Bayramlar içində bir bayram var ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz təzə il deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni xüsusi qeyd etmək olar. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: «Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm. Sevindirici haldır ki, Ümummilli Liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. «Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır», - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşdiyini önə çəkən milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Ölkəmizin beynəlxalq əhəmiyyətli humanitar forumlara ev sahibliyi etməsi də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamasından və bu mövqeyini günbəgün möhkəmləndirməsindən irəli gəlir. Məhz bu uğurlara söykənərək, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu addımların atılmasında məqsəd ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına və inkişafına töhfələrini daha da artırmaq idi. Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği istiqamətində atdığı addımlardan qaynaqlanıb. Tarixi Zəfərimizin xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının, torpaq, Vətən sevgisinin bir daha təsdiqi oldundu. “Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, mənim prezidentliyim illərində Azərbaycanda torpaq uğrunda canını fəda etməyə daim hazır olan gənc nəsil yetişdi. Bu gənclik öz qanı-canı bahasına torpaqlarımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Ölkə Prezidenti çağırışında vurğulayır ki, hər kəs bilməlidir, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. Tarixi Qələbəmizin qazanılmasında, ilk növbədə, onlara, bütün Azərbaycan xalqına borcluyuq.
Məcid Əhmədov
YAP Pirallahı rayon təşkilatının sədr müavini