunub ki, forumda inkişafa və qlobal sabitliyə ən mühüm təhlükələrdən biri olan yalan məlumatların müasir informasiya mühitində sürətlə yayılması araşdırılır, müxtəlif media orqanlarında texnologiyanın təqdim etdiyi çoxsaylı imkanlar, davamlı artım nəzərdən keçirilir, informasiya kanallarında və düzgün ictimai məlumat üçün sistemlərin formalaşdırılması ilə bağlı yeni yanaşmalara, alətlərə və mexanizmlərə ehtiyacla bağlı müzakirələr aparılır.

Bildirilib ki, Forum iştirakçıları rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı çətinliklərlə mübarizə aparmaq üçün innovativ metodları və proaktiv strategiyaları araşdırmağa, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı dəstəkləməyə və genişləndirməyə çalışırlar. Qırğızıstanın “turktoday.info” informasiya agentliyi də Qlobal Media Forumundan yazıb. Agentlik Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı ilə bağlı fikirlərinə xüsusi diqqət çəkib.

Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb. Dövlət başçısının Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib. Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib. Bundan əlavə, qeyd olunub ki, Prezident, həmçinin Pakistan mediasında da hər zaman qardaş dəstəyi gördüyünü vurğulayıb. Prezident İlham Əliyevin “Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun” fikri də qırğız oxucuların diqqətinə çatdırılıb.

Şuşa Forumu Gürcüstan portalları tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırdığını qeyd edib. “Aktual.ge” portalı dövlət başçısının bu fikrini sitat gətirib: “Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək”.

Rumıniyanın “Gandul”, Bolqarıstanın “Episentr”, “Seqa” və digər nəşrləri də Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurmasını, Qoşulmama Hərəkatına sədrliyini, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlərini geniş oxucu kütləsinə təqdim ediblər.

Yazılarda xüsusilə Azərbaycan-Fransa münasibətləri təhlil olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qoşulmama Hərəkatının bir çox üzvünün keçmişdə kolonializmin qurbanı olduğunu deyib. Dövlət başçısı deyib ki, Azərbaycan bu ölkələrə keçmişin iyrənc qalığından özlərini azad edə bilmələri üçün kömək etmək istəyir. Bu ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrindən bu sitat gətirilib: “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik”.

Özbəkistanın milli xəbər agentliyində (UZA) dərc olunan “Dünya mediası Azərbaycanda dezinformasiyaya qarşı mübarizə məsələlərini müzakirə edir” sərlövhəli materialda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda 50-dən çox ölkədən media nümayəndələrinin iştirak etdikləri bildirilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti çıxışında süni intellekt məsələsinə toxunub, bəzi ölkələrin süni intellekt tərəfindən manipulyasiyaya məruz qala biləcəyini söyləyib. Onun bir tərəfdən müxtəlif sahələrdə işləri asanlaşdırdığını, lakin, eyni zamanda, bir sıra şəxsləri qurbana çevirə biləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyev bunun çox ciddi təhdid olduğunu deyib, buna son qoyulması üçün beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə biləcəyini vurğulayıb.

“Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”. Dövlətimizin başçısının bu fikirləri isə Qazaxıstanın “Kazinform” agentliyində Şuşa Forumu ilə bağlı dərc olunan məqalədə yer alıb. Yazıda Prezident İlham Əliyevin Azərbaycanın Qlobal Şimal ilə Qlobal Cənub arasında körpülər qurması, Qoşulmama Hərəkatına sədrliyi, eyni zamanda, ölkəmizin ABŞ-la münasibətlərinə dair fikirlər geniş oxucu kütləsinə təqdim olunub.

Bundan əlavə, Avstriyanın “ORF”, Səudiyyə Ərəbistanının “Argaam”, Yunanıstanın “Power Game”, Makedoniyanın “MİA”, Polşanın “GEOPOLITYKA.ORG” informasiya portalları Azərbaycan Prezidentinin Rusiya Qazının Ukrayna ərazisi ilə Avropaya çatdırılması imkanlarına dair fikirlərinə xüsusi diqqət ayırıb.

Anadolu Agentliyi yazır ki, Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı müfəssəl məlumat verilib. Azərbaycanın energetika nazirinin müavini və COP 29-un icraçı direktoru Elnur Soltanov forum içtitrakçılarına COP29-un gündəliyinə milli, regional və qlobal səviyyəli məsələlər daxil olmasından, konfransın gündəliyində 14 məsələnin olacağından, yaşıl dəhlizlərin və su anbarlarının yaradılmasını və su qıtlığı problemlərini gündəmə gətirəcəklərindən bəhs edib. “Haber Qlobal” da forumun əhəmiyyətindən, yalan və dezinformasiyaların mətbuata, dolayısı ilə cəmiyyətə verdiyi zərərlərdən, siyasi vəziyyətlərdə bu böhtan materialların əhəmiyyətindən bəhs edən məqalə yayımlayıb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər