…Tikdiyim bu daxma, hördüyüm budur.
Odası təptəzə, odu köhnəyəm;
Əlimdən bu gəlir, gördüyüm budur…
– deyirdi Məmməd Araz. Xeyr, bu, şairin illərlə yazıb-yaratdıqlarını, Azərbaycan ədəbi mühitində fəaliyyətini kiçiltməsi deyildi, insanlığın zirvəsində dayanan bir Vətən oğlunun təvazökarlığı idi. Onun özü-özünü tərifə ehtiyacı da yox idi. Çünki qiyməti verilmiş, dəyəri bilinmişdi.
Ədəbi-bədii irsimizin kamil bilicisi, milli poeziyamızın, xüsusilə də Məmməd Araz yaradıcılığının vurğunu olan Ulu Öndər Heydər Əliyev xalq şairinə “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur” kimi yüksək qiymət vermişdir. Ümummilli Liderin qayğısı ilə Xalq şairi Məmməd Araz hələ sağlığında Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi. Bu görkəmli söz ustadının bu gün də xatirəsi əziz tutulur.
Bu dəyərli fikirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 27 sentyabr tarixli Sərəncamından oxuyuruq:“Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü Vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır”.
Dövlət tərəfindən Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyinin yaradılması isə hər daşının altında Məmməd Araz yaşayan Naxçıvanda şairin ömür yoluna verilən yüksək qiymət oldu. 2014-cü ilin 1 dekabrında – şairin anım günündə açılan muzey bir zamanlar “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”, – deyən Xalq şairini bütün ruhu ilə Nursuya – daim xəyallarında yaşatdığı doğma Naxçıvanına qaytardı. Bu muzey yüz illərin çinarına bərabərdir. Çünki onun bünövrəsinə tək nəslinin deyil, bütövlükdə, Azərbaycan poeziyasının Xan Çinarı köklənib. Bu muzeyə – uşaqlığının və gəncliyinin ən xoş anlarının, əlyazmalarının, kitablarının, onun haqqında xatirələrin, təltiflərin əbədiləşdiyi bu ünvana illərdir ki, yüzlərlə məmmədsevər üz tutur, böyük şairi anır. Həm də dövlətimizin insanlara verdiyi dəyərin şahidi olurlar.
Böyük şairimiz Məmməd Arazdan söz düşəndə öncə insanın nəzərində əsl vətəndaş, sonra poeziya vurğunu bir şair canlanır. Ömrünü Vətəni, xalqı üçün yaşayan, onu şam kimi əridərək Vətənin daşı olmağı özünə fəxr saydı Məmməd Araz. Onun bənzərsiz Vətən sevgisi bir arzu, bir istəklə:
Vətən mənə oğul desə, nə dərdim?!
Mamır olub, qayasında bitərdim,
– misraları ilə başlayıb,
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
və yaxud:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
– kimi misralarla milyonlarla insanı Azərbaycanın milli istiqlaliyyətinə, ərazi bütövlüyünə, ümumilikdə isə Vətən sevgisinə çağırışı ilə tamamlanır. Çünki Məmməd Araz istiqlaliyyətimiz uğrunda qılıncı qələmi ilə əvəz edən əbədiyaşar sənətkarlarımızdan biri idi.
Sən bilməsən də kimsən, nəçisən, xalqın bilir, Məmməd Araz, sən kimsən, nəçisən. Qəlblərdə ucaltdığın mənəvi abidə ilə, sənə olan sevgi ilə, dillərdən düşməyən ölməz, həmişəyaşar əsərlərinlə, sən, daim bizimləsən! Sənin əbədi ünvanın xalqın qəlbidir...
Mətanət Məmmədova