Hazırda dünyada müəyyən qisim dövlətlər var ki, onlar bəşəriyyət tarixinə bir-birinə yaxın, dost və qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç biri ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər. Bu gün çəkinmədən Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı çətin sınaqlardan çıxıb və böyük tarixi yol keçib.
Türkiyə ilə Azərbaycanın dövlət maraqları həmişə qarşılıqlı sevgiyə, ehtirama, sədaqətə söykənib. Bu sədaqət tarixi sədaqətdir, obrazlı şəkildə desək, tarixləşmiş sədaqətdir. Türkiyənin istiqlal savaşında da, Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində də tarix yaradan bu sədaqət, bu birlik, bu birliyi şərtləndirən güc tarixin axarını dəyişdi. Bu birliyi, bu ayrılmazlığı Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kimi, Heydər Əliyev isə "Bir millət, iki dövlət" kimi tarixləşdirdi. Bu kəlamlar dostluğu, qardaşlığa sədaqəti yaşadan, əbədiyyən yaşadacaq kəlamlardır.
Azərbaycanın ərazilərinin işğal edilməsi, işğalın 30 ilə yaxın uzanması, Ermənistanın regionda mövcud status-kvonu saxlamaq niyyəti Azərbaycanın ədalətli müharibəyə başlayacağını zəruriləşdirmişdi. Azərbaycan bəşəri dövlət, azərbaycanlılar bəşəri xalq olsa da, belə bir şəraitdə müharibə istəyirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başladı. Türkiyənin Vətən müharibəsinə mənəvi dəstəyi Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırdı. Bu yüksəliş Zəfərlə tamamlandı.
Mustafa Kamal Atatürkün Azərbaycana sevgisini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında belə ifadə etdi: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır".
Tarixi kadrlar tarix haqqında dərslikdir. Görsəl Yapım Mərkəzində İstiqlal savaşından əvvəl çəkilmiş sənədli film formatlı kadrlar XX əsrin əvvəllərində yaşamış Sultan Rəşidəddin kimi, Ənvər Paşa kimi tarixi şəxsiyyətləri tanıtmaq missiyası olmaqla dəyərlidir. Azərbaycanımızda Ənvər Paşa tanınıb da, sevilib də, tanınır da, sevilir də. O illərdə mehtər marşlarında sevgilərlə anılan Ənvər Paşaya xitabən deyilən misralar indi də yaşarıdır: Ənvər Paşa, çox yaşa! Azərbaycanı da, Türkiyəni də bağımsız görmək istəyirdi Ənvər Paşa. Türkiyə də müstəqildir, Azərbaycan da. Türkiyə də güclü dövlətdir!
İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. “Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır!
Vətən müharibəsində qazanılan Zəfər Türkiyə ilə Azərbaycanın hərbi sahədə əməkdaşlığını daha sıx şəkildə möhkəmləndirdi. Bu əməkdaşlıq müxtəlif miqyaslı tədbirlərlə davam etdirilir.
Vətən müharibəsi günlərində olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır. Regionda yeni tarixi reallığı bu iki ölkə birgə yaradır. Sülh və dayanıqlı sabitliyin təmin olunmasına Türkiyə də fəal şəkildə dəstək verir. Cənab Rəcəb Tayyib Ərdoğan bu dəstəyin davam etdiriləcəyini bildirdi: "Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir". Təbii ki, bu, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq. İki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdir. Ticarət əlaqələri və investisiya üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsi də strateji məsələlərə daxildir.
Göründüyü kimi, iki qardaş dövlətin birliyi kiminsə marağına toxunan, hansısa ölkələrin imkanlarını məhdudlaşdıran, yaxud milli zəmində ayrı-seçkiliyə yol açan təşəbbüs deyil. Əksinə, burada əsas niyyət bəşəriyyətə xidmətdir. Sülhə, davamlı inkişafa töhfə verməkdir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına çalışmaqdır.
Bu, bəşəriyyətə xoşbəxtlik, rifah, daha gözəl bir dünya arzulayan liderlərin baxışıdır, verdiyi istiqamətdir, yaratdığı reallıqdır. Bu reallığın müəllifləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Azərbaycan və Türkiyə münasibətlərinin indiki səviyyəyə yüksəlməsində zəmanəmizin bu iki parlaq liderinin misilsiz xidmətləri var. Ölkələrimiz, cəmiyyətlərimiz arasındakı ortaq keçmişə, tarixi köklərə, gen yaddaşına, mədəniyyət, dil, din birliyinə əsaslanan bu münasibətləri Azərbaycan və Türkiyə Prezidentlərinin bir-birinə olan sonsuz rəğbəti, qarşılıqlı inam və güvəni, işıqlı amalları, yürütdükləri müstəqil siyasət regionun və dünyanın gələcəyinə eyni baxışları daha da möhkəmləndirir, sarsılmaz edir. Bu doğmalıq, bu birgəlik bütün dünyaya bir örnəkdir.
Vəli Vəliyulla
Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi