PDF Oxu

Sosial

  • 1 220

Azərbaycanın nümayəndə heyəti Türkiyədə seminarda iştirak edib

image

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə Türkiyənin Antalya, İzmir, Bursa və Manisa şəhərlərində davamlı meyvə və üzüm tinglərinin istehsalı üzrə silsilə seminarlar keçirilib. Seminarlarda və təşkil olunmuş sahə səfərlərində Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, nümayəndə heyəti seminarlarda iştirak edərək ölkəmizin meyvəçilik və tingçilik sektorunda həyata keçirilən tədbirlər, xüsusilə son dövrlər iqlim dəyişikliyi və təbii resursların azalması fonunda fermerlərin daha səmərəli və innovativ metodlardan istifadəsinin zəruriliyi, meyvəçilikdə müasir texnologiyalar, damcı suvarma sistemləri, torpaq analiz sensorları, genetik seleksiya üsullarının tətbiq edilməsi yolu ilə məhsuldarlığın artırılmasına nail olunması, həmçinin bu sahədə süni intellektin tətbiq olunması barədə tədbir iştirakçılarına məlumat verib.Tətbiq olunan yeniliklərin fermerlərin işinin asanlaşdırılması, bazarlara daha uzunmüddətli saxlama qabiliyyətinə malik, ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullar çıxarmağa imkan verməsi, eləcə də tingçilik təsərrüfatlarında klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması və ting istehsalı barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Daha sonra nümayəndə heyətinin rəhbəri ilə Türkiyə, Qazaxıstan və Macarıstan nümayəndələri arasında meyvəçilik və tingçilik sektorunda yeni sortların yaradılması, mütərəqqi texnologiyalardan istifadə, bazar tələbləri, bu sahədə dayanıqlı həllər və yeni əməkdaşlıq modelləri ilə bağlı müzakirələr aparılıb.Səfər çərçivəsində Eğirdir, Manisa və Bursanın meyvəçilik və üzümçülük elmi tədqiqat institutlarında elmi araşdırmalar, intensiv tingçilik təsərrüfatları, müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar, avtomatlaşdırılmış xüsusi istixana kompleksləri, eləcə də tinglərin adaptasiya məqsədilə köçürüldüyü açıq sahələrlə tanışlıq həyata keçirilib.Bununla yanaşı, səfər çərçivəsində nümayəndə heyətinin rəsmisi Azad Cəfərli ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr idarəsinin müdiri Fərhad Çolak arasında keçirilmiş məsləhətləşmələr zamanı kənd təsərrüfatı və aqrar tədqiqat sahəsində beynəlxalq müqavilələrin hazırlanması, imzalanmış Niyyət Bəyannamələrinin icrası, aqrar tədqiqat, müasir texnologiyalar, heyvan sağlamlığı və torpaq infrastrukturu sahəsində İşçi qruplarının yaradılması, Kənd Təsərrüfatı İcra Komitəsinin növbəti iclasının keçirilməsi və bununla bağlı protokolun və onun əlavəsi olan Fəaliyyət Planının hazırlanması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq aspektləri müzakirə edilib.

Digər xəbərlər