PDF Oxu

MİA

  • 20 271

İnsan Hüquqlarına dair Amerikaarası Konvensiya və Xalqların və İnsan Hüququnun Afrika Xartiyası

image

Avropada baş verən inteqrasiya prosesləri hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması özlüyündə unikal hadisədir. Dünyanın digər regionlarında Avropadakı proseslərə çatmaq üçün uzun illər lazımdır. Bu mənada, 1969-cu il noyabrın 20-də Kosta-Rikada yaradılmış İnsan Hüquqlarına dair Amerikaarası Konvensiya istisna deyil. Bu sənədi 19 Latın Amerikası ölkəsindən 12-si imzalamışdır. Bu konvensiyaya ABŞ da qoşulmamışdır. 1978-ci ildə isə onu 11 dövlət öz parlamentlərində təsdiq etdi. Amerika Dövlətləri Təşkilatına daxil olan dövlətlərin hamısı onu təsdiq etməmişdir.

Amerikaarası Konvensiyada bəyan edilmiş hüquq və azadlıqlar sırasında Mülki və Siyasi Hüquqlar haqqında Paktda öz əksini tapmış etnik azlıqların milli özünütəyinetmə dinlərindən, dillərindən, öz mədəniyyətlərindən, öz ənənələrindən, doğma dillərindən istifadə etmək hüquqlarından istifadə hüquqları daxil edilməmişdir. Konvensiyada əsas sosial-iqtisadi hüquqlar da yoxdur.

Konvensiyaya uyğun olaraq iştirakçı dövlətlərin öhdəliklərinin yerinə yetirilməsinə görə nəzarət İnsan Hüquqları üzrə Amerikaarası Komissiya və Amerikaarası Məhkəmənin üzərinə düşür. Onlar yerinə yetirdikləri funksiyaları əsasən İnsan Hüquqları və Azadlıqları haqqında Avropa Komissiyasından əxz edilmişdir. Lakin bu orqanların fəaliyyəti, demək olar ki, səmərəsizdir. Mövcudluğu ərzində məhkəmə vur-tut ona qədər məsləhət xarakterli qərarlar qəbul etmişdir. Son illər komissiyanın və məhkəmənin fəallaşması müşahidə olunur. Lakin onlar bir sıra problemlərlə üzləşir. Bəzi ölkələrdə kontinent dövlətlərini konvensiyanı pozmaqda, rejimə qarşı çıxanları "yox etmək"də ittiham edir. Məhkəmə həlak olanların ailələrinə kompensasiya ödənilməsini tələb etmişdir. Təəssüf ki, bu qərarların heç biri yerinə yetirilməmişdir.

Bir çox Qərb alimləri etiraf edirlər ki, Amerikaarası Konvensiya əsasında yaranmış regional insan hüquqları müdafiəsi sistemləri onun səmərəsizliyini sübut edir. Bu isə bəzi region dövlətlərinin siyasi rejimlərinin qeyri-stabilliyindən irəli gəlir.

Amerikaarası Konvensiya Latın Amerikası Kontinentində yaranmış real həyatdan və sosial-iqtisadi şəraitdən uzaq düşmüşdür. Bir sıra Latın Amerikası ölkələrində xalqlar yalnız sosial-iqtisadi deyil, adi elementar vətəndaş və siyasi hüquqlardan məhrumdur. Bir çox şəxslər repressiya qurbanlarına çevrilir, həbsxanalara düşür, məhrumiyyətlərə məruz qalırlar. Halbuki bu ölkələrin əksəriyyəti İnsan Hüquqlarına dair Amerikaarası Konvensiyanı təsdiq etmiş insan hüquq və azadlıqlarını qorumağı öhdələrinə götürüblər.

