Xəbərlər

  • 2 555

31 mart soyqırımı erməni vandalizminin təzahürüdür

image

Xalqımız tarixin müxtəlif dövrlərində erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalıb. Belə hadisələrdən biri olan 1918-ci ilin mart qırğınları miqyası baxımından daha qanlı və dəhşətli olub.

1918-ci ilin mart soyqırımları insanlıq əlehinə cinayət olmaqla yanaşı, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, sivilizasiya tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, yüz minlərlə insan öz torpaqlarından qovulmuş, yüzlərlə müsəlman kəndi dağıdılmışdır.

İlk dəfə 31 mart hadisələrinə siyasi-hüquqi qiymət vermək cəhdləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılmışdır. Fövqəladə İstintaq Komissiyası formalaşdırılmış, onun materiallarına əsasən Şamaxıdakı vəhşiliklər, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətlər araşdırılmışdır. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmış, martın 31-i ümummilli matəm günü elan olunmuşdur. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ümummilli lider Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Mart faciələrinin baş verdiyi günlərdən bizi 100 illik zaman kəsiyi ayırsa da, vaxtilə o hadisələrin canlı şahidi olmuş insanların dedikləri nəsildən-nəslə hələ də ötürülməkdədir. Təkcə 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Aşkar olunan yüzlərlə insan qalıqları arasında çoxsaylı uşaq və qadın cəsədlərinin mövcudluğu erməni faşizminin mahiyyətini və faciənin miqyasını gözlər önünə sərir.

31 Mart soyqırımına hüquqi-siyasi qiymət verən normativ aktlar arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncam xüsusi yer tutur. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər