Köşə

  • 6 199

Binalarda xidmət haqqı problemi: öz evində kirayə yaşamaq? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Şəhərlərdə çoxmənzilli binaların idarə edilməsi problemi həll edilmədi, əksinə, bu sahədə vəziyyət daha da gərginləşib. Bu sahədə 2 fərqli vəziyyət var. Köhnə binalar və yeni binalar. Sovet dövründə inşa edilmiş çoxmənzilli binalara icra hakimiyyətlərinin nəzdindəki mənzil-kommunal təsərrüfatı birlikləri xidmət göstərir. Onların göstərdikləri xidmətlər üzrə ödəniş məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə hesablanır.

Lakin sonradan tikilmiş yeni binalarda vəziyyət fərqlidir. Onların bir qisminə binanı tikən və idarəsini qanunsuz olaraq hələ də əlində saxlayan MTK-lar, bir qisminə bu sahədə ixtisaslaşmış şirkətlər (MMC), bir qisminə isə sakinlərin özlərinin yaratdığı və özlərinin idarə etdikləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) baxır.

MMMC-lərin idarə etdikləri binalarda problem yoxdur. Sakinlər xərcləri özləri hesablayır, yığır və işləri görür və ya gordürürlər. Burada elə bir narazılıq yaranmır.

MTK-lar və MMC-lərin idarə etdiyi binalarda isə müxtəlif problemlər var. Şirkətlər sakinlərin bəzilərinin pul ödəmədiyini qeyd edir və həmin sakinlərə bəzi problemlər yaradırlar. Sakinlər isə şirkətlərin yüksək qiymət təyin etdiyini və bunu ödəməyin çətin olduğunu deyirlər.

Belə binalarda xidmət haqqı 30 qəpikdən 2 manatadək dəyişir. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Ona görə də qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Bundan başqa, bir çox şirkətlər sakinlərə yığımlar və xərclər haqda dəqiq məlumat vermirlər. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməli və xidmətin keyfiyyəti yoxlanılmalıdır.

Qanuna görə, dövlət binanı istismara qəbul edildikdən sonra artıq oranı MTK idarə edə bilməz. Bu binalarda mənzil sahibləri özləri MMMC yaradıb işləri özləri görməli, ya da bu sahədə ixtisaslaşmış bir MMC-lə müqavilə bağlayıb işləri ona həvalə etməlidirlər.

Əgər çoxmənzilli binaların sakinləri yaratdıqları MMMC-nin və ya binaya xidmət göstərən MMC-nin xidmətlərindən narazıdırlarsa, yığıncaq keçirərək həmin müəssisədən imtina edə bilərlər və xidmətləri “JEK”lər (MİS) göstərə bilər. Mövcud qanunvericilik buna icazə verir.

Əsas narazılıq binalara xidmət göstərən MTK və MMC-lərin qoyduğu tariflə bağlıdır. Bakı üzrə orta tariflər hər kvadrata görə 50 qəpik - 1 manatdır. Şərti olaraq, 3 otaqlı- 100 kvadrat metrlik bir mənzili götürdükdə, bu 50-100 manat civarında vəsait edir ki, bu da əhalinin əksər hissəsi üçün yüksək məbləğdir.

Çox sayda işsiz, pensiyaçı, azmaaşlı sakinlər var ki, özlərinin xüsusi əmlakı olan şəxsi evində yaşamaq üçün niyə kiməsə pul ödəməliyəm deyə sual edir. Haqlı sualdır. Hər kəsin öz şəxsi əmlakında pul ödəmədən yaşamaq hüququ vardır. O yalnız, zəruri kommunal xidmətlərə- su, elektrik, qaz kimi təminatlar üçün məcburi vəsait ödəməlidir. Digər xidmətlər üçün belə bir məcburiyyəti yoxdur. Məsələn, aşağı mərtəbədə yaşayan sakin deyə bilər ki, mən liftdən istifadə etmirəm, mənzilimin qarşısını da özüm təmizləyəcəm, həyətdə əkdiyiniz ağacların və sair işlərin mənə dəxli yoxdur, mən niyə sizə pul ödəməliyəm? Öz evimdə kirayə yaşamalıyam?

Məntiqlə də, qanunla da sakin haqlıdır. Bu ödəmə yalnız könüllü razılıq əsasında ola bilər. Amma MTK və MMC-lər özbaşına olaraq xidmət haqqı ödəməyənlərin suyunu, elektrikini kəsir - halbuki bu, qanunla qadağandır. İş o yerə gəlib çatıb ki, illərlə mənzilində yaşamayan şəxsdən də xidmət haqqı tələb edirlər. Bu hansı məntiqə, hansı qanuna əsaslanır? Vətəndaşa göstərmədiyin xidmətin haqqını ondan necə tələb edə bilərsən?

Ona görə də, xidmət haqqı elə qoyulmalıdır ki, hamı ödəyə bilsin və narazılıq yaranmasın. Lakin yenə də bu haqqı ödəyə bilməyən sakinlər olacaq. Çünki işsizlərin də öz şəxsi mənzilində yaşamaq hüququ var və bu, məhdudlaşdırıla bilməz.

Vəziyyətdən çıxış yolu kimi, vahid tariflərin təyin edilməsi və bütün binaların MİS-lərə verilməsi təklif olunur. Hesab edirəm ki, bu təkliflər daha optimaldır və yaranmış qarışıqlıqları nizamlaya bilər.

Digər xəbərlər