PDF Oxu

Köşə

  • 821

Metroda Azərbaycan musiqisi...

image

Mətanət Məmmədova

Sizi bilmirəm, mən metroda Azərbaycan musiqisinin səsləndirilməsini o qədər yüksək qiymətləndirirəm ki... İnsanların öz musiqimizi, mahnılarımızı unudub yad musiqilərə meyl etdiyi, toylarımızda öz musiqimizdən əsər-əlamət qalmadığı, hətta uşaq, yeniyetmə və gənclərimizin belə yad musiqilərə və mahnılara gündən-günə marağının artdığı dövrdə metroda Azərbaycan musiqisinin, həm də klassik Azərbaycan musiqisinin səsləndirilməsi o qədər gözəl və təqdirəlayiqdir ki... Bu, kimin ideyası, təşəbbüsüdürsə, ona əhsən, ona alqışlar...

Səhər-səhər baş-beynimizi hələ başlayan günün qayğıları zəbt etməmiş Azərbaycan musiqisi dinləmək, nə gözəldir. Axşamçağı evə işdən yorğun gedərkən bu musiqiləri dinləmək nə qədər xoşdur... Sanki adamın ruhu təzələnir. Başqa cür ola da bilməz. Çünki başımız üzərindəki anadır, dilindəki laylaydır, Azərbaycan musiqisi... Səsləndikcə həzin-həzin qulaqlarımıza axan, ruhumuza sığal, gözlərimizə xumardır, Azərbaycan musiqisi. Anamızın gözlərindən axan, ürəyimizə dolan sevgidir, Azərbaycan musiqisi...

Təbiətin dörd fəslidir, Azərbaycan musiqisi... Bahardır, quşların cəh-cəhi, suların bəzən lal, bəzən şaqqıltılı axışı, çəmənlərin, düzlərin ahəstə mehlə titrəşən gül-çiçəyidir, Azərbaycan musiqisi...

Yaydır, isti havada ürəklərə dirilik gətirən buz bulaqlardır, sıx yaşıllıq, bu yaşıllıqların istini dəf edən sərinidir, bu fəslin min bir rənginin harmoniyasıdır, Azərbaycan musiqisi.

Payızdır, küləyin qarşısına alıb qovduğu yarpaqların xışıltısı, təbiətin rəngarəng mövsümü olan bu fəslin romantikasıdır, Azərbaycan musiqisi...

Qışdır, günəşin bəmbəyaz qarın üzərində yaratdığı ulduzlardır, sanki kiçik oktavadan-bahardan üzü yuxarı qalxan, davam edə-edə qışda-son oktavada tamamlanan melodiyadır, Azərbaycan musiqisi...

Dənizdir, bəzən lal sükutla, bəzən ağıllı, bəzən dəli, amma hər halı ilə gözümüzü, ruhumuzu, duyğularımızı oxşayan dalğadır, Azərbaycan musiqisi...

Sarı Aşığın, Ələsgərin, Abbasın, Ululu Kərimin, Miskinli Vəlinin, Pərinin, Zülfiyyənin, Ulduzun və saymaqla bitməyən yüzlərlə sazlı-sözlü aşığımızın sinəsinə sıxıb saatlarla anlatdığı qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbənd, təcnisdir, sazla sözün vəhdətidir, Azərbaycan musiqisi...

Seyidin, Xanın, Bülbülün, Cabbarın, İslamın, Zülfünün, Hacıbabanın, Arifin, Canəlinin, Alimin və adlarını sadalaya biləcəyimiz onlarla xanəndənin avazındakı muğamdır, təsnifdir, əllərindəki qavalda ritmdir, Azərbaycan musiqisi...

Sadıqcanın, Qurbanın, Məşədi Cəmilin, Mirzə Mənsurun, Əhmədin, Bəhramın, Elmanın, Habilin tar və kamançalarındakı sarı simdir, Azərbaycan musiqisi. Səsləndikcə qulaqlardan ürəklərə axan, bir andaca anaya, ataya, sevgiliyə, balaya, Vətənə, yurda, torpağa çevrilərək doğmalaşan sevgidir, Azərbaycan musiqisi...

Xalqın paklığını, yüksək mənəviyyatını, daxili aləmini, arzularını, ümidlərini özündə əks etdirən mahnıdır, Azərbaycan musiqisi. Şövkətin, Saranın, Rübabənin, Rəşidin, Gülağanın, Qədirin, Məmmədbağırın, Teymurun və saatlarla saya biləcəyimiz onlarla müğənnilərimizin qəlblərə məlhəm səsidir, Azərbaycan musiqisi. Və bu müğənnilərin ölkə-ölkə gəzdirdiyi, sevdirdiyi, tanıtdığı sənətidir, Azərbaycan musiqisi...

“Yallı”, “Sarı gəlin”, “Uzundərə”, “Qaytağı”, “Heyvagülü”, “Qazağı”, “Mirzəyi”, “Turacı”, “Tərəkəmə”, “Ceyranı”, “Qaytağı”, “Xançobanı”, “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı” və onlarla bir-birindən gözəl rəqslərimizdəki süjetdir, çeviklik, qıvraqlıq, plastik hərəkətlərdir, Azərbaycan musiqisi...

“Leyli və Məcnun”, “Şeyx Sənan” , “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Fərhad və Şirin”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Nizami”, “Sevil” və onlarla belə operalarımızdakı libretto, musiqi-dram vəhdəti, solo və xor, simfonik orkestrdir, Azərbaycan musiqisi...

“Qız qalası”, “Yeddi gözəl, “Məhəbbət əfsanəsi”, “Min bir gecə”, “Xeyir və şər”, “Qarabağ harayı”, “İldırımlı yollarla”, “Şeyx Sənan”, “Cavad xan”, “ Dədə Qorqud” və saymaqla bitməyən baletlərimizdəki xoreoqrafiyadır, Azərbaycan musiqisi...

Vətənpərvərliyə-igidliyə, ərliyə, qəhrəmanlığa səsləyən hərbi mahnı, marşdır, Azərbaycan musiqisi. Elə qəlbimizdəki bu musiqi 44 günlük Vətən müharibəsində biləyimizdəki gücə çevrildi. Azərbaycan musiqisinin beşiyi Qarabağı işğaldan azad etdik. Bu, tək ərazi bütövlüyümüzün bərpası deyildi. Həm də elə Azərbaycan musiqisinin xilası idi, deyilmi?.. Biz torpağımızı da, bu torpağın yetirib-bitirdiyi hər şeyi düşməndən geri aldıq. Düşmən üzərində tarixi Zəfər çaldıq. Və indi qürurla deyə bilərik ki, Zəfərdir, Azərbaycan musiqisi...

Belə isə hər şeyimiz olan musiqimizi yad musiqilərə qurban verməyək. Özümüzə, musiqimizə qayıdaq. Özümüzü “intelligent” hesab edib yad musiqilərlə rəqs etməyək, özümüzün olanı daha çox sevək, dinləyək. Atılıb-düşməkdənsə, bəyliyimizi, xanımlığımızı xatırlayaq, ona qayıdaq. “Son zəng”lərimizi, “Məzun”, ad günlərimizi, nişan, toy, ziyafətlərimizi öz musiqimizlə bəzəyək.

Sağ olsun metroda bu təşəbbüsü irəli sürənlər. Ruhumuzu dincəldən bu musiqilər həm də yaddaşımızı təzələyir. Bizim üzümüzə həqiqəti musiqi ilə yumşaqca çırpır: görün sizin necə böyük xəzinəniz var, deyir. Qədrini bilin, ey insanlar.

Digər xəbərlər