Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb.SİA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.O qeyd edib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub:"Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb".