Elçin Bayramlı
Özbəkistan hökuməti toylara dəvət olunan qonaqların sayının 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib. Həmçinin əlavə xərclərə səbəb olan ritualların keçirilməsi də qadağan edilib. Analoji qaydalar bir sıra başqa ölkələrdə də tətbiq olunur. Bəs toy mərasimlərinin tamamilə cızığından çıxdı, eybəcər şouya çevrildiyi, yas mərasimlərinin isə ifratçılıqla zəngin yemək-içmək məclisinə döndərildiyi Azərbaycanda da bu qaydaları tətbiq etmək olarmı? Cavab təbii ki, “bəli” olmalıdır. Çünki bir sıra məsələlər var ki, onları maarifləndirmə yolu ilə həll etmək olmur, yalnız inzibati üsullarla həll etmək olar.
Açıq şəkildə Azərbaycanda milli-mənəvi dəyərlərimizə terror gedir. Mədəniyyətimizə, məişətimizə, psixologiyamıza yad olan, tamamilə zidd olan, insanlarımıza zərər vuran tendensiyalar dəbə salınır. Fakt budur ki, dəbdəbə göstərişi və bəhsəbəs yarışı insanlarımıza sosial-maddi cəhətdən zərər vurur: Artıq çoxdandır ki, Azərbaycanda toy və yas mərasimləri həddindən artıq cızığından çıxıb, sifətini itirib. Bütün milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan eybəcər bir mərasim formasına gəlib. Bu birbaşa mənəvi deqradasiyanın göstərcisidir. İstər yas yeri, istər toy olsun- şouya çevrilib. Bu dəbdəbə, bəhsəbəs insanları kreditə, sələmə, borca salır. Belə mərasimlər heç bir tərəfə fayda gətirmir- nə toy və ya yas sahibinə, nə də qonaqlara. Yalnız bu işləri gəlir yerinə çevirən biznes obyektlərinə fayda verir.
İndiki biabırçı mərasimlərdə spirtli içkilər içərək dava salmaqdan, bir-birinə sataşmaqdan, sarsıdıcı səs terrorundan, dəhşətli bir israfçılıqdan tutmuş heç nə ürəkaçan deyil. Stolların üstü 3 mərtəbə 70 cür yemək içməklə doldurulur. Bu, dini cəhətdən də günahdır. Süfrəyə verilənlərin çoxu zay olub zibilliyə atılır. Nəticədə toylara yazılan pulun məbləği 100-200 manata qalxır. Təsəvvür edin ki, bir ölkədə minimum maaş 400 manatdır. Bir evə 1 ayda 3-4 dəvətnamə gəlir. Hər toya minimum 100 manat yazdırmalıdır. Bu ailə faktiki surətdə acından ölməlidir. Bu da sosial-mənəvi terrordur.
Təcrübə göstərir ki, biz bu məsələləri maarifləndirmə yolu ilə cəmiyyətə izah edə bilmirik. Ümumiyyətlə, bizim cəmiyyətdə heç bir sahədə, heç vaxt maarifləndirmə effekt verməyib. Yalnız inzibati üsullarla, hüquqi tənzimləmələrlə, normativlər qoymaqla, bu məsələləri yoluna qoymaq olar.
Son vaxtlar bəzi rayonlarda zəngin ehsan süfrələrinə, dəbdəbəli yas məclislərinə qadağa qoyulub. Bunu bütün ölkə ərazisində tamamilə qəti şəkildə tələb kimi qoyub tətbiq etmək lazımdır. Biz yas məclisinə qarnımıza çoxlu yeməklər doldurmaq üçün getmirik, əzizi vəfat edən yaxınımıza təskinlik verməyə, bu ağır gündə yanında olmaya gedirik. 2-3 saat yemək yeməsək heç nə olası deyil.
Hazırkı ifratçılıqla və zəngin süfrələrlə müşayiət olunan yas məclislərinin dinə zərrə qədər də aidiyyatı yoxdur, əksinə bu, din tərəfindən tamamilə qadağan edilir. Bugünkü toy mərasimlərinin də Azərbaycan xalqına, onun mədəniyyətinə zərrə qədər də aidiyyəti yoxdur. Tamamilə qeyri-mənəvi, qeyri-təbii, qeyri-milli bir mərasimdir. Bu sadəcə dəhşətli bir israfçılıq, yad musiqilərin, insanların hay-həşirinin müşayiətilə görməmişcəsinə yeyib-içmək, atılıb-düşmək mərasimidir. Belə toyların Azərbaycan mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Azərbaycan toyu 20 ildən çoxdur ki, sıradan çıxıb. Onun yerinə əcaib hoqqabazlıqlarla, hədsiz israfçılıqla, xarici mahnıların dəhşətli hay küyü ilə müşayiət olunan əcaib bir şou mərasimi gətirilib.
Toyun həngaməsi ziyafət şousu ilə də bitmir. Toy karvanında maşın yarışı, yolu kəsib pul almaq kimi saxta adətlər də var. İnsanları soğan qabığı kimi soyub çıxartmaqdan başqa heç nəyə yaramır.
Son vaxtlar toylarda Azərbaycan mahnılarına çox az rast gəlinir, hətta “Vağzalı”nı belə ləğv ediblər. Toylarda Avropa musiqisi və xarici mahnılar səslənir.
Əlbəttə, istisnalar da var. Tək-tük hallarda kimsə normal toy edir.
Əgər biz həqiqətən milli-mədəniyyətimizi, irsimizi, mənəvi dəyərlərimizi qorumaq istəyiriksə, bu işə dövlət əl qoymalıdır. Dövlət - necə ki, başqa ölkələrdə bunu edirlər- birbaşa standartlar müəyyənləşdirməlidir. Normativlər, konkret tələblər qoyulmalıdır və bunu pozanlar cəzalanmalıdır.
Bu biabırçılıqlara birdəfəlik son qoyulmalıdır. Jurnalistlər davamlı şəkildə bu məsələni aktuallaşdırmalıdır. Əgər biz azərbaycanlıyıqsa və bizim milli-mənəvi dəyərlərimiz varsa, bunun qarşısını almalıyıq. Məsələ tam düzələnə qədər bunun üzərinə gedilməlidir. Deputatların yaxasından yapışıb bu məsələləri parlamentdə müzakirəyə çıxarmaq və qanuna salmaq tələb olunmalıdır. Dövlətdən başqa bunun qarşısını alacaq qüvvə yoxdur.