PDF Oxu

Siyasət

  • 1 134

"Əsas məsələ Ermənistanın siyasi bəyanatlarını konkret addımlarla təsdiqləməsidir" - POLİTOLOQ

"Əsas məsələ Ermənistanın siyasi bəyanatlarını konkret addımlarla təsdiqləməsidir" - POLİTOLOQ

"Ermənistanda artıq yeni Konstitusiya layihəsi hazırlanıb. Ermənistanın ədliyyə naziri və daha sonra Baş nazirin çıxışlarında səsləndirilən məlumata görə, yeni Konstitusiya layihəsinin noyabr ayının ortalarında dərc olunaraq ümumxalq müzakirəsinə çıxarılması nəzərdə tutulur".Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, bu məsələdə əsas müxalifətin irəli sürdüyü arqumentlərdən biri budur ki, guya Konstitusiya Azərbaycanın tələbi ilə dəyişdirilir. Məhz buna görə də müxalifət Konstitusiyaya dəyişiklik edilməsinin əleyhinə çıxış edir:"Lakin məsələnin mahiyyətinə daha geniş nəzər salmaq lazımdır. Beynəlxalq münasibətlərdə bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qarşı iddialar irəli sürməsi və bu iddiaların konstitusion sənədlərdə əks olunması qəbuledilən yanaşma hesab edilmir. Ermənistanın müstəqillik dövrünün əvvəllərində formalaşmış hüquqi-siyasi sənədlərində, xüsusilə 1990-cı il Müstəqillik Bəyannaməsində əks olunan bəzi müddəalar Azərbaycan və Türkiyə ilə münasibətlər baxımından uzun müddətdir mübahisə mövzusudur.Paşinyan da Qarabağ məsələsinin başa çatdığını və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdikdən sonra Ermənistanın əvvəlki siyasi yanaşmalarla gələcəyə doğru irəliləyə bilməyəcəyini anlayır. Bu baxımdan o, yeni Konstitusiyanın qəbul edilməsini və “Real Ermənistan” konsepsiyasının həyata keçirilməsini vacib hesab edir.“Real Ermənistan” yanaşmasının mahiyyəti qonşu dövlətlərlə normal münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və ölkənin iqtisadi potensialının gücləndirilməsidir. Hesab edirəm ki, Ermənistanın regional blokadadan çıxması da məhz bu istiqamətdə atılacaq addımlardan asılıdır.Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdırarsa, regionda yeni iqtisadi və nəqliyyat imkanları yaranacaq. Artıq Azərbaycan ərazisi üzərindən Ermənistana yüklərin daşınması və iki ölkə arasında ticarət əlaqələrinin başlanması bu prosesin ilkin əlamətləri kimi qiymətləndirilə bilər. Lakin bunlar hələ başlanğıcdır.Hesab edirəm ki, Ermənistan yeni Konstitusiyanı qəbul edərək ərazi iddiaları ilə əlaqələndirilən müddəalardan imtina etdiyini aydın şəkildə nümayiş etdirərsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün də əlavə imkanlar yaranacaq. Bu baxımdan, Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişinin gələcəkdə təsdiqlənməsi və imzalanması prosesində Konstitusiya məsələsi mühüm amillərdən biri ola bilər".Digər tərəfdən, Paşinyan daxili siyasi mübarizədə də öz mövqeyini gücləndirməyə çalışır. O, müxalifətin fəaliyyətinin Ermənistanın milli maraqlarına xidmət etmədiyini cəmiyyətə göstərməyə çalışır. Müxalifət nümayəndələri, o cümlədən keçmiş rəhbərliklə bağlı hüquqi proseslər də ölkədəki siyasi qarşıdurmanın tərkib hissəsidir. Bu proseslərin gələcəkdə necə inkişaf edəcəyi Ermənistanın daxili siyasi vəziyyətinə təsir göstərəcək.Mənim qənaətimə görə, Paşinyan bu siyasət vasitəsilə həm ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirməyə, həm də öz hakimiyyətinin siyasi dayaqlarını möhkəmləndirməyə çalışır. Əgər yeni Konstitusiya qəbul edilərsə və Ermənistan qonşularla münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atarsa, bu, Paşinyanın daxili siyasi mövqeyinə də təsir göstərə bilər.Ümumilikdə, Ermənistanın yeni Konstitusiya məsələsi yalnız daxili hüquqi dəyişiklik deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, regional sülh və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məsələ Ermənistanın siyasi bəyanatlarını konkret addımlarla təsdiqləməsidir.

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər