Neqativ hüquqlar şəxsiyyəti dövlətin onun sərbəst hərəkət etməsinə mane olan məhdudiyyətləri və məcburetməsindən qoruyan hüquqlar hesab olunur. Rusiya politoloqu A.İ.Solovyov bu hüquqlara praktiki olaraq bütün liberal insan hüquqlarını aid edir. O, hesab edir ki, bu hüquqlar mütləqdir və konkret ölkənin inkişaf səviyyəsindən asılı deyil, yalnız insan şəxsiyyətinin suverenliyini və onun sərbəst seçiminə dövlət tərəfindən hörmətli münasibəti nəzərdə tuturlar.
Bu hüquqlar yalnız şəxsiyyətin işləri və maraqlarına ədalətsiz müdaxilə, onun azad seçiminə qəsd istisna olmaqla, dövlətdən maddi və digər ehtiyatların toplanması və bölüşdürülməsini, ümumiyyətlə, hər hansı bir xüsusi quruculuq-yaradıcılıq hərəkətlərini tələb etmir.
Hikmət Babaoğlu göstərir ki, pozitiv hüquqlar dövlətin, cəmiyyətin insana müəyyən rifahın (əmək, təhsil, istirahət, sosial yardım hüquqları və s. hüquqlar) təqdim olunması vəzifəsi kimi izah olunur. Bu halda bu hüquqların təminatı, bilavasitə dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, siyasi sistemin demokratikliyindən, hakim dairələrin müvafiq dövlət siyasətinin real surətdə həyata keçirilməsində maraqlı olmasından və cəmiyyətin idarəetməsinin bu xarakterini təmin edə bilən dövlət qulluqçularının peşəkarlığından asılıdır. Aydındır ki, insanın sağlamlığının mühafizəsi hüququnun təmin edilməsi üçün inkişaf etmiş müalicə müəssisələri infrastrukturun, sığorta kompaniyalarının və müvafiq maddi ehtiyatların olması zəruridir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, hətta bu ehtiyatlar olsa da, əgər dövlətdə hakim dairələr bu hüquqların reallaşmasında maraqlı olmasalar və yaxud bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsi üçün dövlət qulluqçularının lazımi bacarıqları yoxdursa, sosial yardımın bu növü formal bəyannamə olaraq qalar.
Tədqiqatçılar tərəfindən şəxsiyyətin hüquq və azadlıqlarının daha konkret təsnifatı verilir: onlar vətəndaş (şəxsi), siyasi, iqtisadi, sosial və mədəni hüquqlara bölünür.
Vətəndaş (şəxsi) hüquqları - əsasən neqativ hüquq xarakteri daşıyan təbii, əsas və ayrılmaz insan hüquqlarıdır. Onlar insanın anadan doğulandan əldə etdiyi yaşamaq və azadlıq təbii hüquqlarından törəyir və şəxsiyyətin fərdi azadlığı və muxtariyyatını, onun dövlətin və başqa adamların təzyiqindən müdafiə edilmasinə yönəlir. Şəxsiyyətin vacib hüquqlarına azadlıq və şəxsi toxunulmazlıq (fiziki və psixi) aid edilir. Azadlıqdan məhrumetmə yenə də yalnız məhkəmənin hökmü ilə mümkündür. Şəxsiyyət azadlığı insanın onun haqqında dövlət müəssisələrindəki informasiyanı əldə etmək və ona düzəliş etmək hüququ ilə bağlıdır. Şəxsi hüquqlara şəxsiyyət ləyaqəti, vicdan azadlığı, mənzil toxunulmazlığı, gizli yazışma, şərəf və ləyaqətin müdafiəsi, ölkə ərazisində yerdəyişmə və yaşayış yerinin seçim azadlığı, emiqrasiya etmək və s. hüquqlar aiddir.
Siyasi hüquqlar vətəndaşların dövlətin idarə olunmasında və ictimai həyatda fəal iştirak etmək imkanlarını müəyyən edir. Onlara seçib-seçilmək hüququ, ittifaq və assosiasiyaların, nümayiş və iclasların azadlığı, söz, fikir, mətbuat azadlıqları və bir sıra başqaları aiddir.
Vətəndaşların siyasi hüquq və azadlıqlarının sosial məzmunu dövlət hakimiyyəti tərəfindən tanınan və hüquqi normalarda təsbit olunan siyasi azadlıq (azadlıqlar) təşkil edir. Siyasi azadlıq cəmiyyətdə mövcud olan şəxsiyyətin sosial azadlığının bir növü (forması) olmaqla ilk növbədə bütövlükdə cəmiyyətin, həmçinin, təmsil etdiyi sosial birliyin azadlığı ilə müəyyən olunur.
H.Babaoğlunun fikrincə, siyasi azadlıq xalq hakimiyyətinin həyata keçirilməsində, dövlətin və cəmiyyətin idarə olunmasında faktiki sosial imkanların (azadlıqların) məcmusundan ibarətdir. Şəxsiyyətin siyasi hüquq və azadlıqları vəhdət təşkil etməklə cəmiyyətin siyasi azadlığının səviyyəsini səciyələndirir və onların reallaşması dərəcəsi cəmiyyətin iqtisadi rifah halından, siyasi rejimindən, siyasi mədəniyyəti və mənəvi həyatından, digər amillərdən asılıdır. Bununla belə fransız politoloqu R.Aron özünün "Azadlıq haqqında essee" əsərində A.Tokvilin müasir cəmiyyətin şəraitlərin bərabərliyi və demokratiya vasitəsilə qiymətləndirilməsinə dair yanaşması ilə razılaşaraq texniki sivilizasiyanın tələbatları və sözün əsl mənasında siyasi azadlığın bir-biri ilə nə dərəcədə uzlaşması probleminin olduğunu əsaslandırmağa çalışır.
Tədqiqatçıların fikrincə, siyasi azadlığın hər bir azadlıq kimi obyektiv mövcud olan sərhədləri var. Eyni zamanda, dövlət də şəxsiyyətin siyasi sahədə azadlıqlarını məhdudlaşdıra bilir. Lakin dövlətin vətəndaşlarının siyasi tələbatı və maraqlarının ödənilməsinə şərait yaratmaq sahəsində vacib vəzifələri vardır. Dövlət siyasəti və təcrübəsinin qanunauyğunluğundan hər hansı bir formada kənara çıxılması dövlətin və hüququn demokratik xarakterinin deformasiya olmasına gətirib çıxarır.
Vətəndaşların siyasi hüquqlarına, bizim fikrimizcə, həm də konkret şəxsin dövlətə mənsubiyyəti ilə bağlı hüquqlarını da aid etmək olar: vətəndaşlıq və onu dəyişmək hüququ, pozulmuş hüquqların müdafiəsinə yönələn məhkəmə müdafiəsinə olan hüquq, vəzifəli şəxslərin, dövlət orqanları və ictimai təşkilatların qanunsuz hərəkətlərinə görə məhkəməyə iddia qaldırmaq, onların vurduğu zərərin ödənilməsinə olan hüquqlar və s.
N.Vitruk siyasi hüquq və azadlıqların onların əsasında duran faydanın növünə görə aşağıdakı növlərini ayırır: 1) vətəndaşlıq vasitəsilə şəxsin dövlətə mənsubiyyəti ifadə olunan hüquqlar - vətəndaşlıq və onu dəyişmək hüququ, sığınacaq hüququ; 2) vətəndaşların qanun qarşısında bərabərliyi prinsipindən gələn hüquqlar; 3) seçki vasitəsilə xalq hakimiyyətinin həyata keçirilməsi, cəmiyyət və dövlətin idarə edilməsi ifadə olunan hüquqlar: seçki hüquqları, referendumda iştirak etmək hüququ, dövlət aparatında seçkili vəzifə tutmaq hüququ, dövlət orqanlarına müraciət etmək, əmək kollektivlərinin yığıncaqlarında iştirak etmək hüquqları və s.; 4) ictimai həyatın hər hansı sahəsində fikir, əqidə azadlığı; 5) birləşmək azadlığı; 6) vətəndaşların hüquqları və qanuni maraqlarının müdafiəsinə yönələn hüquqlar.
