PDF Oxu

Xəbərlər

  • 2 194

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

image

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dili qrammatik quruluşuna görə zəngindir, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malikdir. Əcdadlarımızdan bizə miras qalan bu misilsiz sərvətimiz müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi bu gün də inkişaf etdirilir. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. Azərbaycan dilçiliyinin uğurları müstəqillik illərində də çox olub. Qədim köklərə malik Azərbaycan xalqı həm də zəngin yazılı ədəbi dil ənənəsinə malikdir. Tarix göstərir ki, ədəbi dilin inkişafı ümumi danışıq dili ilə daha geniş vüsət alıb. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatıb. Dilimizin inkişafı ilə əlaqədar əldə edilən uğurlardan biri və əsası budur ki, bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur. Ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Həmçinin dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki ana dili beşik başında layladan başlayır. Dünyanın ən gözəl, qədim dillərindən biri olan Azərbaycan dilini sevməli və qorumalıyıq.

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Ulu Öndər deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Heydər Əliyev bu barədə də fəxarətlə deyirdi: "Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır".

Ulu Öndərimizin Ana dilimizə hörməti sonsuz idi. Onun SSRİ dönəmində bütün çətinlikləri aşaraq çıxışlarını Ana dilimizdə etməsi, sözün həqiqi mənasında böyük cəsarət və öz dilinə sayqı idi. Heydər Əliyevin 1969-ci ildə respublika rəhbərliyinə gəlişi Azərbaycan dilinə rəsmi münasibəti çox sürətlə və əsaslı sürətdə dəyişdirdi. 1978-ci il Azərbaycan SSR Komissiyasında ana dilimizi dövlət dili səviyyəsində təsbit edərək, bu sahədəki tədbirlərə onun işlənmə sferasını və fəaliyyət dairəsini genişlənməkdən başladı. Nəzərə alsaq ki, Heydər Əliyev Azərbaycan Dövlət Universitetində (indiki BDU) ana dilində çıxış edərək bütün o dövrdəki siyasi elitanı təkmilləşdirərkən, Azərbaycan Kommunist Partiyasının birinci katibi və Siyasi Büronun üzvü idi. Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq ölkədə güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub. Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər