Azərbaycan xalqı çox qədim dövlətçilik ənənələrinə malikdir. O tarixən bütün dövlət formalarını və tiplərini yaşamışdır. Qədim Manna, Midiya, Albaniya, Atropatena dövlətlərindən müasir tipli respublikayadək uzun bir tarixi inkişaf yolu keçmiş Azərbaycan dövlətçiliyi bu gün özünün çox ağır, böhranlı, ziddiyyətli, lakin şərəfli müstəqillik ömrünü yaşayır. Yeni yaranmış müstəqil respublika özünün konstitusiyasını qəbul etmiş və sübut etmişdir ki, o, dünyanın azad, suveren, sivil xalqları arasında özünə layiqli yer tutmağa qabil bir dövlət yarada bilər.
Tarixçi-alim Yaqub Mahmudovun qeyd etdiyi kimi, dövrümüzün böyük dövlət xadimi olmaqla yanaşı, həm də qüdrətli tarixçi olan Ulu Öndər Heydər Əliyevin qələmindən çıxmış "Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında" adlı Müraciət tarix elmimizin inkişafına təkan verəcək konseptual əsərdir. Bu qiymətli elmi-nəzəri ümumiləşdirmədə əvvəldən axıradək, bütünlüklə, Azərbaycanın keçdiyi tarixi yola nəzər salınır, tariximizin ayrı-ayrı dövrləri, mərhələləri prinsipial şəkildə dəyərləndirilir, bir çox hadisələrə, proseslərə yeni qiymət verilir, ayrı-ayrı hallarda isə tarixşünaslığımızda ilk dəfə olaraq dövrləşdirmə aparılır.
Fikrimizcə, Heydər Əliyevin irəli sürdüyü bir ideya: yəni coğrafi amilin, daha doğrusu, Azərbaycanın Şərqlə Qərbi əlaqələndirən mühüm mövqedə yerləşməsinin tarixən xalqımızın inkişafının müxtəlif sahələrində, o cümlədən, mədəniyyətimizin formalaşmasında dərin iz buraxması ideyası alimlərimiz qarşısında yeni tədqiqatlardan ötrü geniş meydan açır.
Sovet dövründə tarixçilərimizin və bütövlükdə tarix elmimizin qarşılaşdığı ən ağır əngəllərdən biri də bu idi ki, əldə konkret və zəngin maddi dəlillərin - arxeoloji qazıntı materiallarının olmasına baxmayaraq, heç cür "sübut etmək" mümkün deyildi ki, Azərbaycan ibtidai insanların formalaşdığı ərazilərdən olmaqla, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu baxımdan, tarixçi prezidentin yurdumuzu insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən, ən qədim insan məskənlərindən biri adlandırması tarix elmimizə çox qiymətli töhfə, tarixçilərimizə isə misilsiz elmi istiqamət və çıxış meydanıdır. Bizə belə gəlir ki, ən qədim tariximizin araşdırıcıları bundan belə Heydər Əliyevin Müraciətində müəyyən olunmuş elmi-nəzəri ümumiləşdirmələrdən istiqamət götürməlidirlər, daha doğrusu, tarix elmimizin dirçəlişinin bünövrəsində məhz ölkə Prezidentinin irəli sürdüyü ideyalar, elmi-nəzəri müddəalar, yeniliklər durmalıdır: "Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə, o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.
Tarixi mənbələrə görə Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziyada və İranın şimal-qərb hissəsində yerləşir. Azərbaycanın sahəsi 221,6 min kv.km, əhalisi 30 milyondan artıqdır. Tədqiqatçı Qiyasəddin Qeybullayev "Azərbaycan türklərinin təşəkkülü tarixindən" əsərində yazır: Azərbaycanın hər iki hissəsində aparıcı etnos olan türk mənşəli Azərbaycan xalqı Dağıstan dilli (ləzgilər, avarlar, saxurlar, udinlər, xınalıqlılar, qrızlılar və buduqlular) və İran dilli (talışlar, kürdlər və tatlar) azsaylı xalqları yaşayır.
Azərbaycanda yaşayan azsaylı xalqlar "azərbaycanlı" adlanır, çünki Azərbaycanda məskunlaşıblar. Bu, "Azərbaycan" adının coğrafi anlayış olmasından irəli gəlir. Cənubda qədimdən Manna, Maday (Midiya) və Atarpatkan (VII əsrdən Azərbaycan, daha dəqiqi Adarbaycan), şimalda Alban (Arran) adlanmış iki hissənin "Azərbaycan" adlanması tarixdə vətəndaşlıq hüququna malikdir. Ona görə ki, əvvələn, hələ er. əv. I minillikdə ölkənin hər iki hissəsində çoxluğu təşkil edən və ona görə aparıcı rola malik olan türkmənşəli etnoslar yaşayırdı. İkincisi, Atropatena və Albaniya (Arran) VI əsrdə İran Sasanilər dövlətinin (Dərbənd qala divarında VI əsrə aid farsca yazıda "Aturpatkan" adının qeyd olunması göstərir ki, o vaxt Dərbəndə qədərki ərazi Sasanilər dövlətinin tərkibində Atropatenaya - Azərbaycana məxsus idi), VII əsrin ortalarından Ərəb xilafətinin tərkibində bir inzibati vahidə daxil idi. Üçüncüsü, indi Şimali Azərbaycanın Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən ərazisi (Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara rayonları) tarixən Maday (Midiya), VII əsrdən sonra ərəbcə "Azərbaycan" (daha dəqiqi Adarbaycan, yaxud Azarbaycan) formasını almış Aturpatkan dövlətinə mənsub idi. Başqa sözlə, tarixən Cənubi Azərbaycana məxsus ərazinin bir hissəsi indi Şimali Azərbaycanın tərkibindədir. Deməli, Azərbaycan müəyyən tarixi səbəblər üzündən iki hissəyə parçalanmış vahid ölkə, azərbaycanlılar isə iki yerə bölünmüş vahid türkmənşəli etnosdur.
Hazırda "azərbaycanlı" dedikdə, həm bütün tarixi dövrlərdə Azərbaycan ərazisində - cənubda Manna, Midiya və Atropatkan, şimalda Alban dövlət qurumlarını yaratmış türkdilli azərbaycanlılar və həm də bu etnosla yanaşı yaşamış, onun tarixi müqəddəratının iştirakçıları olmuş Qafqazdilli və İrandilli etnik qruplar nəzərdə tutulur. Bunların hamısı bütünlükdə Azərbaycan xalqıdır. Azərbaycanın maddi və mənəvi mədəniyyətinin təşəkkülündə, mənəvi simasının formalaşmasında bu kiçik xalqların da rolu şübhəsizdir. Lakin "azərbaycanlı" dedikdə, bu anlayışın iki cəhətini ayırd etmək lazımdır: türkmənşəli əhali üçün "azərbaycanlı" konkret özünüadlandırma (məhz "türk dili" anlamında "Azərbaycan dili" ifadəsi hələ X əsr müəllifləri Əbu Reyhan Biruni və Xətib Təbrizi tərəfindən işlənmişdir, Babək üsyanı ilə əlaqədar məlumatlarda XI əsrin görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın Babəki "azərbaycanlı", ərəbcə "əl-Azərbaycani" adlandırması məlumdur), Qafqazmənşəli və İranmənşəli kiçik xalqlar üçün "azərbaycanlı" ümumi, birləşdirici adlandırmadır. Çünki bu azsaylı xalqların "azərbaycanlı" adlanması onların Azərbaycan ərazisində məskun olmaları ilə bağlıdır, özlərinin etnik adları - konkret özünüadlandırmaları isə başqadır: udin, ləzgi, avar, saxur, tat, talış, kürd və s. Deməli, azərbaycanlıların təşəkkülü dedikdə, Azərbaycan ərazisində yaşayan bütün xalqların təşəkkülü nəzərdə tutulur: həm çoxluğu təşkil edən və özünüadlandırması "azərbaycanlı" olan türklərin, həm də etnik adları olan, lakin Azərbaycan ərazisində məskun olduqlarına görə "azərbaycanlı" adlanan azsaylı xalqların. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, yaxın keçmişdə respublikamızda irəli atılmış türkçülük ideyasının əleyhinəyəm. Mən qəti inandırıram ki, Azərbaycanın cənub hissəsinin ərazisində və ona bitişik bölgələrdə türk mənşəli etnoslar er. əv. III minillikdən, şimalda er. əv. I minillikdən artıq aparıcı rola malik olmuşlar. Təqdim etdiyim kitabın qarşısına qoyulmuş əsas məqsəd də bu konsepsiyanın sübut edilməsindən ibarətdir. Lakin həmin etnosların heç biri türk adlanmamışdır. Bu fikir düzdür ki, "türk" etnonimi Altayda yalnız bir etnosun adı olmuşdur və sonra bu ad Altaydan ailəsinin qollarından birinə şamil edilmişdir. Beləliklə, mən Azərbaycan ərazisində er. əvvəl türklərin yaşadığını dedikdə, özünü türk adlandırmış tayfaları yox, Altaydil ailəsinin Türk qoluna mənsub edilə bilən qədim etnosları nəzərdə tuturam.
Azərbaycan MEA-nın müxbir üzvü İqrar Əliyevin redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında qədim dövrdə Azərbaycan ərazisində aşağıdakı dövlətlərin mövcudluğu haqqında məlumat verilir.
"Er. əv. II minilliyin sonunda - I minilliyin əvvəlində Zaqros rayonlarında bir sıra kiçik siyasi qurumlar meydana çıxdı. Onlardan ən irisi er. əv. I minilliyin əvvəlində təşəkkül tapmış Zamua idi. Nikdiaranın (Mekdiaranın) "ölkəsi" və Allabria "çarlığı", tez-tez qeyd edilən Karalla da əhəmiyyətli vahidlər idi.
Burada aşşurluların (assurilərin) tez-tez yürüş etdikləri Gilzan dövləti də mövcud olmuşdur. Gilzanlılar uzun müddət ərzində öz müstəqilliyini saxlaya bilmişdilər. Lakin aşşurluların basqın təhlükəsi yarandığı zaman onlar Ninəvaya xərac verməyə məcbur olurdular. Təxminən er. əv. IX əsrin sonunda Gidzan urartulular tərəfindən fəth edildi. Bu ərazidə Kirruri "çarlığı", Xubuşkia və Mes(s)i "ölkələri" də mövcud idi. Mes(s)ini atçılıqla və dəvəçiliklə məşğul olan, iri və xırdabuynuzlu mal-qara saxlayan cəngavər tayfalar məskunlaşdırmışdı. Parsua, Qizilbunda, Andia və Zikertu "ölkələrini" də qeyd etmək zəruridir. Er. əv. VIII əsrin ikinci yarısında zikertulular nəinki Manna hökmdarlarına, hətta zəhmli Aşşur fatehlərinə də xeyli narahatlıq "bəxş etmişdilər".
Habelə, aşağıdakı "ölkələrin" və "çarlıqların" adlarını çəkmək vacibdir: Paytaxtı möhkəmləndirilmiş Aridu şəhəri olmuş Ninni; Artasarunun hökmdar olduğu Şurdira; Harruna, Simesu, Ulmania, Adauş, Xarmasa, Sanqibuti, Puluadi və b. Onların çoxunu aşşurlular hələ IX əsrin əvvəllərində, II Aşşurnasirapalın dövründə xərac verməyə məcbur etmişdilər. Burada, həmçinin, müxtəlif tayfalar (teurlalılar, sunbilər, kumurdilər (xumurtilər), dalilər və b.) yaşayırdılar. Artıq er. əv. IX əsrin ikinci yarısından etibarən Urmiyayanı ərazidə Manna çarlığının konturları görünməyə başladı.
Akademik Ziya Bünyadovun və İ.B.Yusifovun redaktəsilə nəşr olunmuş "Azərbaycan tarixi"ndə göstərilir ki, "Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləşməsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e. ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.
Cənubi Azərbaycan İkiçayarasına yaxın bir ərazidə yerləşirdi. İkiçayarasının qədim Azərbaycan tayfaları ilə erkən siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi yazılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisələrlə əlaqədar Aratta ölkəsini, kuti, lullu və su tayfalarını yad edir. Uruk şumer şəhər dövləti Aratta ilə iqtisadi əlaqələr yaratmaq və hətta ölkəni özünə tabe etmək istəyirdi. Akkad hökmdarları kuti və lullu tayfalarının İkiçayarasına hərbi müdaxiləsinə qarşı mübarizə aparırdılar. Şumerlər və akkadlar Urmiya gölü hövzəsi (cənubi Azərbaycan), onun təbii sərvətləri və coğrafi şəraiti barədə müəyyən təsəvvürə malik idilər.
İlk dövlət qurumu Aratta ölkəsi Azərbaycan torpaqlarında yerləşirdi. Bu ölkə ilə əlaqədar (e. ə. III minilliyin birinci yarısı) hadisələr bir neçə şumer dastanında ("En-Merkar və Aratta hökmdarı", "En-Merkar və En-Sukuşsiranna", "En-Merkar və Luqalbanda", "Luqalbanda və Hurrum dağı") əks olunmuşdur.
ABŞ tarixçi-alimi Tadueş Styatoçovski Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olduğunu göstərir: "Azərbaycan bu gün Azəri (azərbaycanlı - B.Ö.) türklərinin məskunlaşdığı Qafqaz sıra dağlarının şimal ətəklərindən Xəzər dənizi boyunca İran yaylasınadək uzanan bir ərazinin adıdır. İstər siyasi, istərsə də inzibati vahid kimi götürüldükdə və əlbəttə, coğrafi anlamda Azərbaycanın sərhədləri bütün tarix boyu dəyişmişdir. Azərbaycanın Araz çayının sol sahilini əhatə edən şimal hissəsi vaxtilə müxtəlif adlar altında - islamdan əvvəlki dövrdə Qafqaz Albaniyası, bundan sonra isə Arran kimi məlum olub. Qədim Midiya dövrü və Əhəmənilər şahlığının yarandığı vaxtdan etibarən Azərbaycan, bir qayda olaraq, tarixini İranla bölüşüb".
Müəllifin səhvi odur ki, Azərbaycanın müəyyən dövrdə İranın tərkibində olsa da, onun tez bir müddətdə müstəqil dövlət kimi mövcudluğunu "görə bilməmişdir".
Sonda AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Azərbaycan tarixinə Heydər Əliyev baxışı və ya xalqımızın milli dirçəliş konsepsiyası" adlı məqaləsindən gətirdiyimiz mülahizələri diqqətinizə çatdırıram: "Ən qədim zamanlardan başlayaraq, tariximizin ayrı-ayrı mərhələləri dərin elmi əsaslarla təhlil olunan və obyektiv surətdə qiymətləndirilən Müraciətdə eramızdan əvvəl Birinci minilliyin sonu və eramızın Birinci minilliyinin əvvəlindəki dövrə xüsusi diqqət yetirilir.
Böyük dövlət xadimi və tarixçi kimi Ulu Öndər Heydər Əliyevin bu dövrə xüsusi əhəmiyyət verməsi əbəs deyil. Çünki məhz bu dövrdə Azərbaycan bütün coğrafi istiqamətlərdən, xüsusilə, Şərqdən və Qərbdən daha çox siyasi və mədəni təsirlərə məruz qalır, Şərq və Qərb sivilizasiyalarının qarşılaşıb qovuşduğu məkana çevrilir, təkallahlı dinlərin ilkin formalaşdığı və yayıldığı ərazilərdən birinə çevrilir. Xalqımızın, dövlətçiliyimizin, elmi-mədəni irsimizin, ictimai-siyasi baxışlarımızın formalaşmasında çox mühüm dönüş baş verir. İslam dininin yayılması, xüsusilə, bu dinin birləşdirici rolu sayəsində ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində dünyanın ən qədim və özünəməxsus mədəniyyətlərindən birinin daşıyıcılarından olan Azərbaycan xalqı formalaşır".
Dünyanın ən böyük türk - islam etnoslarından biri olan xalqımızın özünəməxsus keyfiyyətləri Ulu Öndər Heydər Əliyevin etdiyi Müraciətdə ilk dəfədir ki, elmi cəhətdən tam sərrastlığı ilə, özü də konkret şəkildə dəyərləndirilir: "Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalmışdır. Məhz bunun nəticəsində tarixən ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək tolerantlıq, dözümlülük mühiti yaranmışdır. Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyanın güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm zərdüştlik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur. Karvan yollarının üstündə yerləşərək, "Böyük İpək yolu"nun mühüm mərkəzlərindən biri olmuş Azərbaycan müxtəlif siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru