PDF Oxu

Köşə

  • 2 229

Yay fəslində Bakıda sıxlıq niyə azalmır? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Yay mövsümü olmasına rəğmən, paytaxt insanlarla dolub-daşır, yollarda avtomobil sxlığı səngimir. Məzuniyyətlərin başlaması, məktəb və ali təhsil ocaqlarında tədrisə fasilə verilməsi paytaxtda əhali sayına demək olar ki, təsir etməyib. Bəs ötən illərə nisbətən, bu qədər insanın Bakıda qalmasının səbəbi nədir?

Yay tətilinin başlamasına baxmayaraq, şəhərdəki insan və avtomobil sıxlığında maksimum 10 faiz azalma müşahidə olunur ki, bu da tələbələrlə bağlıdır. Tələbələrin isə böyük əksəriyyəti Bakı-Abşeron zonasının payına düşür. Çünki ümumilikdə ölkə əhalisinin yarısı sözügedən zonada yaşayır. Ona görə də yay mövsümi olsa belə, paytaxtda gərginlik azalmır. Metroda və avtobuslarda sıxlıq maksimumdadır.

Üstəlik, quru sərhədlərinin bağlı olması və yerli turizm mərkəzlərindəki qiymətlərin bahalığı insanları istirahətə getməkdən məhrum edir. Böyük əksəriyyət Bakıda qalır, yaxud bir neçə günlük güclə hansısa rayona gedir. Bu səbəbdən əvvəlki illərə nisbətən paytaxtda sıxlıq azalmır. Halbuki əvvəllər yay tətilində şəhərdə əməlli-başlı rahatlıq yaranır, nəqliyyatın hərəkətində, metroda, avtobusda insanların sayında kəskin azalma nəzərə çarpırdı. Ancaq hazırda bunu müşahidə edə bilmirik. Hesab edirəm ki, əsas səbəb məşğulluğun bu zonada daha yuxarı səviyyədə olması, quru sərhədlərin qapalı olması, regionlarda fəaliyyət göstərən istirahət mərkəzlərindəki qiymətlərdə bahalıqdır.

Təkcə şəhərin mərkəzi hissələrində deyil, şəhərətrafı ətraf kənd və qəsəbələrdə də çox böyük sıxlıq var. Regionlarda əhali sayı getdikcə azalır. Bu isə olduqca ciddi məsələdir. Həm kommunal sistemlər, həm nəqliyyat, həm ev-əhali sayı baxımından artıq şəhər bu yükü götürmür. Aktiv iş əməliyyatlarının, iş yerlərinin, əsas iqtisadi sahələrin, təhsil müəssisələrinin və s. Bakıda cəmləşməsi vəziyyəti getdikcə ağırlaşdırır. Problemin qarşısını almaq üçün müəyyən proqramlar tərtib olunmalıdır. Uzun illərdir ki, həmin məsələ ətrafında müzakirələr aparılır. Ancaq hələlik ortada ciddi bir proqram yoxdur. Hesab edirəm ki, paytaxtda getdikcə yaşamaq çətinləşəcək.

Problemin fundamental həll yolu ölkənin balansı inkişafında, əhalinin regionlarda yerləşməsi, çalışması ilə bağlı müəyyən addımlar atılmasıdır. Bunlar reallaşarsa, ölkə əhalisinin yarısı tək bir zonada cəmləşməz. Belə davam edərsə, əhalinin hamısı bu zonaya cəmləşəcək. Bütün Abşeron artıq şəhərə çevrilir, belə nəhəng aqlomerasiya bizim ölçüdə olan ölkə üçün əlverişli deyil. Çünki bu regionların boşalması nəticəsində formalaşır. Onsuz da rayonlarda əhali azalır.

Bu yaxınlarda müxtəlif tədbirlərlə bağlı bir neçə rayonda oldum. Vəziyyət çox sönükdür, insan azdır, iqtisadi aktivlik isə çox zəifdir. Söhbət etdiyimiz şəxslər də imkan tapan kimi Bakıya köçəcəklərini deyirdilər, çünki paytaxtda iş tapmaq daha asandır və gəlir daha yüksəkdir.

Məsələ barədə kompleks tədbirlər görülməli, dövlət proqramları qəbul edilməlidir. Əhalinin regionlara qaytarılması, bölgələrdə sosial-iqtisadi inkişafın təmin olunması üzrə işlər aparılmalıdır. Rayonlara dövlət və özəl investisiyaların yönəldilməsi genişlənməlidir. Bölgələrdə vergi güzəştləri, kommunal xidmətlərin aşağı qiymət tarifi və sair yardımlar tətbiq olunmalıdır. Bundan başqa işğaldan azad edilmiş ərazilərə köçürülmənin sürətləndirilməsi Bakıda əhali sayını ən azı 1 milyon nəfər azalda bilər.

Son vaxtlar bir çox rayonlarda kəndlərin boşalması, hətta bəzi kəndlərin tamamilə tərk edilməsi haqda məlumatlar yayımlanır. Bunun qarşısı alınmalıdır. Xüsusən kəndlərdə həyat və iş şəraiti yaxşılaşdırılmalı, sosial-mədəni infrastruktur yaradılmalıdır. Aqrar təsərüffatlara yardımlar artırılmalı və vergilərdə güzəştlər tətbiq olunmalıdır.

Belə tədbirlər həyata keçirilərsə, 5-10 il ərzində Bakıda vəziyyət normala qayıda bilər, regionlarda isə canlanma yaranar. Əks halda hazırkı vəziyyət getdikcə daha da ağırlaşacaq.

Digər xəbərlər