PDF Oxu

Xəbərlər

  • 2 051

AXC-nin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu - ŞƏRH

image

105 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.

Dahi şəxsiyyət Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Bu gün isə, xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il daha fərqli şəkildə qeyd edir. Qalib Sərkərdəmiz, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə 30 illik həsrətə cəmi 44 gün ərzində Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cumhuriyyət dövründə də torpaqlarımıza iddia edən erməni millətçiləri artıq layiqli cavablarını alıblar və Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bəli, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün Qarabağda üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi Ümumilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir!

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər