Xəbərlər

  • 2 774

Rayonun çox böyük potensialı var

image

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Burda Mirik kəndi ərazisindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara məbədi yerləşir. Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir, Laçın Rayon İcra Hakimiyyətinin saytında bildirilir. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. 28 mart 2023 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Dövlət başçısı qəbulda etdiyi çıxışda deyib: “Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək;

- Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur;

- İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır;

- Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi;

- Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur;

- Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir;

- Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər;

- Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi;

- Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır;

- Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar;

- İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir;

- İkinci Qarabağ müharibəsi başa çatan kimi dərhal göstəriş verilmişdir ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Azərbaycan bu işi bir il yarım ərzində həll edib. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara hazır idi;

- Qarabağ ermənilərinin nümayəndələrinin xahişi təmin edilmişdir. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq;

- Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik; - Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir;

- Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500- ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq;

- Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir;

- Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək;

- Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur;

- Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır;

- Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır;

- Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var;

- Yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Digər xəbərlər