Əksər dövlətlərin konstitusiyalarında vətəndaş hüquqları siyasi hüquqlarla bir qrupda birləşdirilir. Buna əsas onların hər ikisininin, əsasən neqativ xarakter daşıması, həmçinin, bu hər iki növ hüquqların fərdi və ictimai təzahürlərdə şəxsiyyətin azadlığının təmin olunmasına yönəlməsidir. Totalitar dövlətlərdə siyasi hüquqların həyata keçirilməsi formal xarakter daşıyır və beləliklə də vətəndaşlar tərəfindən praktiki istifadə cəhdlərinə hakimiyyətin icazə verməmək imkanları genişlənir. Bu hüquqların reallaşması onların həyata keçirilməsi üçün şəraitin yaradılmasıdır.
H.Babaoğlu qeyd edir ki, iqtisadi hüquqlar fərdlər tərəfindən təsərrüfat fəaliyyətinin əsas faktorlarından, yəni mülkiyyət və əməkdən azad istifadə, həmçinin, bu sahədə təşəbbüskarlıq azadlığının təmin olunması ilə bağlıdır. Bu hüquqlar arasında xüsusi yeri şəxsi mülkiyyət hüququ təşkil edir. Qərb ölkələrində bu hüquq ənənəvi olaraq əsas insan hüququ sayılır. Bu hüququn qanunu yolla tanınması və həyata keçirilməsi müasir bazar iqtisadiyyatının əsasını təşkil edir. Şəxsi mülkiyyət hüququ tarixən sahibkarlıq azadlığı, həmçinin, azad əmək hüququnu nəzərdə tutur.
Sosial, mədəni, həmçinin pozitiv mənada başa düşülən bəzi iqtisadi hüquqlar dövlətin hər bir vətəndaşa yaşamaq üçün, onun sosial təminatı, mənəvi inkişafı üçün minimum vasitəni təmin etmək vəzifəsini müəyyən edir. Sosial hüquqlar insanın layiqli həyat səviyyəsinin və sosial müdafiəsinin təmin olunması ilə bağlıdır.
Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin etməyə yönəlir. Onlara təhsil, mədəni dəyərlərə yol tapmaq hüququ, bədii və texniki yaradıcılıq azadlığı və başqaları aiddir.
İnsan hüquqları fərdi hüquq xarakteri daşıyır. Bununla yanaşı kollektiv hüquqlar da vardır. Məsələn, milli azlıqların hüquqları, xalqların hüquqları və b. Son illər Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində şəxsiyyətin hüquqlarını məzmunca genişləndirən əlavələr etməklə insan hüquqları kataloqu hazırlanır.
V.Y.Çirkin şəxsiyyətin və vətəndaşın konstitusion hüquq və azadlıqlarının dörd qrupa bölündüyünü göstərir:
1) bərabərlik prinsipini ifadə edən hüquq və azadlıqlar (məsələn, vətəndaşların qanun qarşısında bərabərliyi);
2) şəxsiyyətin azadlığına, toxunulmazlığına, ləyaqətinə təminat verən şəxsi hüquq və azadlıqlar;
3) vətəndaşların cəmiyyətin siyasi həyatında iştirakı ilə əlaqədar olan siyasi hüquqlar və azadlıqlar. Bu hüquq və azadlıqlar vətəndaşlara cəmiyyətin və dövlətin idarə olunmasında iştirak etməyə imkan verir (məsələn, birləşmək azadlığı, bu isə həm də dövlət hakimiyyətinə təzyiq etmək üçün də istifadə olunur);
4) sosial-iqtisadi və mədəni hüquqlar. Bu hüquqlar şəxsiyyətin və cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı üçün hüquqi şərait yaradır (məsələn, əmək hüququ və əməyin azadlığı, mədəniyyət nailiyyətlərini istifadə etmək hüququ).
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru