Xəbərlər

  • 2 553

Şəffaf seçkilər Azərbaycanın demokratik inkişafının təməl prinsipidir

image

Hakimiyyətin xalqın etimadını qazanmasının ən təsirli və sınanmış vasitəsi olan seçkilər hər bir dövlətin, xalqın gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, cəmiyyətdə demokratik mühitin, şəffaf və ədalətli seçki şəraitinin yaradılması birbaşa hakimiyyətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Bu mənada Azərbaycan hər zaman inkişaf tendensiyasının önündə yer alıb və beynəlxalq qurumların da təsdiq etdiyi kimi, digər region ölkələrindən müsbət mənada seçilib. Demokratik ölkələrin, beynəlxalq təşkilatların təcrübəsi ilə milli dəyərlərin vəhdəti şəklində formalaşan milli seçki sistemi ötən dövrdə Azərbaycanın çoxşaxəli inkişafına böyük töhfələr verib. Müşahidəçilərin yekun rəylərində bildirilir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha keyfiyyətli şəkildə təşkil olunur. Seçkinin keyfiyyət göstəricisi isə demokratiya, ədalət və şəffaflıqdır.

Təqribən üç il öncə Respublikamızda daha bir uğurlu seçki prosesi keçirildi. 2020-ci ilin fevral ayının 9-da baş tutan VI çağırış Milli Məclisə keçirilmiş seçkilər şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb etdi. Bununla yanaşı, seçkilər yüksək seçici fəallığı ilə də yadda qaldı. İlk olaraq, onu qeyd edək ki, VI çağırış Milli Məclis çoxpartiyalılığı ilə seçilməkdədir, bu da demokratiyanın inkişafında olduqca önəmli addımdır. Bununla yanaşı, daha bir vacib nüans da ondan ibarətdir ki, mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar. Milli Məclisin, onun komitələrinin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması vətəndaş həmrəyliyi istiqamətində atılmış ən mühüm addımlardan biridir. Milli Məclisin sədr müavininin müxalifət təmsilçisi olması da Azərbaycan parlamenti tarixində ilk addımdır. Daha bir ilk isə Milli Məclisin sədri postu ilə əlaqədardır. Belə ki, müstəqil Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq Milli Məclisin sədri postuna qadın seçilmişdir. Beləliklə, bütün bunlar və daha bir çox nüans onu göstərir ki, VI çağırış Milli Məclis Azərbaycan tarixinə yeniliklərlə, fərqliliklərlə iz qoymuşdur.

Seçkilərdən bir ay sonra 10 mart tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Dövlət başçımızın da iştirak etdiyi bu iclas bir çox gələcək yönümlü açıqlamalarla tarixə həkk olundu və millət vəkilləri qarşısında vacib öhdəliklər qoyuldu. Nəzərə alsaq ki, həmin tarixdə hələ ki Vətən müharibəsi baş verməmiş, əzəli Azərbaycan torpaqlarının azad olunması reallaşmamış, şanlı Ordumuz öz qəhrəmanlıq dastanı ilə dünyanı mat qoymamışdı onda həmin tarix üçün aktual olan “hücum diplomatiyası” ilə bağlı dövlət başçımızın fikirlərinin nə qədər uzaqgörən bir siyasətin parçası olduğunu daha yaxşı anlaya bilərik. Ölkə başçımız tarixi çıxışında millət vəkillərinin bir çox beynəlxalq təşkilatlarda təmsil olunduğunu xatırlatmış və qeyd etmişdir ki, indiki dövrdə millət vəkillərinin fəaliyyəti daha yüksək olmalıdır. Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün daha effektiv fəaliyyət ortaya qoyulmalıdır. Məhz bu məqsədyönlü siyasətin nəticəsi idi ki, müasir tariximizin ən vacib sınağını verdiyimiz 44 günlük Vətən müharibəsində diplomatiya müstəvisində də qələbə qazana bildik. Əldə etdiyimiz böyük qələbəyə baxmayaraq bu gün millət vəkillərimizin də, gənc olaraq bizlərin də məsuliyyəti bitməyib. Bu günə qədər əgər biz qələbə naminə fəaliyyət göstərirdiksə, bu gün artıq qalib ölkənin qürurlu vətəndaşı kimi ölkəmizi dünyada təmsil etmək üçün fəaliyyət göstərməliyik. Hələ də bitib-tükənməyən erməni riyakarlığının ifşası üçün çalışmalıyıq. Millət vəkillərimiz digər ölkələrin parlament nümayəndələri ilə sıx əlaqələr qurmalı və ölkəmizi bütün müstəvilərdə layiqli şəkildə təmsil etməlidir. Dünyaya Xocalı reallıqları, Bərdə, Gəncə terrorlarının mahiyyəti açıq şəkildə göstərilməlidir.

Şakir Mikayılov

Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru

Digər xəbərlər