İnsan hüquqlarının müdafiəsinə dair Avropa və Amerika regional təşkilatlarının fəaliyyətinin müqayisəli təhlili göstərir ki, yalnız siyasi sistemlərin oxşarlığı, onların siyasi və hüquqi stabilliyi, tarixi təcrübə, sosial-iqtisadi inkişaf səviyyəsinin yaxınlığı, ümumi hüquqi ənənələr əsasında bu fəaliyyət səmərəli ola bilər. Göstərilən amillər Avropa Komissiyası və Məhkəməsinin fəaliyyəti Latın Amerikasındakı təşkilatdan daha uğurlu fəaliyyət göstərdiyini sübut edir. Təsadüfi deyil ki, Asiyada indiyə qədər insan hüquqları üzrə regional təşkilatlar yoxdur. Asiyanın bir çox alimləri və dövlət xadimləri belə hesab edirlər ki, bu kontinentdə siyasi, sosial-iqtisadi və mədəni homogenliyin - eyni mənşəliliyin olmaması ilə əlaqədar Asiya dövlətlərində insan hüquqlarına dair regional mexanizmin təsisatı üçün şərait yoxdur.

H.Yamaks Asiya alimlərinin belə bir fikrini diqqətə çatdırır ki, onlar Asiya dövlətlərinin səylərinin siyasi və mədəni inkişaf məsələlərinə yönəldiyini göstərirlər. Bu, o demək deyil ki, Asiyada insan hüquqlarının müdafiəsinə dair regional mexanizmin yaradılmasından imtina edilməlidir. BMT-nin Baş Assambleyasının 23 dekabr 1991-ci il qətnaməsində regional təşkilatların olmadığı yerlərdə, o cümlədən, Asiyada insan hüquqlarının müdafiəsinə dair regional təşkilatların yaradılmasını zəruri hesab etmişdir. Çünki belə təşkilatlar olmasa, həmin ölkələrdə insan hüquqlarının pozulması nəzarətdən kənarda qala bilər, hüquqi dövlət və vətəndaş cəmiyyətinin quruculuğu prosesi inkişaf edə bilməz.

Asiya ölkələrindən fərqli olaraq Afrika ölkələri 1981-ci ildə Xalqların və İnsanların Hüquqlarına dair Xartiya qəbul edərək, insan hüquqları üzrə Regional Təşkilat yaratdılar. Afrika Xartiyasında kontinentin spesifikası və iştirakçı dövlətlərin vəzifələri nəzərə alınmışdır. Xalqların və insanların hüquqlarına dair Afrika Xartiyasında özünütəyinetmə, müstəmləkəçilik, xarici hökmranlıqla mübarizə məsələləri, sosial-iqtisadi inkişaf, təbii sərvətlər və ehtiyatlar üzərində suveren hüquqların həyata keçirilməsi ön planda durur. Xartiyada xalqların beynəlxalq sülh və təhlükəsizlik hüququ, əlverişli ətraf mühitdə inkişaf etmək hüququ, müstəmləkəçiliyin qalıqlarının tamamilə aradan qaldırılması və Afrika xalqlarının azad inkişaf hüququ da əsas yer tutur. Xartiya Xalqların və İnsanların Hüquqları Komissiyasının yaradılmasını da nəzərdən keçirdi. Bu komissiya hər il öz sessiyasını keçirir. Xartiyanın 62-ci maddəsinə uyğun olaraq iştirakçı dövlətlər hər iki ildən bir xartiyada nəzərdə tutulmuş hüquq və azadlıqların təmin edilməsi üçün qəbul etdikləri qanunverici və digər tədbirlər haqqında məruzə təqdim etməlidirlər. Komissiyanın funksiyaları haqqında ümumi xüsusiyyətlər ifadə olunub. Xartiyada müzakirə olunan məruzələr üzrə bu orqanın hansı qərar qəbul etməsi, komissiyanın səlahiyyət normaları haqqında konkret müddəalar yox dərəcəsindədir. Təcrübədə Afrika İnsan Hüquqları Komissiyası yalnız bu və ya digər hüquq və azadlıqların qanunverici təminatı haqqında tövsiyələr verə bilər.

Avropa və Amerikaarası Konvensiyalardan fərqli olaraq Xalqların və İnsanların Hüquqlarına dair Xartiyada ayrı-ayrı fərdlərin hüquqlarının pozulması haqqında məlumatlar arasında fərqlər göstərilir. Bu isə xartiyanın 58-ci maddəsinə uyğun olaraq "xalqların və insanların hüquqların çoxsaylı kobud və kütləvi pozulmasının mövcudluğunu" sübut edir. Afrika Komissiyası ona təqdim olunan məlumatı öyrənərək, bu və ya digər ölkədə xalqların və insanların hüquqlarının sistemli olaraq pozulması nəticəsinə gəldikdə, bu barədə Afrika dövlət və ölkə başçılarının assambleyasına məlumat verir. Assambleyanın tapşırığı ilə komissiya bu cür hüquq pozuntularının təhqiqatını aparır və öz məruzəsində nəticələrini və tövsiyələrini əks etdirir. Mövcudluğu ərzində komissiya insanların hüquqlarının kütləvi pozuntusuna dair onlarla məlumat almışdır. Bütün məlumatlar Afrika dövlət və hökumət başçılarının assambleyası qərar qəbul edənədək diqqətdə saxlanır. Ayrı-ayrı insan hüquq və azadlıqlarının pozulması halları haqqında informasiyaları komissiya nəzərdən keçirmir.

Afrika hüquqşünaslarından M.Keba Afrika ölkələrinin insan hüquqları sahəsində əməkdaşlığını təhlil edərək, belə qənaətə gəlmişdir ki, bu cür əməkdaşlığın əsasında inkişaf məsələləri, həmçinin, müstəmləkəçilik və irqçiliklə mübarizə durur.

Afrikada İnsan Hüquqlarına dair daimi Ərəb Komissiyası da yaradılmışdır. Ərəb Komissiyası İsrail işğalı altında olan ərəb ərazilərindəki insan hüquqlarının kobud surətdə pozulmasına xüsusi diqqət yetirir, bu barədə BMT və müvafiq təşkilatlara mütəmadi məlumatlar verir. Eyni zamanda, İsraildə yaşayan ərəblərin hüquq və azadlıqları da Ərəb Komissiyasının diqqət mərkəzindədir. Fələstinlilərin İsrailin hərbi təcavüzünə məruz qalması, onların hüquq və azadlıqlarını pozur, xüsusən yaşamaq hüquqlarını təhlükə altında qoyur, müharibə zamanı mülki əhali ilə davranma qaydalarına riayət etmirlər.

Məlum olduğu kimi, İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Komissiyasının 2-ci maddəsinə, İnsan Hüquqlarına dair Amerikaarası Konvensiyanın 4-cü maddəsinə, Xalqların və İnsanların Hüquqlarına dair Afrika Xartiyasının 4-cü maddəsinə uyğun olaraq müharibə zamanı mülki əhalinin yaşamaq hüququndan özbaşına məhrumetmə qadağan olunur. Hərbi münaqişələr zamanı yaralıların, xəstələrin, hərbi əsirlərin, mülki şəxslərin öldürülməsi pislənir.

Latın Amerikası və Afrika ölkələrində demokratiya prosesi mürəkkəb və ziddiyyətli tərzdə baş verir. Bu regionlarda bəzi liderlər belə hesab edirlər ki, müasir Avropa anlamında demokratiya prinsipləri, əsas hüquq və azadlıqları, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu qurulmaqdadır. Lakin burada dövlət suverenliyinin rolu və Afrikanın xüsusi ənənələri mütləqləşdirilir.

Latın Amerikası və Afrikanın demokratik yönümlü liderləri anlayırlar ki, siyasi plüralizm, çoxpartiyalılıq, demokratik seçkilər, iqtisadi islahatlar, söz və mətbuat azadlığı, bir sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu mümkün inkişaf yoludur. Bu sahədə Avropada toplanmış təcrübə zaman-zaman labüd olaraq spesifik inkişaf xüsusiyyətləri nəzərə alınmaqla dünyanın bütün regionlarına yayılacaq.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər