PDF Oxu

MİA

  • 3 684

Humanist ideyalar, humanitar hüquq və insan haqları

image

Humanizm (lat humanus - insana məxsus, insanı) insan dəyərini, şəxsiyyətini, azadlığa, xoşbəxtliyə, inkışafa öz qabiliyyətini nümayiş etdirən hüquq kimi tanıyan, insan rifahını sosial təsisatların meyarı, bərabərlik, ədalətlilik, insanpərvərlik prinsiplərini isə insanlar arasında arzuolunan münasibət norması kimi qiymətləndirən tarixən dəyişkən dünyabaxışı sistemidir.

Bəşər cəmiyyətində dərin kökləri olan müharibənin səbəblərini aradan qaldırmadan əbədi sülhü təmin etmək qeyri-mümkündür. Lakin müharibələrə heç bir qanuna tabe olmayan hadisə kimi də baxmaq olmaz. Sivilizasiyanın inkişafı, hər bir savaşın məhvedici dəhşətinin dərki, həmçinin beynəlxalq hüququn müsbət təsiri onların qarşısının alınması üçün mühüm şərtdir.

V.İbayev yazır: "Alman mütəffəkkürləri İ.Kant və F.Hegelin müharibəyə münasibətdə fikirləri diqqəti cəlb edir. İmmanuil Kant "Əbədi sülhə doğru" traktatında yazır ki, sülh hərəkatı müharibəni beynəlxalq münasibətlərin forması kimi son nəticədə istisna edən qarşısıalınmaz mütərəqqi prosesdir, özünəməxsus tarixi zərurətdir. Savaşların qarşısını beynəlxalq müqavilə yolu ilə almaq mümkün olmasa, o zaman sivilizasiyanı məhvedici müharibədən sonra "bəşəriyyətin nəhəng qəbristanlığında əbədi sülh gözləyir".

Kant nəzəriyyəsini tənqid edən Hegel, faktiki olaraq müharibələrin zəruriliyi qənaətinə gəlir. O yazırdı ki, dövlətlər arasında mübahisələr xüsusi iradələr sazişə gəlmədikdə, ancaq müharibə vasitəsilə həll edilə bilər. O, hətta müharibədə müsbət cəhət də görürdü: "Müharibədə xalqlar təkcə möhkəmlənmir, həm də beynəlxalq savaşlar nəticəsində aralarında antoqonizm olan millətlər belə daxili sakitlik əldə edirlər".

Fransız fılosofu P.J.Prudon müharibəni ilahiləşdirir, onu insanın özü, cəmiyyət və həyat üçün mühüm bir hadisə kimi qiymətləndirirdi. O, bu halı ədalət mühakiməsinə bərabər tutur. "Müharibə tariximiz, həyatımız, ruhumuzdur; o, - qanunverici, siyasət, dövlət, vətən, ictimai quruluş, beynəlxalq hüquq, poeziya, ilahiyyat, bir daha hər şeydir", - deyirdi. Fransız mütəfəkkirinə görə güc kimin tərəfindədirsə, həqiqət də oradadır.

V.İbayevin fikrincə, dağıntılara səbəb olan müharibələrin mənasızlığı çoxdandır ki, insanların savaşlara tamamilə son qoyulması, xalqların biri-birinə məhəbbəti, inamı və dostluğu şəraitində yaşaması mümkünlüyü üzərində düşünməyə vadar edir. Ta qədim zamanlardan indiki dövrə qədər bu sahədə müəyyən cəhdlər edilmişdir. Təəssüf ki, bunların xeyirxah nəticələri olduqca azdır.

Sülh uğrunda aparılan təbliğat, sözsüz ki, özünün müəyyən bəhrəsini vermişdir. İctimai şüurda savaşların tədricən bəyənilməsindən onun pislənməsinə doğru dönüş baş vermiş, müharibələr bir çox beynəlxalq hüquqi sənədlərdə və müqavilələrdə dövlətlərarası münasibətlərin həlli vasitəsi kimi qadağan olunmuşdur.

Silahlı münaqişələr döyüşən tərəflər arasında, döyüşən tərəflərlə münaqişədə iştirak etməyən tərəflər arasında müəyyən münasibətlər yaradır. Hazırda müharibənin bəşər cəmiyyətinin həyatından tamamilə, bir hadisə kimi silinməsindən danışmaq sadəlövhlük olardı. Bununla belə, onların müəyyən qaydalara uyğun aparılmasına nail olmaq, doğurduğu ağır nəticələrin qarşısını almaq və onları yüngülləşdirmək mümkündür.

İlk vaxtlar müharibələrin güclünün qanunu və "məğlubların bəlası" (lat.vae vistis) prinsipindən başqa heç bir qaydası mövcud olmayıbdır. Eramızdan əvvəl 390-cı ildə romalılar üzərində qazanılmış qələbədən sonra sərkərdə Bem romalıların şəhərdən çıxmaq üçün ödəməli olduğu qızılı çəkən tərəzinin daşlar qoyulmuş gözünə qılıncını əlavə edərək "vae vistis" ifadəsini işlətmişdi.

Qeyd etmək lazımdır ki, həmin dövrün qaydaları ilə müqayisədə Bem böyük mərhəmət göstərmişdi. Çünki qədimdə müharibə çox vaxt total xarakter daşıyır, məğlub olanlar ya məhv edilir, ya da ən azı qula çevrilirdilər.

Bu, öz dövrünün tanmmış mütəfəkkirlərinin irəli sürdüyü fıkirlərlə də təsdiq olunur. Ksenofont "müharibə zamanı düşməndən alınan şəhərdə bütün adamların və əmlakın qalibə mənsub olmasını ümumi və əbədi qanun"" hesab edirdi.

Platon isə "Respublika"" əsrində belə bir nəticəyə gəlmişdir ki, düşmənin əlinə diri keçmiş şəxslə qalib, düşmən qəniməti kimi istədiyi rəftarı edə bilər. Roma Respublikasının ilk dövrlərində ictimai və sosial münasibətləri tənzimləyən XII cədvəl qanunu "Düşmənə qarşı hər şeyə icazə verilir"" müddəasını da nəzərdə tuturdu.

"Bibliya"da Musa peyğəmbərin adından belə bir fikir səslənir: "Şəhəri fəth etmək üçün ona yaxınlaşanda, sülh təklif et. Əgər o, səninlə sülhə razılaşsa və onu fəth etmək üçün qapılarını üzünə açsa, onda orada olan bütün xalq sənə xərac verib, sənə xidmət edəcəkdir. Əgər o, səninlə sülhə razı olmasa və müharibə aparsa, onda onu mühasirəyə al və nə vaxt Allah onu sənin əlinə versə, oradakı kişi cinsindən olanları qılıncınla məhv et. Ancaq qadınları və uşaqları, heyvanları və şəhərdə olan hər şeyi qənimət kimi özünə götür. Sənin Allahının sənə verdiyi düşmən qənimətindən istifadə et".

İctimai düşüncənin inkişafı döyüşən tərəflərin düşməni tamam məhv etməyin səmərəsizliyini dərk etməsi və qisas qorxusu tədricən məğlub tərəfə münasibəti dəyişdirdi. Əlbəttə, müharibələr yenə də dağıntı və dəhşətlər gətirməkdə davam edirdi. Lakin insanpərvərlik, humanizm sədaları getdikcə yüksəlməkdə idi. Sözsüz ki, bu dəyişikliklər eyni vaxtda və daim yüksələn xətlə getməyib, dünya ərazisinin hər sahəsini eyni qaydada əhatə etməyibdir.

Şumerlər hərbi əməliyyatlara başlamazdan əvvəl, hökmən düşmən tərəfi xəbərdar edər, qarşı tərəf savaşa hazır olmadıqda hərbi əməliyyatlara başlamazdılar. Münaqişə zamanı barış üçün imkanlar axtarılar, vasitəçilər toxunulmazlıq hüququna malik olar, çox vaxt müharibələr sülh sazişləri ilə bitərdi.

Babilistan hökmdarı Hammurapinin qanunları qədim hüquq abidəsi kimi tanınır. Bu sənədlərdə müasir humanitar hüququn ilk cücərtilərini tapmaq mümkündür. Abidənin birinci hissəsində Hammurapi bəyan edir ki, Allahlar ona hökmdarlığı "güclülərin zəifləri sıxışdırılmasına imkan verməmək üçün"" bəxş etmişlər. Qanunların 26-41-ci maddələrində döyüşçülərin hüquq və vəzifələrinin tənzimlənməsi öz ifadəsini tapdı. Hammurapi hökmranlığı dövründə hərbi əsirlər öldürülmür, yalnız qula çevrilirdilər. Bu qanunda əsir düşən döyüşçüyə qayğı göstərilməsi, əsirlərin geri alınması üsulları da nəzərdə tutulurdu.

Qədim Misir mədəniyyətində "Həqiqi şəfqətin yeddi əməli" - acı doyurmaq, susayana su vermək, çılpağı geyindirmək, qəribə sığınacaq vermək, əsiri azad etmək, xəstəni müalicə etmək, ölünü dəfn etmək təbliğ olunurdu.

Beynəlxalq müqavilələr sistemi Het hökmranlığı dövründə xüsusi inkişaf etdi. Məlumdur ki, qədim Misirdən dövrümüzə cəmi bir müqavilə gəlib çatmışdır. Bu II Ramses ilə Het şahı Hattusili arasında bağlanmış müqavilədir. Het hökmdarı həm ondan asılı olan, həm də asılı olmayan dövlətlərlə müqavilə bağlamışdır. Bu sazişlərdə daxili düşmənə qarşı və asılı ərazilərdə üsyanın yatırılmasında qarşılıqlı hərbi kömək, ümumi hərbi qənimətin bölünməsi qaydası (məsələn, razılaşmış tərəflərdən biri ərazini, digəri isə qula çevirmək üçün əhalini əldə edirdi), qaçqınların, hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsi, üçüncü ölkələrdən olan hərbi əsirlərin verilməsi qaydaları öz əksini tapırdı.

Hindistanda Manu qanunları qalibin məğluba rəhm etməsini, yaralı və təslim olanların həyatdan məhrum edilməməsini, xəsarət almış hərbi əsirlər sağaldıqdan sonra onların vətənlərinə qaytarılmasını, məğlub tərəfın qanunlarına hörmət olunmasını tələb edirdi. Döyüş zamanı alovlu oxlardan və dişli silahlardan istifadə edilməsi qadağan olunmuşdu.

Görkəmli sərkərdələrin həyatınfı qələmə alan Plutarx onların silahlı münaqişələr zamanı fəaliyyətini təsvir edərək beynəlxalq humanitar hüquqla bağlı bəzi məqamlara toxunur. O, Makedoniyalı İsgəndərin bir çox hallarda humanizm prinsipləri əsasında fəaliyyətini xüsusi qeyd etmişdir. Belə ki, Daranın əsir düşmüş anası, arvadı və qızlarına İsgəndərin xüsusi qayğı ilə yanaşması, onlar üçün əvvəlkindən fərqlənməyən yaşayış tərzini təmin etməsini xüsusi vurğulayır. Əsir düşmüş qadınlar onların ləyaqətinə toxunan heç bir faktla rastlaşmayıblar.

Daranın arvadı əsirlikdə öldükdə isə, o, görkəmli sərkərdənin əmri ilə hökmdar arvadına layiq dəfn olunmuşdur. İsgəndərin döyüşdə qorxulu olduğu qədər, məğlub etdiklərinə qarşı rəhmli olması barədə Daraya məlumat verilir. Dara İsgəndərin onun ailəsinə qarşı münasibətini bildikdən sonra Allaha yalvararaq əvvəlki qüdrətinin qaytarılmasını diləyir və eyni zamanda, ailəsinə xoş münasibətinə görə İsgəndərə təşəkkür etməyi arzulayırdı. Əks halda, fars hökmranlığına son qoyulacağı təqdirdə, Kir tac-taxtında İsgəndərdən başqa birisinin oturmasmı arzulamırdı. Hətta ölüm ayağında belə Dara anası, arvadı və uşaqlarına göstərdiyi münasibətə görə İsgəndərə təşəkkürünü bildirməyi bir daha xahiş etmişdi.

Plutarx tərəfindən verilən məlumatlarda İsgəndərin bir tərəfdən döyüşdə ölənlərin dəfn edilməsi, digər tərəfdən onun bütün əsirləri öldürmək barədə sərəncam verməsi böyük sərkərdənin hərəkətlərində humanitar hüquqa münasibətdə ziddiyyətlərin olmasından xəbər verir. Təbii ki, elçilərə qarşı xoş rəftarı da humanitar hüquq nöqteyi-nəzərindən dəyərlidir.

Jan-Jak Russonun 1762-ci ildə çap olunmuş "İctimai müqavilə haqqında" traktatında irəli sürülən ideya humanitar hüququn ruhunu əks etdirir: "Müharibə heç bir halda insanlar arasında münasibət deyil, dövlətlər arasında münasibətdir, fərdlər isə təsadüfən, həm də adi insan kimi yox, hətta vətəndaş kimi də yox, əsgər kimi düşmənə çevrilirlər... Əgər müharibənin məqsədi düşmən dövləti məhv etməkdirsə, onda digər tərəfin həmin dövlətin müdafiəçilərinin əllərində silah tutub döyüşdükləri halda onları məhv etmək hüququ var, lakin silahı ataraq təslim olan kimi onların düşmən, yaxud düşmənlərin əlində alət olması başa çatır və onlar yenidən adi adamlara çevrilirlər və onları həyatdan məhrum etməyə heç kəsin ixtiyarı yoxdur"."

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, dünyada, o cümlədən Avropada baş vermiş yüzillik müharibə, otuz illik müharibə və dini müharibələrin heç biri kombatant və mülki əhaliyə münasibətdə xüsusi humanizm nümunəsi hesab edilə bilməz.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər