PDF Oxu

Xəbərlər

  • 2 588

Laçın dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 mart 2023-cü il tarixdə Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qəbul zamanı dövlət başçısı geniş nitqlə çıxış edərək Laçın şəhərinin işğaldan azad olunması və post-müharibə dövründə şəhərdə görülən yenidənqurma və bərpa-quruculuq işləri ilə bağlı məlumat verdi. Bununla yanaşı, ölkə Prezidenti tərəfindən xüsusi nümayəndə qarşısında ciddi tələblər qoyularaq, onun göstərilən etimada layiq olacağına əminlik ifadə olundu.

Dövlət başçımızın nitqində səsləndirilən nüanslardan biri Laçın rayonunun ölkəmizin ən böyük rayonlarından biri olduğu və geniş potensiala malik olması ilə əlaqədar idi. Məlumat üçün qeyd edək ki, ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Eyni zamanda, Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Heç bir şübhə yoxdur ki, Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rola sahib olacaqdır.

1992-ci ilin may ayında Şuşa şəhərinin işğal altına düşdüyü tarixdən cəmi 10 gün sonra Laçın rayonunun da işğal altında düşməsi sözün əsl mənasında dövlətimiz və xalqımız üçün böyük bir fəlakət idi. İlk növbədə ona görə ki, Laçın rayonunun işğalı faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Laçından sonra Kəlbəcərin işğal altına düşməsi isə bu bağlantının daha böyük coğrafiyaya yayılmasına və Ermənistanın sonrakı işğalçılıq niyyətlərinin sürətlə gerçəkləşməsinə zəmin yaratdı. Onu da qeyd edək ki, 30 ilə yaxın davam edən sülh danışıqları zamanı Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri də bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edir və demək olar ki, düşmən tamamilə azğınlaşdırırdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılmışdı. Orada minlərlə və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri ümumiyyətlə yox idi. Beləliklə, Laçın dəhlizi haqqında danışıqlar zamanı həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, Laçın rayonu ayrı mövzudur. Birbaşa deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistanda qalmalıdır.Ancaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qeyd-şərtsiz qələbəsi və bu qələbənin Azərbaycan Prezidenti tərəfindən diplomatik müstəvidə də davam etdirilməsi əzəli Azərbaycan torpağı olan Laçının öz həqiqi sahiblərinə qovuşmasına və dövlətimizin yurisdiksiyasına qaytarılmasına şərait yaratdı. Bununla belə, şəhərin mərkəzindən keçən və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən dəhlizə Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etməsi şəhər mərkəzinin Azərbaycanın nəzarətinə keçməsini ləngidirdi. Qürurverici haldır ki, bu məsələ də qısa müddətdə öz həllini tapdı və 10 noyabr Bəyanatında göstərilən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu ötən ilin avqustunda istismara verildi. Bununla da Laçın rayonunun mərkəzində də Azərbaycanın yurisdiksiyası təmin edildi. Həm sevindirici, həm də təəssüfverici faktdır ki, bütün bunlar yalnız Azərbaycanın hərbi-siyasi uğurlarının faktiki nəticələri olaraq həyata keçirildi. Yəni, uzun illər davam edən işğal ərzində bir çox beynəlxalq konvensiyaların pozulmasına baxmayaraq heç bir dövlət, beynəlxalq qurum və ya təşkilat bu haqsızlığa səsinə çıxarmırdı. Onlar əzəli Azərbaycan torpaqlarının işğalına, bu torpaqların viran qoyulmasına, burada qanunsuz məskunlaşma aparılmasına və ya Azərbaycanın əzəli şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsinə, ölkəmizin mədəni irsinin yox edilməsinə sadəcə olaraq göz yumurdu. Post-müharibə dövründə erməni təəsübkeşliyi çəkən, kilsələrin, ibadətgahların aqibətindən dərin narahatlıq keçirən bir çox dövlət 30 il ərzində Məscidlərimizin, tarixi və mədəniyyət abidələrimizin məhv edilməsinə, təhqir olunmasına səssiz qaldı. Bu ikiüzlülük, riyakarlıq bizlərdə ikrah hissi doğurmaya bilməz. Bu ikili yanaşma tərzinin hələ də davam etməsi isə daha bir təəssüfverici faktdır.

Ölkə başçımızın nitqinin daha bir önə çıxan nüansı isə işğaldan azad olunan torpaqlarda ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməsinin zəruriliyi ilə bağlı fikirlər oldu. Vurğulandı ki, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Bəli, hər birimiz doğma torpaqlarımızın qorunmasına, inkişaf etdirilməsinə, çiçəklənməsinə xüsusi həssaslıq göstərməliyik. Şəhidlərimizin canı-qanı bahasına azad olunan bu torpaqlarda qurub yaratmaq hər birimizin ən ümdə vəzifəsidir.

Arzu Rəhimova

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı

Digər xəbərlər